Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - ¹ 49

 
Dünya universitetləri:

Heydelberq Universiteti

Bookmark and Share
  Yerləşir:

Almaniya, Heydelberq şəhəri

 
Yaranma tarixi: 1386-cı il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 12399 nəfər
Tələbələrin sayı: 28266 nəfər
İllik büdcəsi: 603,8 milyon avro
Rəsmi saytı: www.uni-heidelberg.de

Ruprext Karl Heydelberq Universiteti (almanca Ruprecht-Karls-Universitat Heidelberg) Almaniya Federativ Respublikasının beşinci ən böyük şəhəri olan Heydelberq şəhərində yerləşir. Bu ali təhsil müəssisəsi Müqəddəs Roma imperiyasında yaranmış dördüncü, Almaniyada isə ən qədim universitetdir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən Heydelberq Universiteti 100 ən yaxşı ali məktəb arasında 57-ci yerdə olub. 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən Heydelberq Universiteti 83-cü yerdə, "QS World University Rankings"in açıqlamasına görə isə 51-ci yerdədir.

Heydelberq Universiteti Avropa Tədqiqat Universitetləri Liqasının, Avropa Universitetləri Assosiasiyasının, Koimbra qrupunun (Avropanın 39 universitet şəbəkəsinin) üzvüdür. 

Tarixi 

1378-ci ildə xristianlığın iki qolu arasında baş verən parçalanmadan və papa XI Qreqorinin ölümündən sonra iki papa seçilir. Onlardan biri Avinyonda (fransızlar tərəfindən seçilmiş), digəri isə Romada (italyanlar tərəfindən seçilmiş) fəaliyyət göstərir. Bu zaman almanlar Romada fəaliyyət göstərən papa VI Urbanı dəstəkləyirlər. Kurfürst (feodal Almaniyada imperator seçmək hüququna malik olan nüfuzlu knyaz) I Ruprext papa VI Urbanın yaxın adamları ilə danışıqlar apararaq universitet fondunun yaradılması haqqında papa bullası (papa tərəfindən möhürlənmiş sənəd) almağa nail olur. 1385-ci il oktyabrın 23-də papa VI Urban məktəb (lat. Studium Generale) yaradılmasına icazə verir, 1386-cı il iyunun 26-da isə I Ruprext universitet yaradılması haqqında əmr imzalayır. Papanın nizamnaməsində göstərildiyi kimi, yeni universitet Paris Universitetinə uyğun yaradılır və dörd fakültədən (fəlsəfə, ilahiyyat, hüquq və tibb) ibarət olur.

1386-cı il oktyabrın 18-də xüsusi Papa messası (katolik ibadətlərindən birinin adı və bu ibadət zamanı çalınan musiqi) altında Heydelberq şəhərində Almaniyanın ilk universitetinin açılışı baş tutur. Universitetin ilk rektoru orta əsrlər filosofu İngenli Marsilius təyin edilir. Universitet sürətlə inkişaf etməyə başlayır və artıq 1390-cı ildə burada 185 tələbə təhsil alırdı.

XV əsrin sonunda universitetin rektoru yepiskop İohann fon Dalberqin təşəbbüsü ilə burada humanizm mədəniyyəti tədris edilir. Heydelberq Universitetində Alman humanizm məktəbinin yaradıcılarından Rudolf Aqrikola, Konrad Setls, Yakob Uimpfelinq, İohann Reyxlinin adlarını qeyd etmək olar.  1482-ci ildə papa IV Sikst ruhani olmayan və evli şəxslərin papanın razılığı ilə universitetdə adi tibb professoru vəzifəsinə təyin olunmasına, 1553-cü ildə isə papa III Yulius kilsə gəlirindən ruhani olmayan professorlara vəsait ayrılmasına icazə verir.

