Azərbaycan Dövlət İqtisad Universitetində peşə
yönümünü seçmək istiqamətində orta məktəb
şagirdləri ilə keçirilən görüşlər artıq ənənə
halını alır. Bu, həyatda öz yolunu axtaran və
gələcəkdə yiyələnəcəyi ixtisası dəqiq seçmək
istəyən gənclər üçün faydalıdır.
Məhz bu baxımdan ADİU-nun rəhbərliyi
məktəblilərlə keçirilən görüşlərə, "açıq qapı"
günlərinə diqqətlə yanaşır.
Bu günlərdə Ağdaş özəl türk liseyinin şagirdləri
ADİU-nun qonağı olublar. Ali təhsil almaq üçün
ikinci ixtisas qrupunu seçən məktəblilərə
universitetin təhsil sistemi haqqında geniş
məlumat verildi. Onlar müxtəlif kafedralarda,
tələbə auditoriyalarında oldular.
Ağdaş özəl türk liseyinin müəllimi Emil Şabanov
belə hesab edir ki, bu ekskursiya lisey
şagirdlərinə birgünlük də olsa özlərini
universitet tələbəsi kimi hiss etməyə imkan
verdi. Onlar universitetin müəllimləri ilə
görüşdülər, tələbələrlə ünsiyyətdə oldular,
təhsil prosesi haqqında ilkin məlumatları əldə
etdilər. Eyni zamanda universitetdə müasir
iqtisad elminin meqoiqtisadi problemlərin həlli
yönümündə aparılan tədqiqat və araşdırmalarla
ümumi tanış oldular. Lisey şagirdləri dünyada ən
maraqlı və perspektivli ixtisasın müxtəlif
istiqamətləri ilə tanış olduqlarına sevindilər.
Rəşad ZİYADOV |