Əsası 1929-cu ildə qoyulmuş Azərbaycan
Müəllimlər İnstitutu 2000-ci ilə qədər pedaqoji
kadrların ixtisasının artırılması və
təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmişdir.
2000-ci ildə həmin institutun bazasında
ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə
12 regional filiala malik olan Azərbaycan
Müəllimlər İnstitutu yaradılmışdır (Naxçıvan
filialı sonralar müstəqil instituta
çevrilmişdir). AMİ-də əlavə təhsillə məşğul
olmaqla yanaşı, bir sıra pedaqoji ixtisaslar
üzrə tələbə qəbulu həyata keçirilmiş, həmin
ixtisaslara uyğun olan kafedralar
yaradılmışdır.Burada bakalavr, magistratura və
doktorantura pillələri əsasında pedaqoji
kadrların yüksək hazırlığı prosesi
formalaşmışdır.
2005-ci
ilin mart ayında professor Aqiyə Naxçıvanlının
instituta rektor təyin olunması AMİ-nin bütün
həyatında böyük islahatların və müsbət
yeniliklərin həyata keçirilməsinə səbəb
olmuşdur.
İnstitutda professor A.Naxçıvanlının şəxsi
təşəbbüsü ilə ümummilli liderimiz Heydər Əliyev
haqqında zəngin material toplanılmış və "Heydər
Əliyev Mərkəzi" yaradılmışdır. Dahi rəhbərimizin
bütün həyat və fəaliyyətini öz eksponatlarında
əks etdirən bu mərkəz tələbə və müəllimlərin
örnək məktəbinə çevrilmişdir. İlin bütün
aylarında respublikamızın müxtəlif rayon, şəhər
təhsil şöbələrindən ixtisasartırma təhsilinə
gələn pedaqoji kadrlar da bu mərkəzdə olur və
ümummilli lider haqqında tarixi məlumatlar əldə
edə bilirlər. Yaradılmış beynəlxalq əlaqələr
nəticəsində institutun qonağı olan bir çox
xarici ölkələrin nümayəndələri də bu mərkəzi
ziyarət edir və ürək sözlərini rəy kitabında
qeyd edirlər.
Burada təhsil prosesinin bütün sahələrində
müasir tələblərə cavab verə bilən maddi-texniki
baza yaradılmış, ayrı-ayrı fənn kabinetləri,
əlavə təhsil üzrə kabinetlər müasir tipli
texniki vasitələrlə təchiz olunmuşdur.
İnstitutun yataqxanası əsaslı təmir olunaraq
bütün kommunal şəraiti olan otel tipli
yataqxanaya çevrilmişdir. Əksər sinif otaqları
İKT avadanlıqları ilə təchiz olunmuşdur.
İnstitutda ibtidai təhsilin pedaqogikası və
metodikası, Azərbaycan dili və ədəbiyyat,
riyaziyyat, informatika, fizika, xarici dillər,
tarix, fəlsəfə, coğrafiya, psixologiya,
pedaqogika, idarəetmə, ekologiya, təhsilin
əsasları və s. fənlər tədris olunur. Bu fənlərin
tədrisi prosesində İKT avadanlıqlarından geniş
istifadə edilir.
Ümumiyyətlə, Azərbaycan Müəllimlər İnstitutunda
təhsilin məzmununa, onun keyfiyyətinin
artırılmasına son 5 ildə xüsusi diqqət
yetirilmişdir. Müvafiq təhsil qanunvericiliyinə
uyğun olaraq tədris plan və proqramları müntəzəm
şəkildə dəyişdirilmiş, onlara təhsildə baş verən
yeniliklər və yeni təlim texnologiyaları,
Boloniya prosesi, kurikulum, fəal və interaktiv
təlim üsulları, klinik müşahidə və s. daxil
edilmişdir. 2010-2011-ci tədris ilində əlavə
təhsilə aid 63 kateqoriya üzrə yeni
tədris-tematik plan hazırlanaraq çap
edilmişdir. Yeni hazırlanmış tədris-tematik
planlar AMİ-nin 11 filialına da göndərilmişdir.
