| 
								
								Türkiyənin İğdır şəhərində 500 şagirdin təhsil 
								aldığı Heydər Əliyev liseyinə Azərbaycan 
								xalqının ümummilli liderinin adının verilməsinin 
								davamı olaraq məktəbdə bununla bağlı lövhənin 
								asılması mərasimi keçirilmişdir.  
								
								AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə 
								məktəbin direktoru Tuna Ok məlumat vermişdir. 
								Tuna Ok türk dünyasının dahi şəxsiyyəti Heydər 
								Əliyevin adının liseyə verilməsini və bununla 
								bağlı məktəbdə lövhənin asılmasını mühüm hadisə 
								kimi qiymətləndirmişdir.  
								
								Tədbirdə çıxış edən Azərbaycanın Qars 
								şəhərindəki baş konsulluğunun İğdır şəhəri üzrə 
								nümayəndəsi Rafiq Rüstəmoğlu ulu öndər Heydər 
								Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə 
								məktəb rəhbərliyinə təşəkkür etmişdir. O 
								demişdir ki, ümummilli lider Heydər Əliyevin 
								adının İğdır şəhərindəki liseydə yaşadılması 
								xalqımız tərəfindən böyük məmnunluqla 
								qarşılanmışdır.  
								
								Daha sonra Rafiq Rüstəmoğlu məktəbi gəzmiş və 
								şagirdlərlə xatirə şəkli çəkdirmişdir.  |