Martin Lüterin disputları 1518-ci ilin aprelində universitetdə böyük əks-səda doğurur, onun müəllim və alimlər arasından olan tərəfdaşları tezliklə Almaniyanın cənub-qərbində Reformasiya hərəkatının aparıcı quvvələrinə çevrilirlər. 1563-cü ildə Heydelberq Universitetinin İlahiyyat məktəbinin əməkdaşları Heydelberq katexizisi (xristianların sual-cavab şəklində olan şəriət kitabı) hazırlayırlar. XVI əsrdə humanizmlə yanaşı, universitetdə Kalvinizm cərəyanı da tədris olunur və bu cərəyanın aparıcı simalarından Pavel Sxede, Yan Qruter, Martin Opits və Matteus Merianıni qeyd etmək olar. Bu dövrdə universitet ölkənin mühüm mədəni və akademik mərkəzinə çevrilir, ali məktəbə çoxlu sayda alim cəlb edilir. Lakin 1618-ci ildə başlamış Otuz İllik müharibə universitetin inkişafını dayandırır. 1622-ci ildə dünya üzrə tanınmış Palatina kitabxanası universitetin kilsəsindən oğurlanaraq Romaya gətirilir. 1693-cü ildə isə XIV Lüdovikin qoşunları, demək olar ki, Heydelberq Universitetinin binalarını tamamilə dağıdır.

Sonuncu Katolik Reformasiyasının nəticəsi olaraq Heydelberq Universiteti protestant xarakterini itirərək yezuitlər (mürtəce katolik ruhaniləri cəmiyyətinin üzvü, katolik rahib) tərəfə yönəlir. 1735-ci ildə həmin dövrdə Domus Vilhelmina adlanan Universitet meydanında qədim universitet binası tikilir. Yezuitlərin səyləri nəticəsində burada hazırlıq seminariyası açılır. 1773-cü ildə yezuitlər ordeni yatırıldıqdan sonra universitetdə məktəblərin əksəriyyəti Fransız Lazaritlər Konqreqasiyasının əlinə keçir. 1803-cü ildə Heydelberq Universiteti Baden hersoqu Karl Fridrix tərəfindən bərpa edilir və dövlət müəssisəsinə çevrilir. Bu dövrdən başlayaraq universitet I Ruprext ilə yanaşı, Karl Fridrixin də adını daşıyır. Karl Fridrix özünü universitetin rektoru elan edir və ali məktəbi beş fakültəyə bölür. Həmin onillikdə universitetdə romantizm, daha sonra isə liberalizm inkişaf edir, bu öz əksini Klemens Brentano, Axim fon Arnim, Lüdviq Tik, İosif Herres, Cozef fon Eyxendorffun, Fridrix Şlosser, Georq Qotfrid Gervinusun yaradıcılığında tapır.

1933-cü ildə Üçüncü Reyxin yaranmasından sonra Heydelberq Universiteti Almaniyanın digər ali təhsil müəssisələri kimi nasistləri dəstəkləyir. Bir çox dissidentlər ölkəni tərk etmək məcburiyyətində qalır, Almaniyada qalan yəhudi və kommunist professorlar isə deportasiya edilir və ya nasist terrorunun qurbanına çevrilirlər. 1933-cü il mayın 17-də Heydelberq Universitetinin müəllim və tələbələri Universitet meydanında kitab yandırılması mərasimində iştirak edirlər və həmin dövrdən universitet faşist ali məktəbi kimi tanınır. Ali məktəbin girəcəyində yazılmış "Canlı ruh" şüarı "Alman ruhu" ilə əvəz olunur, universitet nasist yevgenikasına (irqin təmizlənməsi, əhalinin genetik tərkibinin yüksəldilməsi) cəlb edilir, T4 evtanaziya proqramı (Hitlerin göstərişi ilə həkimlər tərəfindən çoxlu sayda insanın "sağalmaz xəstə" adı ilə inyeksiya və dərmanlar, ac saxlama yolu ilə qaz kameralarında öldürülməsi) həyata keçirilir.

II Dünya müharibəsindən sonra Heydelberq Universitetində geniş denasifikasiya (müharibədən sonra alman və Avstriya cəmiyyətinin bütün sahələrinin nasist ideologiyasından təmizlənməsi) işləri aparılır. Universitet müharibə zamanı dağıntıya məruz qalmadığı üçün burada bərpa prosesi sürətlə gedir.  Ali məktəbin əvvəlki "Həqiqətin, ədalətin və insanlığın canlı ruhu" şüarı özünə qaytarılır. 1960-1970-ci illərdə universitet sürətlə inkişaf edir, şəhər kənarında Nyunheymer Feld ərazisində  ali məktəbin nəhəng  tibb və dəqiq elmlər kampusu açılır.