Həmin tədris-tematik planlar pedaqoji sahəyə aid
bütün kateqoriyaların və rəhbər kadrların
ixtisasartırma təhsilini əhatə etsə də, təhsildə
dinamik şəkildə baş verən yeniliklərlə bağlı
onlarda ardıcıl olaraq yeniləşmə aparılır. Əlavə
təhsil sahəsində dinləyicilərin arzu və
istəkləri sorğu anketləri vasitəsilə öyrənilir.
Onların istəklərindən irəli gələn tələbatı
ödəmək üçün tədris-tematik planda 6 arzu saatı
ehtiyatı nəzərdə tutulur.
AMİ-də
bütün kateqoriyalar üzrə ixtisasartırma
təhsilinin planlaşdırılmasına xüsusi diqqət
yetirilir. Belə ki, hər il aprel ayında cari
tədris ilində ixtisasartırmanın vəziyyəti
fakültə dekanlığının və əlavə təhsillə məşğul
olan kabinetlərin əməkdaşları ilə birlikdə geniş
təhlil olunur. Həmin vaxt çətinliklər,
nöqsanlar, problemlər araşdırılır, imkanlar,
tələblər müəyyənləşdirilir və növbəti tədris ili
üçün bütün kateqoriyaların ixtisasartırma
təhsilini təşkil etmək məqsədilə xüsusi qrafik
tərtib olunur. Hazırlanan qrafik çoxaldılaraq
müqavilələrlə birlikdə ali, orta ixtisas, peşə
təhsili müəssisələrinə, rayon (şəhər) təhsil
şöbələrinə göndərilir. Hər il təkcə AMİ-də 4500
nəfərə yaxın təhsil işçisinin ixtisasartırmaya
cəlb olunması proqnozlaşdırılır.
Azərbaycan Müəllimlər İnstitutunda əlavə
təhsilin təşkili ilə İxtisasartırma və
yenidənhazırlanma fakültəsinin dekanlığı, Əlavə
təhsilə xidmət, Təhsildə innovasiyalar
kabinetləri, Proqnozlaşdırma və araşdırmalar
mərkəzi məşğul olur.
Məlum olduğu kimi, ixtisasartırma təhsilinin
əsas məqsədi müəllimlərin peşəkarlıq
səviyyəsinin inkişaf etdirilməsindən, təhsildə
baş verən yeniliklərin öyrədilməsindən
ibarətdir. Bu baxımdan, ixtisasartırma
təhsilində mühazirə aparan professor-müəllim
heyətinin tərkibinə də xüsusi diqqət yetirilir.
AMİ-də hər il pedaqoji sahədə çalışan müxtəlif
kateqoriyalar üzrə 4500 nəfər mütəxəssis
ixtisasartırma və yenidənhazırlanma təhsilinə
cəlb olunur. Onların əlavə təhsili prosesini
daha yaxşı təşkil etmək üçün ölkəmizin tanınmış
akademikləri, professorları və yüksək hazırlıqlı
mütəxəssisləri dəvət edilir.
Bütün yuxarıda qeyd olunan məsələlərlə yanaşı,
əlavə təhsilin müasirləşdirilməsi və
yeniləşdirilməsi məqsədilə daim axtarışlar
aparılır. İnstitut rəhbərliyi dövlətin təhsil
sahəsində apardığı siyasəti bəyənir və müdafiə
edir. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 6 sentyabr 2010-cu il tarixli qərarı
ilə "Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq sənədin verilməsi qaydası"
müəyyənləşdirildi. Həmin qərara uyğun olaraq
Təhsil Nazirliyinin 4 oktyabr 2010-cu il
tarixli, 1297 nömrəli əmri ilə hökumətin qərarı
elan edilmişdir. Qərarın tələblərinə uyğun
olaraq Azərbaycan Müəllimlər İnstitutunda geniş
müzakirələr keçirilmiş və konkret tədbirlər
müəyyənləşdirilmişdir.
Azərbaycan Müəllimlər İnstitutunun rektorluğu
beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq
üçün dünyanın bir çox təhsil müəssisələri ilə
əməkdaşlığın səmərəli təşkilinə xüsusi diqqət
yetirir. Dünyanın ayrı-ayrı təhsil müəssisələri
ilə təcrübə mübadiləsi aparılır. Son dövrlərdə
Fransa, Türkiyə, Rusiya və başqa dövlətlərin
təhsil müəssisələri ilə işgüzar əlaqələr
yaradılmışdır.
