| 
								
								Azərbaycan Bədən Tərbiyəsi və İdman 
								Akademiyasında bu tədris müəssisəsinin 
								yaradılmasının 80 illiyinə həsr edilmiş 
								təntənəli yığıncaq olmuşdur.  
								
								Ölkəmizin Dövlət himni ifa ediləndən sonra 
								Azərbaycanda idmanın və bədən tərbiyəsinin 
								inkişafı və akademiyanın bu sahədə xidmətləri 
								haqqında videoçarx nümayiş etdirilmişdir. 
								 
								
								Yığıncaqda çıxış edən ali məktəbin rektoru 
								Ağacan Abiyev qeyd etmişdir ki, Bədən Tərbiyəsi 
								və İdman Akademiyası Qafqazda bədən tərbiyəsi 
								sahəsində ali təhsilli kadrlar hazırlayan ilk 
								tədris müəssisəsidir. A.Abiyev bu ali məktəbin 
								təşəkkülündə ümummilli lider Heydər Əliyevin 
								müstəsna rolunu qeyd etmişdir.  
								
								Gənclər və idman naziri Azad Rəhimov 
								vurğulamışdır ki, bu gün Azərbaycanın ən qocaman 
								ali məktəblərindən biri öz yubileyini qeyd edir. 
								Bu tədris müəssisəsinin məzunları arasında 
								adları dünya idmanının tarixinə düşmüş məşhur 
								şəxslər çox olmuşdur. Nazir qeyd etmişdir ki, 
								ölkə Prezidenti İlham Əliyev akademiyanın 80 
								illiyi ilə əlaqədar tədbirlər keçirilməsi 
								haqqında sərəncam imzalamışdır. Bir neçə gün 
								bundan əvvəl akademiyanın əməkdaşlarının bir 
								qrupunun dövlət təltiflərinə layiq görüldüyünü 
								vurğulayan nazir qeyd etmişdir ki, ölkəmizin 
								idman ictimaiyyəti dövlət başçısının 
								idmançılara, bədən tərbiyəsi işçilərinə, idman 
								veteranlarına qayğısını daim hiss edir. 
								 
								
								Sonra akademiyanın əməkdaşlarının bir qrupunun 
								təltif edilməsi haqqında Azərbaycan 
								Prezidentinin sərəncamı oxunmuşdur. Azad Rəhimov 
								təltif edilənlərə dövlət təltiflərini təqdim 
								etmişdir.  
								
								Nazir akademiyanın rəhbərliyinə Milli Olimpiya 
								Komitəsinin prezidenti İlham Əliyevin xüsusi 
								diplomunu da təqdim etmişdir.  
								
								Daha sonra çıxış edən təhsil naziri Misir 
								Mərdanov, Bakı Dövlət Universitetinin rektoru 
								Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft 
								Akademiyasının rektoru Siyavuş Qarayev, 
								Azərbaycan Dövlət İqtisad Universitetinin 
								rektoru Şəmsəddin Hacıyev, respublikamızın və 
								xarici ölkələrin digər ali təhsil 
								müəssisələrinin nümayəndələri idman kadrlarının 
								yetişdirilməsində Azərbaycan Bədən Tərbiyəsi və 
								İdman Akademiyasının böyük rol oynadığını qeyd 
								etmişlər.  
								
								Bu gün Azərbaycan öz alimləri, mədəniyyət 
								xadimləri ilə bütün dünyada məşhurdur, lakin 
								ölkəmizin nüfuzunun ilbəil artmasında 
								idmançıların da böyük xidmətləri vardır, 
								planetin müxtəlif yerlərində idmançılarımızın 
								qazandığı qələbələr şərəfinə Azərbaycanın Dövlət 
								himni səslənir.  
								
								Akademiyanın əməkdaşları idmanın inkişafına daim 
								qayğı göstərdiyinə və dövlət təltiflərinə görə 
								Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür 
								etmişlər.   
								
								
								AzərTAc |