2007-ci ildə Heydelberq Universiteti Almaniya Federal Təhsil və Elmi Tədqiqatlar Nazirliyi və Almaniya Tədqiqat Fondu tərəfindən alman universitetlərinin beynəlxalq təsirinin gücləndirilməsi, universitetlərdə təhsil alan gənc alimlərə gözəl şərait yaradılması məqsədilə təsis olunan Misilsiz Təşəbbüs  maliyyə proqramına qoşulur.  

Büdcəsi və təhsil haqqı 

2009-2010-cu tədris ilində Heydelberq  Universitetinin illik büdcəsi 603,8 milyon avro təşkil edib. Ali məktəbin illik gəlirləri həmin il 187,1 milyon avro, xərcləri isə 180,5 milyon avro olub.

Heydelberq  Universitetində təhsil haqqı hər semestr 500 avro təşkil edir. Qeydiyyatdan keçmək üçün tələbə 104 avro ödəməlidir. Qeydiyyat xərcləri ilə birgə təhsil haqqının məbləği hər semestr 604 avrodur.

Universitet tələbələrdən tibbi sığortadan keçməyi tələb edir. Tibbi sığortanın məbləği 6 ay üçün 296,55 avrodur. Avropa Birliyini təmsil edən tələbələr öz vətənlərində tibbi sığortadan keçmələri haqqında sənəd (E 111 sertifikatı) təqdim edərlərsə, tibbi sığortadan azad edilirlər.

Heydelberq  Universitetinə qəbul olan tələbələr qalmaq üçün əvvəlcədən özlərinə yer axtarmalıdırlar. Hazırda kampus ərazisində otaqların aylıq qiyməti 200-500 avro arasında dəyişir.  Hər semestrin əvvəlində tələbə 120 avro ödəyərək semestr bileti əldə edir, bu da semestr ərzində ona Heydelberq şəhəri ərazisində bütün növ ictimai nəqliyyatdan pulsuz istifadə etməyə imkan yaradır.

Universitetdə tələbələrə bir neçə təqaüd (Curt Engelhorn, Heidemarie Engelhorn, Wild, Ray and Elfie Carrell, DAAD)  təklif edilir. Təqaüdlərin əksəriyyətinin, DAAD təqaüdü (400 avro)  istisna  olmaqla,  məbləği  ayda  660  avrodur.  

Universitet bu gün 

Almaniyanın beşinci ən böyük şəhəri olan Heydelberq ölkənin cənub-qərbində Nekkar çayının sahilində yerləşir. Romantizmin beşiyi hesab edilən şəhərin 145000 nəfər sakini var.  Şəhərin ən məşhur və turistlər tərəfindən ziyarət olunan yeri Qədim Şəhər qalasıdır.

Heydelberq  Universiteti üç kampusdan (Qədim Şəhər, Yeni, Berqheym) ibarətdir. Yeni Universitet adlanan ərazi Qədim Şəhər kampusunun mərkəzi hesab edilir. Bu ərazi Universitet meydanında universitet kitabxanası ilə əsas inzibati binaların yaxınlığında yerləşir. Yeni Universitetin rəsmi açılışı 1931-ci ildə olub. Onun yaradılması Qoldman Saks, Morgan Kraysler və Ford kimi zəngin Amerika ailələrinin maliyyə dəstəyi, Heydelberq Universitetinin məzunu və ABŞ-ın Almaniyada səfiri olmuş Yakob Qould Şurmanın xeyriyyə kampaniyasına ayırdığı vəsaitlər hesabına maliyyələşib. Qədim Şəhər kampusunda humanitar və sosial elmlər üzrə fakültə və institutlar yerləşir. Fakültələr zəngin kitabxanalara və tədqiqatçı tələbələr üçün nəzərdə tutulmuş laboratoriyalara malikdir.

Yeni kampus Heydelberq şəhərinin kənarında Nyunheymer Feld ərazisində yerləşir. Hazırda bu kampus universitetin  geniş ərazisini əhatə edir və Almaniyada təbiət elmləri və biologiya elmi üzrə mövcud olan ən iri  kampusdur. Demək olar ki, bütün təbiət elmləri fakültələri və institutları, Tibb məktəbi, Heydelberq Universiteti xəstəxanası, Universitet kitabxanasının elm bölməsi burada yerləşir. Nyunheymer Feld kampusunda professor-müəllim heyəti və tələbələrin, həmçinin ziyarətçilərin nəqliyyat vasitələri üçün uzunmüddətli və qısamüddətli dayanacaqlar mövcuddur. Fizika və Astronomiya fakültəsi adıçəkilən kampusların heç birində yerləşmir. Fakültə Qədim Şəhər kampusundan Nekkar çayı vasitəsilə ayrılır, Yeni kampusdan isə 2 km-lik məsafədə yerləşir. Universitetin üç iri xəstəxanası da daxil olmaqla, təbiət elmləri fakültələri və Tibb məktəbi isə Yeni kampusun ərazisindədir.