Fransa ilə əlaqələr
Azərbaycan Müəllimlər İnstitutu ilə Fransanın
Versal Akademiyasının Universitet tipli
Müəllimlər İnstitutu arasında əməkdaşlığa dair
müqavilə imzalanmışdır. Fransanın ölkəmizdəki
səfirliyinin dəstəyi ilə Sürix Müəllim
İnstitutunun professoru xanım Matin Çanq Jorjun
iştirakı ilə Azərbaycan Müəllimlər İnstitutunda
fransız dilini tədris edən müəllimlərin
təkmilləşdirilməsi üçün "Fransız dilinin
kommunikativ metodla tədrisində yaradıcılıq"
mövzusunda staj-kurs keçirilmişdir. Daha sonra
isə "Xarici dillərin öyrənilməsində İnternetdən
istifadə", "Fransız dilinin tədrisində
televiziyadan necə istifadə etmək", "Fransız
dilinin ibtidai məktəbdə tədrisi", "Xarici
dillərin avtonom öyrənilməsi üçün kompüter
proqramlarından istifadə" və digər mövzularda
seminarlar təşkil olunmuşdur.
2010-cu ilin əvvəllərindən AMİ ilə Fransanın ali
təhsil müəssisələri arasında elmi əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində yeni mərhələ
başlanmışdır. 2010-cu il aprel ayının 4-dən
11-dək Fransa Respublikası Versal Akademiyası
İUFM nəzdində universitet tipli Müəllimlər
İnstitutunun dəvəti ilə AMİ-nin bir qrup
əməkdaşı Fransa təhsil sisteminin strukturu, iş
prinsipi, bakalavr pilləsində təhsilin məzmunu,
təşkili, idarə olunması və qiymətləndirmə
sistemi, xüsusilə də bu ölkənin
universitetlərində pedaqoji kadrların
diplomdansonrakı əlavə təhsilinin təşkili
məsələsi üzrə iş təcrübəsi ilə tanış olmaq üçün
bu ölkədə səfərdə olmuşdur.
2010-cu ilin iyun ayında Azərbaycan Müəllimlər
İnstitutunun dəvəti ilə Fransanın Serje-Pontuaz
Universiteti (UCP) Versal Akdemiyasının
Universitet tipli Müəllimlər İnstitutunun
direktoru Jan-Pier Şövalye və Beynəlxalq
Əlaqələr üzrə direktoru Lilian Lö Pözan
institutun qonağı olmuşlar. Səfərin sonunda hər
iki təhsil müəssisəsi arasında birgə əməkdaşlıq
haqqında müqavilə imzalanmışdır.
Hər an inkişafa doğru sürətlə irəliləyən AMİ ilə
Fransa universiteti arasında yeni bir görüş
təşkil olundu. Fransa Respublikası Serje-Pontuaz
Universiteti Versal Akademiyasının Universitet
tipli Müəllimlər İnstitutunun (Universite de
Cergy-Pontoise IUFM de lTacademie de Versailles)
nümayəndə heyəti noyabrın 21-28-də Azərbaycan
Müəllimlər İnstitutunun qonağı olub.
Səfərin əsas məqsədi iki ali təhsil ocağı
arasında qurulmuş əməkdaşlıq əlaqələrinin
möhkəmləndirilməsi, inkişafı, Azərbaycan ali
təhsil sisteminin strukturu, fəaliyyət
istiqamətləri, pedaqoji kadrların fasiləsiz
təhsili, əsasən də ixtisasartırma sahəsində
araşdırma aparmaq, təcrübə və innovasiyalarla
tanış olmaqdır. AMİ-nin maraqları isə Fransa
təcrübəsindən bəhrələnərək institutda tədrisin
səviyyəsini daha da təkmilləşdirməkdən
ibarətdir.
Bu günlərdə Versal Akademiyasının nəzdində
Universitet tipli Müəllimlər İnstitutunun
əməkdaşları institutumuzda işgüzar səfərdə
olmuşlar. Qonaqların səfərinin məqsədi əlavə
təhsildə yeniliklərin qarşılıqlı öyrənilməsi və
tətbiq edilməsi ilə bağlı idi.
Səfər qonaqların öncə Fəxri xiyabanda xalqımızın
ümummilli lideri Heydər Əliyevin və görkəmli
oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını və
daha sonra Şəhidlər xiyabanını ziyarəti ilə
başlanmışdır.
