BDU-nun rektoru, akademik Abel Məhərrəmov
Yaponiyanın ölkəmizdəki səfiri Şusuki Vatanabeni
qəbul edib. BDU haqqında səfirə məlumat verən
rektor əsasən Yaponiya universitetləri ilə
əməkdaşlıqdan bəhs edib. Bildirilib ki, bu
ölkənin ali təhsil ocaqları, xüsusən də Qumma
Universiteti ilə BDU-nun sıx əməkdaşlığı var.
2000-ci ildən Şərqşünaslıq fakültəsində yapon
dili və ədəbiyyatı ixtisasının açıldığını
bildirən rektor, hazırda bu dil üzrə 37 bakalavr
və 2 magistrantın təhsil aldığını, ümumilikdə
isə indiyədək 61 bakalavr və 9 magistrin
hazırlandığını qeyd edib. Akademik Abel
Məhərrəmov tələbələrə dərsləri fakültənin
yetirmələri olan məzunların keçdiyini, BDU-da
yapon dili üzrə yeni elmi məktəbin
formalaşdığını səfirin diqqətinə çatdırıb.
Səfirlə görüşün münasibətlərə yeni impuls
olacağını vurğulayan rektor universitetlərarası
əməkdaşlığın genişləndirilməsində maraqlı
olduğunu diqqətə çatdırıb.
Rektor Abel Məhərrəmovun fikirləri ilə həmrəy
olan səfir Şusuki Vatanabeni Yaponiyada
azərbaycanlı tələbələrin sayının artırılmasında,
universitetlərarası əlaqələrin daha da
genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Sonda səfir Şərqşünaslıq fakültəsinin yapon dili
üzrə təhsil alan bir qrup tələbəsi ilə söhbət
edib, onların dili mənimsəmə səviyyəsindən və
hazırlıqlarından məmnun qalıb.
Pərvanə İBRAHİMOVA |