Berqheym kampusu keçmiş Ludolf Krehl klinikası ərazisində yerləşir. 2009-cu ilin martından etibarən burada İqtisadiyyat, Politologiya və Sosiologiya institutları fəaliyyət göstərir. Berqheym kampusunda bir mühazirə zalı, bir neçə seminar otağı, ən müasir universitet kitabxanaları və bir kafe var.

2003-cü ildə Heydelberq Universitetində həyata keçirilən struktur dəyişikliklərindən sonra burada 12 fakültə fəaliyyət göstərir. Fakültələr bir neçə departament və institutlara bölünüb. Onların əksəriyyəti yeni Avropa standartlarına cavab vermək məqsədilə bakalavr, magistratura və doktorantura dərəcələri üzrə təhsil təklif edir. Hüquq, tibb, stomatologiya və əczaçılıq sahələri üzrə tələbə proqramı istisnadır. Belə ki, tələbələr bu sahələr üzrə dövlət imtahanı verirlər. Magistr dərəcəsi üzrə mərkəzləşdirilmiş imtahanlar isə Baden-Vürtemberq tərəfindən həyata keçirilir.         

Universitetin on iki fakültəsindən biri Biologiya fakültəsidir. Buraya Zoologiya, Bitkiçilik, Neyrobiologiya, Əczaçılıq və Molekulyar Biotexnologiya institutları daxildir. Fakültədə təqribən 2000 tələbə təhsil alır, 70 professor, 40 məruzəçi və 300 elmi işçi çalışırlar.  

Empirik Tədqiqatlar Fakültəsinə Psixologiya, Sosial və Mədəni Antropologiya institutları, Təhsil departamenti, İdman və idman Elmləri İnstitutu və Gerontologiya İnstitutu daxildir.

Hüquq fakültəsi (həmçinin Heydelberq Hüquq Məktəbi kimi tanınır) universitetin əsas fakültələrindən hesab olunur. Məktəb 1386-cı ildə I Ruprext tərəfindən təsis olunub və Almaniyanın ən qədim hüquq məktəbidir.

Kimya və Yer haqqında elmlər Fakültəsinə Qeyri-üzvi kimya, Üzvi kimya, Fiziki kimya, Coğrafiya, Geologiya və Paleontologiya institutları, həmçinin Mineralogiya və Geokimya institutları daxildir. Kimya fakültəsi 1817-ci ildə ayrıca bir institut kimi təsis olunub. Coğrafiya İnstitutunun yaranma tarixi isə 1895-ci ildən hesablanır.

Tibb fakültəsi 1386-cı ildə təsis olunan dörd fakültədən biridir. Heydelberq Tibb Məktəbi Almaniyanın ən qədim və güclü tibb məktəbidir. Onun tibb dərəcəsi üzrə təhsil proqramı (tələbələr üçün iki il və 4 il doktorantura) 2001-ci ildə əsaslı dəyişikliyə uğrayıb. Həmin ildən fakültənin bütün tələbələri təhsillərini 6 il müddətində davam etdirirlər. Bu gün 22 institutu fəaliyyət göstərən fakültə Heydelberq Universiteti xəstəxanası ilə sıx əməkdaşlıq edir.

Manheym Tibb fakültəsi 1964-cü ildə yaradılıb və Manheym şəhərində yerləşir. Fakültə 11 institutdan ibarətdir, əsasən tibbi texnologiyalar sahəsində araşdırmalarla məşğul olur və Manheym Tətbiqi Elmlər Universiteti ilə sıx əməkdaşlıq edir. Burada əsasən optik ölçü texnikasının inkişaf etdirilməsi, proqram təminatının işlənib hazırlanması və s. həyata keçirilir.

Riyaziyyat və Kompüter elmləri fakültəsinə Riyaziyyat, Tətbiqi Riyaziyyat və Kompüter Elmləri institutları daxildir.

