Xəbər verildiyi kimi, noyabrın 23-24-də
İtaliyanın Turin şəhərində Avropa Təlim Fondu
İdarəetmə Şurasının iclası keçirilib. İclasa
Avropa Birliyi ölkələri ilə yanaşı, Avropa
Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya üzv
seçilmiş 3 ölkə - Azərbaycan, Türkiyə və
İordaniyanın nümayəndələri də dəvət edilmişlər.
Ölkəmizi bu mötəbər tədbirdə Təhsil Nazirliyinin
Texniki peşə təhsili şöbəsinin müdiri Namiq
Məmmədov təmsil edib. Əməkdaşımızın səfərlə
bağlı N.Məmmədovla müsahibəsini qəzetimizin
oxucularına təqdim edirik.
- Namiq müəllim, istərdik ki, ilk öncə Avropa
Təlim Fondu haqqında məlumat verəsiniz...
-
Avropa Təlim Fondu Avropa İttifaqının təhsil
siyasətini həyata keçirən bir təşkilatdır.
1990-cı ildə Avropa İttifaqının təşəbbüsü ilə
yaradılmış Avropa Təlim Fondu 1994-cü ildən
rəsmi fəaliyyətə başlamışdır. Bu quruma Avropa
Birliyinin üzvü olan, o cümlədən Avropa
sərhədlərinin yaxınlığında yerləşən və Aİ-nin
önəm verdiyi ölkələr daxildir. Qeyd edək ki,
keçmiş sovet respublikalarının, demək olar ki,
hamısının ATF ilə əlaqələri mövcuddur.
Qətnamə İtaliyanın Turin şəhərində qəbul
olunduğuna görə daimi qərargahın burada
yerləşməsi qərara alınmışdır. Avropa İttifaqının
maliyyələşdirdiyi bu təşkilatın 130-a yaxın
rəsmi əməkdaşı fəaliyyət göstərir. Təşkilatın
rəhbəri təxminən 5 ildən bir keçirilən seçki
yolu ilə təyin edilir və həmin şəxs Avropa
Birliyinin təqdim etdiyi namizədlərin arasından
seçilir. Hazırda Avropa Təlim Fondunun icraçı
direktoru rumıniyalı Madlen Serbandır. O, uzun
müddət Avropa İttifaqının Rumıniyada həyata
keçirdiyi layihələrə rəhbərlik edib və bu
vəzifəni 2008-ci ildən icra edir.
Avropa Təlim Fondunun ayrı-ayrı ölkələrdə bir
sıra aktual məsələlərə həsr olunmuş tədbirləri,
konfrans və seminarları təşkil edilir. Maliyyə
və digər vacib məsələlərin müzakirə olunduğu
belə yığıncaqlar isə yalnız daimi qərargahda
keçirilir.
- Məlumdur ki, Azərbaycan postsovet məkanından
Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya
üzv seçilmiş yeganə ölkədir və yəqin ki, bunu
adi təsadüflə bağlamaq sadəlövhlük olardı. Bu
barədə nə deyə bilərsiniz?
- Niyə məhz Azərbaycanın üzv seçilməsi orada da
çox böyük maraq doğurdu. Əslində isə, bu
gözlənilməz olmadı. Çünki Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə Avropa
İttifaqı arasında sıx əməkdaşlıq əlaqələri
mövcuddur. Belə ki, bu müddət ərzində təhsilin
ayrı-ayrı pillələri, o cümlədən texniki peşə
təhsili sahəsinə dair birgə seminarlar, iclaslar
keçirilib. Avropa Təlim Fondunun dəstəyi və
mütəxəssislərinin iştirakı ilə Azərbaycanda peşə
təhsili sahəsində qanunverici bazanın
təkmilləşdirilməsi istiqamətində müəyyən
addımlar atılıb.
Biz bu təşkilatla əlaqələrimizi daha da
genişləndirməyə çalışır, qarşılıqlı əməkdaşlıq
şəraitində bir sıra tədbirlər həyata keçirir,
onların bütün tədbirlərində fəal iştirak edir və
öz fikrimizi bildiririk. Yəqin ki, bu aktiv
fəaliyyət qurum tərəfindən nəzərə alınıb.
Bundan əlavə, ölkəmizdə son illər aparılan
təhsil islahatı, baş verən demokratik
dəyişikliklər, həyata keçirilən sosial-iqtisadi
siyasət, ümumilikdə, Azərbaycanın Avropaya
inteqrasiyası istiqamətində görülən işlər də
Avropa İttifaqının diqqət mərkəzindədir. Yeri
gəlmişkən, qeyd edim ki, bu məsələ ölkəmizin
Brüsseldəki səfirliyində və Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyində də çox
əhəmiyyətli bir fakt kimi dəyərləndirildi.
- Səfər çərçivəsində hansı tədbirlərdə iştirak
etdiniz? Və ümumiyyətlə, səfər təəssüratlarınızı
bilmək istərdik...
- Avropa Təlim Fondunun İdarəetmə Şurasının bu
iclası 2010-cu ilin yekunlarına həsr olunmuşdu.
İclasda həmçinin 2011-ci il üçün fəaliyyət planı
təsdiq edildi və büdcənin ilkin təsdiqi oldu.
Məlumat üçün qeyd edim ki, ilkin təsdiqdən sonra
həmin sənəd Avropa Parlamentinin müzakirəsinə
çıxarılır.
Səfər müddətində İdarəetmə Şurasının iclasından
əlavə, tədbir çərçivəsində təhsildə sahibkarlıq
bacarıqlarının inkişaf etdirilməsi və təhsil
prosesində işqurma qabiliyyətlərinin yaradılması
mövzusunda 2 günlük seminarda da iştirak etdik.