Qonaqlar AMİ-nin müəllim və tələbələri ilə
görüşmüş və hər iki tərəfi maraqlandıran
mövzularda fikir mübadiləsi aparmışlar. Görüşdə
Fransa universitetləri ilə AMİ arasında geniş
əlaqələrin inkişafının zəruriliyi qeyd
olunmuşdur. Proqramda qonaqların ixtisasartırma
təhsilinin müəllim və dinləyiciləri,
metodkabinetlərinin əməkdaşları və
ixtisasartırma təhsilinə cəlb olunmuş
müdavimlərlə görüş də nəzərdə tutulmuşdur.
Fransalı qonaqlar ixtisasartırma və
yenidənhazırlanma təhsilində dərslərdə iştirak
etmişlər. Daha sonra onların AMİ-nin Gəncə və
Qazax filiallarına səfəri təşkil olunmuşdur.
Gəncə səfərində qonaqlar Nizami Gəncəvinin
məqbərəsini və Cavad xanın qəbrini ziyarət
etmişlər. Qonaqlar hər iki filialda "dəyirmi
masa" arxasında müəllim və tələbə heyəti ilə
görüşmüş, fikir mübadiləsi etmiş və
diskussiyalar aparmışlar.
Almaniya ilə əlaqələr
Almaniyanın ali təhsil ocaqları ilə hələ 1997-ci
ildən əlaqələr saxlanılır. Alman dili
müəllimlərinin təkmilləşdirilməsi məqsədilə
"Almaniya dönüşdən sonra", "Alman dilinin
tədrisi metodikası", "Orta ümumtəhsil
məktəblərində alman dilinin tədrisi", "Orta
ümumtəhsil məktəblərində kommunikativ alman dili
dərsi" və digər mövzularda metodik seminarlar
təşkil olunmuşdur. 2002-ci ildə isə Azərbaycan
Müəllimlər İnstitutunun rayonlarda fəaliyyət
göstərən alman dili müəllimləri üçün Tiflis
şəhərində yerləşən Höte İnstitutu və Almaniya
Federativ Respublikasının səfirliyi tərəfindən
elmi-metodik seminar keçirilmişdir. Hazırda
DVV-international Almaniya Xalq Universitetləri
Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu ilə
birgə layihələr işlənilir.
ABŞ ilə əlaqələr
2008-ci ildə Amerika səfirliyinin xətti ilə
AMİ-nin ingilis dili müəllimləri üçün "İngilis
dilinin öyrənilməsi" mövzusunda treninq təşkil
olunmuşdur. İnstitut həmçinin Beynəlxalq Təhsil
üzrə Amerika Şurası (ACCELS) və ABŞ Dövlət
Departamentinin Təhsil və Mədəniyyət üzrə
Bürosunun təqdim etdiyi ali məktəblərdə çalışan
müəllimlərin təhsil və təcrübəsinin
artırılmasına yönəlmiş JFDP (Junior Faculty
Development Programm) proqramına qoşulub.
Hazırda Nebraska Lincoln Universiteti ilə
imzalanmış əməkdaşlıq memorandumuna əsasən birgə
layihələrin həyata keçirilməsinə dair danışıqlar
aparılır.
İngiltərə ilə əlaqələr
Azərbaycan Respublikası Təhsil Nazirliyi və
"British Council" arasında imzalanmış qarşılıqlı
anlaşma memorandumuna əsasən 2007-2008-ci illər
ərzində İNSETT (müəllimlərin təkmilləşdirilməsi)
layihəsi həyata keçirilmiş və bu layihəyə
institutun bütün filiallarından ingilis dili
müəllimləri cəlb olunmuşdur. 2009-cu tədris
ilinin sonunda AMİ-də "British Council"in
Azərbaycan üzrə direktoru Nikol Le Os de Lalüvye
və qurumun ölkəmizdə proqramlar üzrə meneceri
Gülşən Hüseynovanın iştirakı ilə İNSETT layihəsi
müdavimlərinin hesabat konfransı keçirilmişdir.
AMİ ilə daim sıx əməkdaşlıq edən "British
Council" 2010-2011-ci illərdə bir sıra
layihələrin həyata keçirilməsini də
planlaşdırır.