Müasir dillər fakültəsi alman dili, ingilis dili, alman dili əcnəbi dil kimi, tərcüməçilik və  interpretasiya, kompüter linqvistikası, Roman dilləri,  Orta əsrlər və Neo-Latın filologiyası və Slavyan dilləri üzrə kursları əhatə edir. 

Fəlsəfə və Tarix fakültəsi 23 institut və departamentdən ibarətdir. Fakültə 2002-ci ildə keçmiş Tarix və Fəlsəfə fakültələri ilə Şərqşünaslıq və Klassik Tədqiqatlar fakültələrinin birləşməsi nəticəsində yaranıb.

Fizika və Astronomiya fakültəsinə Kirxhof adına Fizika İnstitutu (Kirchhoff Institute of Physics), Fizika, Nəzəri Fizika və Nəzəri Astrofizika institutları daxildir.

Teologiya (İlahiyyat) fakültəsi universitetin 1386-cı ildə təsis olunan ən qədim fakültələrindən biridir.

İqtisadiyyat və Sosial Emlər fakültəsi Politologiya, Sosiologiya, Alfred Veber adına İqtisadiyyat İnstitutlarını əhatə edir.

Fakültələrlə yanaşı, Heydelberq Universiteti Fundamental Fizika, Heydelberq Riyaziyyat və Hesablama Metodları Elmləri, Harmut Hoffman-Berlinq Molekulyar və Hüceyrə Biologiyası ali məktəbləri,  "Hüceyrə Şəbəkələri" qabaqcıl təcrübə, "Asiya və Avropa Qlobal Kontekstdə" elmi-tədqiqat mərkəzlərindən ibarətdir.

Heydelberq Universitetinin kitabxanası Almaniyanın ən zəngin kitabxanalarından biridir. İstifadəçilərinin sayına görə kitabxana ölkədə birinci yeri tutur. Kitabxana sistemi fakültə və institutların kitabxanaları daxil olmaqla, ümumilikdə 7 milyona yaxın kitab və digər materiallara malikdir. Universitetin əsas kitabxanasında 3,2 milyon cild kitab, 50000 mikrofilm və videokaset, 10732 dövri nəşr, 6600 əlyazma, o cümlədən 1304-cü ilə aid "Manessye Kodeksi" rəsmli əlyazması, 1800 inkunabula (kitab çapı icadının ilk dövründə yığma hərflərlə çap olunmuş ilk kitab), 110500 avtoqraf, qədim xəritə və şəkillər mövcuddur. Əsas kitabxanadan əlavə universitetin 83 fakültə və institut kitabxanalarında 3,5 milyondan çox kitab var. Tibb və dəqiq elmlər kitabxanası 1978-ci ildən Nyunheymer Felddə yerləşən Yeni kampusa köçürülüb.

2007-ci ilin oktyabrından etibarən Heydelberq Universitetinin rektoru, professor Bernhard Ayteldir. Universitetdə ümumilikdə 12399 nəfər işçi çalışır. Onlardan 4824 nəfər akademik, qalanları isə inzibati heyətdən ibarət əməkdaşlardır.

Heydelberq Universitetində ümumilikdə 28266 nəfər təhsi alır. Onların 16264 (57,5%) nəfərini qızlar, 5225 nəfərini əcnəbilər, 3271 nəfərini magistrantlar, 1133 nəfərini doktorantlar təşkil ediblər.

Heydelberq Universiteti dünyaya çoxlu sayda filosof, hüquqşünas, ilahiyyatçı, şair və yazıçı, alim bəxş edib. Universitetin məzunları arasında 30 Nobel, 18 Leybnits, 2 Oskar mükafatları laureatları var. Almaniyanın bir neçə federal və baş nazirləri ilə yanaşı, ölkənin beş kansleri də bu universitetdə təhsil alıblar. Onlardan sonuncusu adı tarixə Almaniyanı birləşdirən kansler kimi düşmüş Helmut Kol olub. Bundan əlavə, Belçika, Bolqarıstan, Yunanıstan, Nikaraqua, Serbiya, Taylandın dövlət və hökümət rəhbərləri, Britaniya taxtının vəliəhdi, NATO-nun Baş katibi və Beynəlxalq Sülh Bürosunun direktoru Heydelberq Universitetində təhsil alıblar.

