Dekabrın 14-də Təhsil Nazirliyində orta
məktəblərin IX-XI sinif şagirdləri və tələbələr
arasında keçirilmiş "Gələcək nəsillərlə üz-üzə"
III Ümumrespublika inşa müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi oldu.
Qeyd
edək ki, inşa müsabiqəsi Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi və "Minilliyin Layihəsi"nin
Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar
Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Mərasimdə adıçəkilən qurumların rəhbərləri,
"Qlobal Minillik Prizi" beynəlxalq müsabiqəsinin
təsisçisi və prezidenti, "Minilliyin
Layihəsi"nin Meksika üzrə bölməsinin rəhbəri
Konsepsion Olavarrieta, millət vəkilləri, Təhsil
Nazirliyinin məsul şəxsləri, ali məktəblərin
rektorları, tanınmış alim və ziyalılar, məktəb
direktorları, müəllimlər, valideynlər və KİV
təmsilçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir
Mərdanov iştirakçıları salamladı və bu layihənin
həyata keçirilməsində bir neçə dövlət qurumunun,
ictimai təşkilatın xüsusi rolu olduğunu qeyd
edərək onlara öz təşəkkürünü bildirdi.
"Gələcək nəsillərlə üz-üzə" III Ümumrespublika
inşa müsabiqəsi ilə bağlı məlumat verən təhsil
naziri diqqətə çatdırdı ki, ötən illərdən fərqli
olaraq bu il müsabiqədə orta məktəblərin IX-XI
sinif şagirdləri ilə yanaşı, tələbələr də
iştirak edib. Müsabiqəyə təqdim edilən inşa
yazıları "Minilliyin Layihəsi"nin 15 Qlobal
Çağırışına uyğun olaraq 15 mövzunu əhatə etmiş
və bu mövzuların seçimi sərbəst olmuşdur.
İnşa yazıların münsiflər heyəti tərəfindən
qiymətləndirilməsi nəticəsində bu il 657 şagird
və 423 tələbə mükafata layiq yerlər uğrunda
mübarizə aparmış, onların arasından 37 nəfəri
şagird, 21 nəfəri isə tələbə olmaqla cəmi 58
finalçı seçilmişdir.
Müsabiqədə paytaxtla yanaşı, ölkəmizin ayrı-ayrı
bölgələrində təhsil alan şagird və tələbələrin
iştirakını fərəhləndirici hal kimi dəyərləndirən
Misir Mərdanov bildirdi ki, Bakı şəhərindən 10,
Sumqayıtdan 5, İsmayıllıdan 4, Zərdab, Ağdam və
Hacıqabuldan 2, Quba, Tərtər, Qax, Zaqatala,
Neftçala, Lənkəran, Ağcabədi, İmişli, Kürdəmir
və Şamaxıdan 1 nəfər şagird qaliblər sırasında
yer tutub.
Tələbə finalçılardan Azərbaycan Dövlət İqtisad
Universitetindən 5, Bakı Slavyan
Universitetindən 3, Azərbaycan Dillər
Universitetindən 2, Azərbaycan Müəllimlər
İnstitutu, onun Qazax və Ağcabədi filialları,
Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət
Pedaqoji Universiteti, Azərbaycan Tibb
Universiteti, Milli Aviasiya Akademiyası,
Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan
Texnologiya Universiteti və Xəzər
Universitetindən isə 1 iştirakçı qalib adını
qazanmışdır.
Təhsil naziri çıxışının sonunda müsabiqə
qaliblərini təbrik edərək onlara gələcəkdə
yeni-yeni uğurlar arzuladı.
Sonra çıxış üçün söz Azərbaycan Futuroloqlar
Cəmiyyətinin sədri Reyhan Hüseynovaya verildi.
Öncə rəhbərlik etdiyi qurum haqqında məlumat
verən R.Hüseynova bildirdi ki, Azərbaycan
Futuroloqlar Cəmiyyəti "Minilliyin Layihəsi"nin
2006-cı ildə ölkəmiz üzrə açılmış 29-cu
bölməsidir. Ötən 4 il ərzində bu beynəlxalq
təşkilatın dünya üzrə daha 10 bölməsi fəaliyyətə
başlamışdır. Daha sonra "Gələcək nəsillərlə
üz-üzə" inşa müsabiqəsi haqqında danışan natiq
qeyd etdi ki, bu "Minilliyin Layihəsi"nin 15
Qlobal Çağırışı üzrə hər il Meksikada keçirilən
"Qlobal Minillik Prizi" beynəlxalq müsabiqəsinin
milli mərhələsidir. Ümumrespublika mərhələsinin
finalçıları və qalibləri beynəlxalq mərhələyə
getmək imkanı qazanırlar.
15 Qlobal Çağırış üzrə təşkil edilən inşa
müsabiqəsinin əsas məqsədi qlobal
dəyişikliklərdən irəli gələn tələblərə
uyğunlaşmaqla sağlam və münaqişəsiz gələcəyin
qorunub saxlanması və daha da yaxşılaşdırılması
üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsi,
qloballaşma şəraitində inkişaf edən Azərbaycan
gənclərinin dünyada baş verən müxtəlif
proseslərin bir-biri ilə əlaqəli olduğunu və
bunun özlərinin gələcəyinə təsir edəcəyini başa
düşməsidir.
R.Hüseynova hərtərəfli dəstək üçün müvafiq
dövlət qurumlarına təşəkkürünü bildirərək
azərbaycanlı gəncləri belə tədbirlərdə daha fəal
iştirak etməyə səslədi.
Sonra ötən illərdə Meksikada keçirilmiş
təntənəli mükafatlandırma mərasimlərindən
hazırlanmış videosüjet nümayiş etdirildi.
Tədbirdə çıxış edən rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov, Milli
Məclisin İnsan hüquqları komitəsinin sədri
Rəbiyyət Aslanova, "Qlobal Minillik Prizi"
beynəlxalq müsabiqəsinin təsisçisi və
prezidenti, "Minilliyin Layihəsi"nin Meksika
üzrə bölməsinin rəhbəri Konsepsion Olavarrieta
belə müsabiqələrin yüksək intellektə malik
gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf
etdirilməsində önəmli rolundan söz açdılar.
Mərasimin sonunda müsabiqə qaliblərinə diplom və
hədiyyələr təqdim olundu. Qaliblər adından çıxış
edənlər ölkəmizdə gənclərə göstərilən xüsusi
diqqət və qayğıya görə təşəkkürlərini
bildirdilər.
Hicran ƏKBƏROVA |