Türkiyə ilə əlaqələr
21-27 dekabr 2009-cu il tarixindən AMİ-nin
əməkdaşları Türkiyənin Ankara və İstanbul
şəhərlərinin ali təhsil müəssisələri - Ortadoğu
Texniki Universiteti, Hacəttəpə, İstanbul,
Mərmərə, Boğaziçi universitetlərində və özəl
liseylərdə səfərdə olmuşlar, qarşılıqlı
əməkdaşlıq əlaqələrini nəzərdə tutan bir sıra
rəsmi sənədlər imzalanmışdır. Hazırda AMİ
İstanbul və Ankara universitetləri ilə anlaşma
memorandumu əldə edib və həmin sənədlərə əsasən
əməkdaşlıq layihələri üzrə danışıqlar aparılır.
Rusiya ilə əlaqələr
AMİ həmçinin İxtisasartırma və Təhsil
işçilərinin Peşəkarlığının Yenidən hazırlanması
Akademiyası ilə əməkdaşlıq edir. Hazırda Rusiya
Dövlət Humanitar Universiteti ilə əməkdaşlığa
dair memorandum hazırlanmaqdadır. Eyni zamanda
AMİ-də Rus dili mərkəzinin açılmasına dair RDHU
ilə birgə layihə işlənilir.
AMİ BMT-nin Minilliyin İnkişaf Prinsiplərini
dəstəkləyən Akademik İmpuls proqramına qoşulmuş
ilk institutlar sırasındadır. AMİ UNEVOC-un
(BMT-nin nəzdindəki peşəkar-texniki təhsil
sahəsində mərkəz) Azərbaycandakı mərkəzi
sayılır. İnstitut UNEVOC-la birgə AMİ-nin
əməkdaşlarından mobil treninq qrupların xarici
universitetlərin təcrübəsi əsasında hazırlanması
barədə layihənin həyata keçirilməsi üçün
danışıqlar aparır.
AMİ beynəlxalq tələbə şəbəkəsi olan ISIC ilə
əməkdaşlıq edir. AMİ-nin tələbələri üçün
şəbəkənin fəaliyyətini əks etdirən məlumatların
təqdimatı keçirilmişdir.
AMİ-nin tələbələri Azərbaycan Tələbələr
İttifaqının fəal üzvləridir, bu yaxınlarda isə
Avropa Tələbələr İttifaqının üzvü olmuşlar.
İttifaq tərəfindən AMİ-nin tələbələri ilə
mütəmadi görüşlər və birgə mədəni layihələr
həyata keçirilir.
Azərbaycan Müəllimlər İnstitutu həmçinin
ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq
təşkilatların nümayəndəlikləri ilə də sıx
əməkdaşlıq edir. İnstitut Dünya Bankı,
Beynəlxalq Qırmızı Xaç Komitəsi, Norveç Qadınlar
Şurası, İSESKO, YUNESKO, SOROS, İREX, Beynəlxalq
Xilasetmə Komitəsi və başqa beynəlxalq
qurumlarla müəllimlərin təkmilləşdirilməsinə
yönəlmiş ortaq layihələr həyata keçirir.
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq
əlaqələri çərçivəsində ixtisasartırma təhsilinin
müəllimləri və dinləyiciləri ilə fikir
mübadiləsi aparılması və əməkdaşlıq edilməsi
günün tələbidir. Bu əməkdaşlığın
genişləndirilməsi üçün birgə layihə işlənilir
ki, həmin layihəyə Avropanın digər ali təhsil
müəssisələrinin də qoşulması planlaşdırılmışdır.
Bu layihənin həyata keçirilməsi üçün
Azərbaycanda Milli Tempus Ofisinin rəhbəri
Pərviz Bağırovla görüş keçirilmişdir.
Bu yazıda Azərbaycan Müəllimlər İnstitutunda son
5 ildə beynəlxalq əlaqələr çərçivəsində görülmüş
işlərin müəyyən qismi haqqında məlumat verildi.
Gələcəkdə dövlətimizin təhsil siyasətinin
inkişafı naminə daha mükəmməl layihələrin həyata
keçirilməsi üçün məqsədyönlü işlər aparılacaq.
Rahim ƏZİZOV,
AMİ-nin əlavə təhsil üzrə prorektoru,
Nigar SULTANOVA,
AMİ-nin beynəlxalq əlaqələr üzrə prorektoru |