Bu seminarda təhsilin çox aktual problemlərindən
bəhs edən 10-a yaxın təqdimat dinlənildi və
müzakirə olundu. Tədbir çox yüksək səviyyədə
təşkil edilmişdi, iştirakçıların öz vaxtlarını
maraqlı keçirmələri və mədəni istirahətləri üçün
hər cür şərait yaradılmışdı. Bu isə ayrı-ayrı
ölkələrdən gəlmiş nümayəndələr arasında səmimi
dostluq münasibətlərinin qurulmasına səbəb
olurdu.
- Təqdimatlarda daha çox hansı məsələlərə
toxunulurdu?
- Təqdimatlardan aydın oldu ki, bu gün bir çox
ölkələrin təhsil müəssisələrində dinləyicilərə
nəzəri biliklərdən daha çox praktik biliklərin
aşılanmasına ehtiyac vardır. Onlar bilavasitə
istehsal, xidmət, iş prosesi ilə yaxından tanış
olmalıdırlar.
Təhsil müəssisələri mütləq əmək bazarı ilə,
işəgötürən təşkilatlarla qarşılıqlı əməkdaşlıq
şəraitində fəaliyyət göstərməlidir. Onların
tələbatlarını öyrənməmiş kurikulumların
hazırlanması, ixtisasların planlaşdırılması
təhsilin nəticəsizliyinə aparır. Sahibkarlıq
subyektləri təkcə tədris prosesinin
formalaşmasında deyil, təhsil müəssisəsinin
gələcək fəaliyyətinin müəyyən edilməsində də
birbaşa iştirak etməlidir.
Bu gün bir çox Avropa Birliyi, eləcə də Avropaya
inteqrasiya edən ölkələrdə tədris olunan
ixtisaslar, öyrədilən peşələrlə onların
tələbyönümlülüyü arasında uyğunsuzluğun mövcud
olması problemi var. Əmək bazarında hər hansı
bir peşənin kəmiyyət və keyfiyyət göstəriciləri
təhlil olunmur.
Təqdimatların sonunda həmin ölkələrdə tədris
prosesində bu kimi məsələlərə xüsusi diqqət
yetirilməsinin, ali, orta ixtisas və peşə
təhsili müəssisələrinin sahibkarlıq subyektləri
ilə əlaqələrinin möhkəmlənməsinin zəruriliyi
vurğulandı. Qeyd olundu ki, yaradılmış
standartlar, kurikulumlar əmək bazarına
istiqamətlənməli, praktik vərdiş və bacarıqlar
aşılanmalıdır.
Təqdimatlarda toxunulan digər bir maraqlı məsələ
də diqqəti cəlb edirdi. Hazırda Avropada və
bütün dünyada belə bir tendensiya formalaşıb:
Təhsil müəssisələrində elə praktik biliklər
aşılanmalıdır ki, sonda müəyyən bir məhsulun
hazırlanmasına və iş qurmağa imkan yaratsın.
Məsələn, Serbiyanın Tibb Universitetinin
təqdimatında son illər bu müəssisənin
fəaliyyətində baş verən dəyişikliklərdən bəhs
olundu. Verilən məlumata görə, həkimlərə öz
sahələri üzrə praktik bacarıqlarla yanaşı,
marketinq, sahibkarlığın əsasları, tibbin yeni
sahələri, əczaçılıq biznesi, təhsil
müəssisələrinin idarə edilməsi və s. əlavə
ixtisaslar da öyrədilir.
Əsas məsələ burasındadır ki, reşə təhsili
müəssisələrini bitirən şəxslər elə bilik,
bacarıq və təcrübəyə malik olsunlar ki, məzun
olduqları təqdirdə təkcə iş axtarmasınlar,
həmçinin özləri də iş qurmağı bacarsınlar.
- Namiq müəllim, siz Azərbaycanın Avropa
Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya üzv
seçilməsinin böyük əhəmiyyət kəsb etdiyini
bildirdiniz. Bu, özünü daha çox nədə büruzə
verəcək?
- Ölkəmizin Müşahidəçi Şuraya üzv seçilməsi
Avropa Təlim Fondu ilə əlaqələrin möhkəmlənməsi
üçün geniş imkanlar açır. Bu təşkilatın
rəsmiləri 2011-ci ildən başlayaraq Azərbaycanda,
xüsusən, peşə təhsili sahəsində milli ixtisas
çərçivəsinin hazırlanması, birgə layihələrin
icra edilməsi, ekspert dəstəyinin göstərilməsi
istiqamətdə fəaliyyət göstərəcəklər. Artıq bu
sahədə qanunverici bazanın təkmilləşdirilməsi
ilə bağlı bir sıra mühum addımlar atılıb.
ATF-in direktoru Madlen Serbanla görüşdə o,
Azərbaycanda həyata keçirilən təhsil islahatını
çox diqqətlə izlədiyini söylədi. Qeyd etdi ki,
məhz resrublikamızın Müşahidəçi Şuraya üzv kimi
seçilməsinə Təhsil Nazirliyinin beynəlxalq və
yerli qeyri-hökumət təşkilatları ilə birgə
səmərəli əlaqələrə malik olması da böyük təsir
göstərmişdir. Bundan əlavə, xanım Madlen Serban
ölkəmizə səfər edərək bu əlaqələrin
genişlənməsinə çalışacağını bildirdi.
Sonda onu qeyd edim ki, Müşahidəçi Şuranın üzvü
kimi biz bu qurumun gördüyü bütün işlərdə
birbaşa iştirak edəcəyik və təkliflərimizlə
onların fəaliyyətinə təsir göstərmək imkanımız
olacaq.
- Maraqlı müsahibə üçün sağ olun.
Hicran ƏKBƏROVA |