Universitetin keçmiş dini fakültələrinin məzunları arasında Papa II Piy, kardinallar, yepiskoplar və protestant reformasiyasının iki əsas lideri Filip Melanxton və Zakariya Ursinin adları da var. Almaniyanın Federal Konstitusiya Məhkəməsinin 16 hakimi, Almaniya Federal Ədalət Məhkəməsinin, Federal Əmək Məhkəməsinin,  Beynəlxalq Ədalət Məhkəməsinin prezidentləri, İnsan Haqları üzrə Avropa Məhkəməsinin iki prezidenti, Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın prezidenti, Beynəlxalq Cinayət Məhkəməsinin vitse-prezidenti, Almaniyanın iki baş prokuroru, Avropa Ədalət Məhkəməsinin baş vəkili və Britaniya Lordlar Palatasının hakimi universitetin hüquq fakültəsinin məzunlarıdırlar. Heydelberq universitetinin Biznes fakültəsinin məzunları ABB Qrup, Astor korporativ müəssisəsi, BASF, BDA, Daimler AG, Deutsche Bank, EADS, Krupp AG və Siemens AG şirkətlərinin təsisçisi, həmtəsisçisi və ya rəhbərləridir.

Dahi alman bəstəkarı Robert Şumanın, filosoflar Lüdviq Feyerbax və Edmund Montgomerinin, şair Yozef Frayer fon Eyxendorfun, yazıçılar Kristian Fridrix Hebbel, Qotfrid Keller, Henri Qofman, Məhəmməd İqbal, Xose Rizal, Uilyam Somerset Moem və Jan Polun adları universitetin məşhur məzunları sırasındadır. Bundan əlavə, universitetin digər sahələr üzrə məşhur məzunları içərisində eksperimental psixologiyanın banisi hesab edilən Vilhelm Vundt, kimyəvi termodinamikanın banisi Uillard Qibbs, müasir antropologiyanın banilərindən sayılan Frans Boas, velosiped ixtiraçısı Karl Drez və qitələrin dreyfi nəzəriyyəsinin banisi Alfred Veqenerin adlarını qeyd etmək olar. Məşhur filosoflar Georq Vilhelm Fridrix Hegel, Karl Yaspers,  Hans-Georq Qadamer və Yurgen Habermas, novator alimlər Herman fon Helmholç, Robert Vilhelm Bunzen, Qustav Robert Kirxhof, psixologiyanın banilərindən biri hesab edilən Emil Krepelin və müasir sosiologiyanın banilərindən olan Maks Veber kimi məşhur alimlər universitetdə professor kimi çalışıblar. Rusiyanın görkəmli kimyaçı alimi, elementlərin dövri cədvəlinin yaradıcısı Dmitri Mendeleyev dövrünün məşhur professoru Robert Vilhelm Bunzenin universitetdə fəaliyyət göstərən laboratoriyasında işləyib.

Hazırda universitetin professor heyətinin tərkibində tibb elmi üzrə Nobel mükafatı laureatları Bert Zakman (1991) və Harald zur Hauzen (2008), 7 Leybnits laureatı, Almaniya Federal Konstitusiya Məhkəməsinin keçmiş hakimi Paul Kirxhof və Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın sabiq prezidenti Rüdiger Volfrum da var.

Universitetin məşhur məzunları 

  Papa II Piy Roma Papası  
  Helmut Kol Almaniyanın keçmiş kansleri  
  Robert Şuman   dahi alman bəstəkarı  
  Karl Drez velosiped ixtiraçısı  
  Uillard Qibbs   kimyəvi termodinamikanın banisi  
  Vilhelm Vundt   eksperimental psixologiyanın banisi  
  Alfred Veqener    qitələrin dreyfi nəzəriyyəsinin banisi  
  Harald zur Hauzen  tibb üzrə Nobel mükafatı laureatı  
  Bert Zakman    tibb üzrə Nobel mükafatı laureatı  
  Albrext Kossel  tibb üzrə Nobel mükafatı laureatı  
  Otto Meyerxof  tibb üzrə Nobel mükafatı laureatı  
  Georq Vittiq  kimya üzrə Nobel mükafatı laureatı  
  Karl Ziqler  kimya üzrə Nobel mükafatı laureatı  
  Riçard Kun  kimya üzrə Nobel mükafatı laureatı  
  Hans Yensen    fizika üzrə Nobel mükafatı laureatı    
  Valter Bote  fizika üzrə Nobel mükafatı laureatı    
  Filipp Lenard    fizika üzrə Nobel mükafatı laureatı    

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - ¹ 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov