Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - ¹15

 
Dünya universitetləri:

Los-Anceles Kaliforniya Universiteti

Bookmark and Share
  Yerləşir: ABŞ, Kaliforniya ştatı,  Los-Anceles şəhəri  
Yaranma tarixi: 1919-cu il
Tipi: Dövlət  
İşçi heyəti: 31024 nəfər, 4016 nəfər müəllim
Tələbələrin sayı: 39984 nəfər
İllik gəlirləri:    3620617000 ABŞ dolları
İllik xərcləri: 4289982000 ABŞ dolları
Rəsmi saytı: www.ucla.edu

Los-Anceles Kaliforniya Universiteti (University of California, Los Angeles) ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Los-Anceles Kaliforniya Universiteti Şimal-Qərb Universiteti ilə birgə 100 ən yaxşı ali məktəb arasında 32-ci yerə layiq görülüb. Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" jurnalının 2010-cu il üzrə reytinqinə görə, bu ali təhsil müəssisəsi ölkə universitetləri arasında 24-cü yerdədir.

Los-Anceles Kaliforniya Universiteti Amerika Universitetləri Assosiasiyasının üzvüdür. Ali məktəb tibb, texnika, pedaqogika, incəsənət və humanitar elmlərin, idmanın inkişafına görə dünyada tanınıb.  

Tarixi 

1881-ci ilin martında Kaliforniya ştatının qanunvericilik orqanı Los-Anceles şəhərində Kaliforniya Ştatı Normal Məktəbinin (sonradan San Jose Dövlət Universiteti adlandırılır) cənub filialının yaradılması haqqında qərar verir. 1882-ci il avqustun 29-da Los-Anceles şəhərində Kaliforniya Ştatı Normal Məktəbinin filialı açılır və 1887-ci il avqustun 29-da təhsil müəssisəsinə Los-Anceles Ştatı (Dövlət) Normal Məktəbi adı verilir.

1914-cü ildə məktəb Hollivud rayonunun Vermont avenyu ərazisində yaradılan yeni kampusa köçür.  1917-ci ildə  Soutlendi təmsil edən yeganə regent (naib) Edvard Dikson və Normal Məktəbin direktoru Ernest Keroll Mur Kaliforniya Universitetinin Berklidən sonra ikinci filialını - cənub kampusunu yaratmaq məqsədi ilə fəaliyyətə başlayırlar. Berkli Universitetinin məzunları - ştatın qanunvericilik orqanının nümayəndələri və 1899-1919-ci illərdə Kaliforniya Universitetinə rəhbərlik etmiş Bencamin Uiler bu ideyaya qarşı çıxırlar. Kaliforniya Universitetinin yeni prezidenti Devid Preskott Barrouz isə filialın yaradılmasına razılıq verir. 1919-cu il mayın 23-də Kaliforniya ştatının qubernatoru Uilyam Stivens Kaliforniya Universitetinin Cənub filialının yaradılması haqqında sənədi imzalayır. Həmin ilin 15 sentyabrında açılan ali məktəbdə filologiya və pedaqogika ixtisasları üzrə ikiillik bakalavr təhsili almaq mümkün olur.

Cənub filialının tələbələrinin sayı tez bir zamanda sürətlə artır və 1920-ci ilin ortalarında ali məktəb Vermont avenyudakı ərazisini xeyli genişləndirir.    1925-ci ildə ali təhsil müəssisəsi Beverli Hillsdə Beverli-sayt adlı yeni ərazi əldə edir. 1926-cı ildə Kaliforniya Universitetinin Cənub filialının idman komandası Sakit okean sahili Konfransına daxil olur və "Bruins" adlandırılır. 1927-ci ildə bu ali təhsil ocağına  Los-Ancelesdə yerləşən  Kaliforniya Universiteti adı verilir.

1929-cu ildə Los-Anceles Kaliforniya Universitetində bakalavrlar üçün 5500 nəfərlik korpus inşa edilir. Berkli Universitetinin müqavimətinə baxmayaraq, Los-Anceles Kaliforniya Universitetinin rəhbərliyi, müəllimləri və məzunlarının təkidi ilə burada 1933-cü ildən magistr, 1936-cı ildən isə doktorluq dərəcələri verilir.

1950-ci ildə Los-Anceles Kaliforniya Universiteti artıq ciddi və nüfuzlu elmi-tədqiqat mərkəzinə çevrilir. Kaliforniya Universitetinin prezidenti Robert Qordon Sproul Los-Anceles Kaliforniya Universitetini və Berkli Universitetini "Kaliforniya Universitetinin iki ayağı" adlandırırdı. 1951-ci ildən başlayaraq Los-Anceles Kaliforniya Universitetinə kansler seçilir və bununla da ali məktəb muxtariyyət əldə edir. 1960-cı ildə universitetə kansler seçilmiş Franklin Devid Merfinin səyi nəticəsində təhsil müəssisəsi sürətli inkişaf yoluna qədəm qoyur, burada müxtəlif fakültələr açılır. Los-Anceles Kaliforniya Universiteti Kaliforniya Universitetinin bir qolu deyil, müstəqil mövqeyə malikdir. Bu dəyişikliklər kansler F. Merfinin təşəbbüsü ilə aparılır. 

Büdcə və təhsil haqqı 

2009-2010-cu ildə Los-Anceles Kaliforniya Universitetinin illik gəlirləri ümumilikdə 3620617000 ABŞ dollarına bərabər olub. Həmin məbləğin 401513000 ABŞ dolları təhsil haqqı,  604236000 ABŞ dolları qrant və sazişlər, 1395441000 ABŞ dolları satış, göstərilən xidmətlər və tibb mərkəzləri, 593295000 ABŞ dolları təhsil fəaliyyəti, 309881000 ABŞ dolları köməkçi müəssisələr, 51638000 ABŞ dolları isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.

Ötən il universitetin ümumi xərcləri isə 4289982000 ABŞ dolları olub. Belə ki, bu vəsaitin 2243390000 ABŞ dollarını əməkhaqqı, 463603000 ABŞ dollarını müavinətlər (yardımlar), 68599000 ABŞ dollarını təqaüdlər, 52257000 ABŞ dollarını kommunal xərclər, 496647000 ABŞ dollarını təchizat və avadanlıqlar, qalanlarını isə digər xərclər təşkil edib.

2009-2010-cu tədris ilində Los-Anceles Kaliforniya Universitetində tələbələrin təhsil haqqı orta hesabla bakalavrda oxuyan yerli tələbələr üçün 9736, əcnəbi tələbələr üçün isə 32453 ABŞ dolları olub. Magistratura və doktorantura pilləsində təhsil alanların təhsil haqqı isə orta hesabla yerlilər üçün 10767, əcnəbilər üçün isə 25809 ABŞ dolları təşkil edib. Məktəb və kolleclərdən asılı olaraq təhsil haqqının məbləği də dəyişir: İdarəetmə məktəbi (MBA) - yerli tələbələr üçün 10296, əcnəbilər üçün 22541 ABŞ dolları, İctimaiyyətlə əlaqə məktəbi - yerli tələbələr üçün 11310, əcnəbilər üçün 23924 ABŞ dolları, Hüquq məktəbi - yerli tələbələr üçün 10598, əcnəbilər üçün 22843 ABŞ dolları, Stomatologiya məktəbi - yerli tələbələr üçün 10293, əcnəbilər üçün 22538 ABŞ dolları, Səhiyyə məktəbi -yerli tələbələr üçün 11310, əcnəbilər üçün 23924 ABŞ dolları, Tibb məktəbi -yerli tələbələr üçün 10659, əcnəbilər üçün 22904 ABŞ dolları. Tələbənin yataqxanalarda qalmaq və qidalanmaq xərcləri 13314, kitab və digər ləvazimatlar - 1599, nəqliyyat - 909, şəxsi xərclər - 1551, tibbi sığorta - 885, vergi və rüsumlar isə 8266 ABŞ dolları təşkil edib. 

Cari ildə tələbələrə verilən təqaüd və yardımların məbləği müvafiq olaraq 14899, 11336 ABŞ dollarına bərabər olub (bu ali məktəbdə də müxtəlif məbləğdə bir neçə təqaüd və qrantlar mövcuddur). Universitetin tələbələrinin yarıdan çoxu burada qalıb işləmək və tədqiqatlarını davam etdirmək arzusundadır. Onların 33%-i Pell qrantı alır. Magistrantlar üçün də çoxlu sayda təqaüdlər təklif edilir. Onlardan ən məşhuru  Kot-Robles təqaüdüdür və onun məbləği 20000 ABŞ dolları dəyərindədir.  

Universitet bu gün 

Los-Anceles Kaliforniya Universiteti Los-Anceles şəhərinin qərb hissəsində Vestvud rayonundan şimala və Sanset bulvarından cənuba 419 akr ərazidə yerləşir. 1919-cu ildə ali məktəbin kampusunda cəmi dörd bina var idi, hazırda isə burada 174-dən çox tikili mövcuddur. Qədim binalar roman və Renessans üslublarında tikilib. 1950-ci ildən sonra isə müxtəlif memarlar tərəfindən müxtəlif üslublara aid yeni-yeni tikililər ucaldılıb. Bağlar, fəvvarələr, muzeylər, qarışıq memarlıq nümunələrinə aid binalar kampusa əsrarəngiz gözəllik bəxş edir.

Universitetin şəhərciyi Cənub və Şimal hissələrdən ibarətdir. Şimal kampusda İtaliya kərpicindən tikilmiş qədim binalar vardır. Humanitar, İncəsənət, Hüquq, Biznes məktəbləri, Dikson məhkəməsi həmin kampusda fəaliyyət göstərir. Cənub hissədə isə daha müasir binalar mövcuddur və Fiziki elmlər, Texnika, Psixologiya, Riyaziyyat, Tibb məktəbləri, universitetin Tibb Mərkəzi yerləşir.

Şəhərcikdə ən hündür bina 1950-ci ildə yəhudi və Fələstin ərəbləri arasında sülhün bərqərar olması üçün böyük səy göstərdiyinə görə Nobel mükafatına layiq görülmüş afro-amerikalı Ralf Bançın adını daşıyan tikilidir. Binanın girişində onun büstü qoyulub. R.Banç Los-Anceles Kaliforniya Universitetinin ilk Nobel mükafatına layiq görülmüş məzunu olub.

Kampusda, burada çoxlu sayda yeraltı və yerüstü dayanacaqlar olmasına baxmayaraq, maşın sıxlığından və dayanacaqların çatışmazlığından əziyyət çəkilir. Tələbələrin və əməkdaşların kampus ərazisində sərbəst hərəkətini təmin etmək üçün xüsusi yerli avtobuslar mövcuddur.

Hollivud universitetin yaxınlığında yerləşdiyindən ali məktəbin kampusu bir çox filmlərin çəkildiyi məkana çevrilib. Bunlardan "Sarışın", "Köhnə məktəb", "Ağlı çaşmış professor" və s. qeyd etmək mümkündür. 2009-cu ilin yanvar ayında Hollivud kinokampaniyası burada "Mənim adım Xandır" filmini çəkib.

Los-Anceles Kaliforniya Universitetində Filologiya və Elmlər, Humanitar, Həyat haqqında, Fizika, Sosial elmlər kollecləri, Beynəlxalq, Ətraf Mühitin Mühafizəsi institutları,  İncəsənət və memarlıq, Mühəndislik və tətbiqi elmlər, Hüquq, İdarəetmə, İctimaiyyətlə əlaqələr, Teatr, kino və televiziya, Təhsil və informasiya tədqiqatları ali, Devid Geffen adına Tibb, Stomatologiya, Səhiyyə, Tibb bacısı məktəbləri mövcuddur.

Filologiya və Elmlər Kolleci 1919-cu ilin mayından fəaliyyət göstərir. Kollec 34 akademik departamentdən ibarətdir. Burada humanitar, həyat haqqında, fizika, sosial elmlər bölmələri var.  Humanitar elmlər bölməsinə  incəsənət tarixi, klassika, ingilis dili, linqvistika, musiqişünaslıq, fəlsəfə,  dinşünaslıq, proqramların yazılışı fakültələri aiddir. Həyat elmləri bölməsi psixobiologiya, hesablama və sistem biologiyası, ekologiya və təkamül biologiyası, mikrobiologiya, immunologiya və molekulyar genetika, molekulyar, hüceyrə və inteqral fiziologiya, nevrologiya, fiziologiya elmləri fakültələrindən ibarətdir. Fizika elmləri bölməsinə atmosfer və okean elmləri, kimya və biokimya, yer və kosmik elmlər, riyaziyyat, fizika və astronomiya, statistika fakültələri daxildir. Sosial elmlər bölməsi Afro-Amerika tədqiqatları, antropologiya, arxeologiya, kommunikasiya elmləri, iqtisadiyyat, coğrafiya, tarix, insan kompleks sistemləri, siyasi elmlər, sosiologiya, qadın problemləri tədqiqatları fakültələrindən ibarətdir. 

Təhsil və informasiya tədqiqatları ali məktəbi 1919-cu ildə Los-Anceles Kaliforniya Universitetinin nəzdində yaradılıb. Burada pedaqogika, informatika sahələri üzrə magistr, doktorluq dərəcələri, müxtəlif sertifikatlar verilir. Məktəbdə informasiya tədqiqatları üzrə informasiya və kitabxana elmləri magistri, kitabxana işi, arxiv tədqiqatları, kinematoqrafiya, televiziya və kino arxivləri və s. departamentlər var.

İdarəetmə məktəbi 1935-ci ildə yaradılıb. Məktəbdə mühasibat, idarəetmənin həlli, əməliyyatı və texnologiyası, təşkilatçılıq tədqiqatları, maliyyə, qlobal iqtisadiyyat və idarəetmə, insan resursları və təşkilati davranış, informasiya sistemləri, marketinq, siyasət, daşınmaz əmlak və s. departamentləri, Harold və Poulin Sahibkarlıq Tədqiqatları, Lourens və Lori Maliyyə və İnvestisiya mərkəzləri fəaliyyət göstərir.

   Mühəndislik və tətbiqi elmlər məktəbi 1945-ci ildə yaradılıb. İlk bakalavr dərəcəsi məktəbdə 1947, magistr 1948, doktorluq dərəcəsi isə 1950-ci ildə verilib. Məktəb 7 akademik departamentdən ibarətdir (aerokosmik sənaye, biomühəndislik, kimya və biomolekulyar mühəndislik, informatika və hesablama texnikası, elektrotexnika, istehsal, materialşünaslıq, maşınqayırma) və 28 ixtisas proqramı təklif edir.

   Məktəbi  "İnternetin yarandığı məkan" adlandırırlar, belə ki, 1969-cu il oktyabrın 29-da professor Leonard Kleynork və onun tədqiqat qrupu buradan Stenforda ilk olaraq məlumat göndəriblər.

İncəsənət və memarlıq məktəbi 1939-cu ildə yaradılıb, tələbələrə geniş spektrdə proqram və kurs təklif edir. Məktəbdə memarlıq və şəhər dizaynı, incəsənət, dizayn-media incəsənəti, etnomusiqi, dünya incəsənəti və mədəniyyəti departamentləri mövcuddur. Məktəbin nəzdində Herb Alpert Musiqi, Eli və Edit Broad İncəsənət, Perloff Holl, Qloriya Kaufmann Holl məktəbləri, Hummer, Fuler muzeyləri, 5 tədqiqat mərkəzi fəaliyyət göstərir.

Teatr, kino və televiziya məktəbi ABŞ-da bu sahəni  əhatə edən ən unikal təhsil müəssisəsidir. Məktəbin arxivi Vaşinqtonda yerləşən Konqres kitabxanasından sonra ABŞ-da ikinci ən zəngin kolleksiyaya malikdir. Məktəbdə film, televiziya istehsalı, sənədli film, ssenari, animasiya, istehsalat idarəetməsi, musiqili teatr, kritik tədqiqatlar, prodüser proqramları və s. departamentlər mövcuddur.

Devid Geffen adına Tibb, Stomatologiya, Səhiyyə, Tibb bacısı məktəbləri universitetin professional təbabət tədrisi verən müəssisələridir. 2005-ci ildə      Los-Ancelesdə Gövdə Hüceyrələri Biologiyası və Tibb İnstitutu yaradılıb. Həmin ildə Kaliforniya ştatında embrional gövdə hüceyrələrinin tədqiqatı üzrə 5 illik plan həyata keçirilib. Kaliforniya və Santa-Barbara universitetlərinin birgə əməkdaşlığı nəticəsində nanotexnologiyalar üzrə innovasiya lideri olan Kaliforniya Nanosistemlər İnstitutu yaradılıb. Ronald Reyqan adına Tibb Mərkəzi Los-Anceles Kaliforniya Universitetinin səhiyyə sisteminə aid ən böyük müəssisədir.

Los-Anceles Kaliforniya Universitetinin kitabxana sisteminə 8,2 milyon cild kitab, 78000-dən çox dövri nəşr, eləcə də elektron resurs daxildir. Kitabxana sistemi ümumilikdə 12 kitabxanadan ibarətdir. Bunlar Nayt Pauel, İncəsənət, Biotibbi, CCLIC Lab, Şərqi Asiya, Hüquq, Menecment, Musiqi, Mühəndislik və elmlər, Uilliam Edryus Klark Memorial, Suthern Regional, Universitet arxivləri kitabxanalarıdır. Universitetin əsas kitabxanası olan Nayt Pauel bu ali təhsil müəssisəsinin yaradılmasından öncə - 1884-cü ildən mövcud olub və sonralar universitetə birləşdirilib.

Los-Anceles Kaliforniya Universitetinin kitabxanası Elmi-Texniki Kitabxanalar Assosiasiyası, Şəbəkə İnformasiyası Koalisiyası, Kitabxana və İnformasiya Resursları Cəmiyyəti, Beynəlxalq Kitabxana Assosiasiyaları və  Müəssisələri Federasiyasının üzvüdür.

Los-Anceles Kaliforniya Universitetində bir çox nəşrlər çap olunur. Onların arasında ən məşhuru gündəlik "The Daily Bruin" tələbə qəzetidir. Qəzet 1919-cu ildən fəaliyyətə başlayıb və bu günədək 20-dən çox milli mükafata, 2006-cı ildə isə Peşəkar Jurnalistlər Cəmiyyəti tərəfindən "Ən yaxşı gündəlik qəzet" adına layiq görülüb. 1954-cü ildə universitet rəhbərliyinin qəzetin redaktor seçiminə qarışmaq niyyəti qalmaqalla nəticələnmişdi. Hazırda universitetdə tələbələr tərəfindən yeddi jurnal nəşr edilir.

Los-Anceles Kaliforniya Universitetinin kansleri Gen Blok, prorektoru isə Skott Uodur. Universitetin əməkdaşlarının ümumi sayı 31024 nəfərdir. Onların 4016-sı professor-müəllim heyəti, qalanları isə inzibati işçilərdir. Ali məktəbin müəllim və məzunları  arasında 11 Nobel mükafatı laureatı, 37 ABŞ Milli Elmlər Akademiyası, 97 Amerika İncəsənət və Elmlər Akademiyası üzvü var.

Los-Anceles Kaliforniya Universitetində 39984 tələbə təhsil alır. Bunlardan 26687 nəfəri bakalavr,  qalanları isə magistrant və  doktorantlardır. Tələbələrin 55%-ni qızlar təşkil edirlər.

Los-Anceles Kaliforniya Universitetində tələbələrin yataqxanalarda məskunlaşması məsələləri ilə Yaşayış Həyatı İdarəsi, Yaşayış yeri və Qonaqpərvərlik Xidmətləri məşğul olur. Bakalavrlar şəhərciyin qərbində dağ silsiləsində yerləşən "Hill" adlı hissədə 14 kompleksdən ibarət yataqxanalarda qalırlar. Burada tələbələr hər cür şəraitlə təmin olunurlar, yataqxanaların yeməkxanaları zəngin qida menyusuna malikdir. Bakalavrlar üçün yataqxanalar holl, plaza və syuitlərə (lüks nömrələr) bölünür: Dikstara Holl, Hedrik Holl, Rieber Holl, Sproul Holl;  De Neve, Rieber Vista, Rieber Terras, Hedrik Sammit və Sanset Villic plazalar; Hitç və Sakson syuitlər. Syuitlərdə 4-6 tələbə üçün yüksək şəraitlə təmin edilmiş otaqlar olur. Burada otaqlar qısa müddətə verildiyindən və qiymətləri baha olduğundan, tələbələr syuitlərə az üstünlük verirlər.

2002-ci ildə universitetdə magistr və doktorantlar üçün yeni Uerburn Terras adlı yataqxana kompleksi tikilərək 2005-ci ildə istifadəyə verilib. Kompleks Vestvudun qərbində universitetin digər yataqxanalarına yaxın yerləşir. Magistr və doktorantların 50%-dən çoxu, xüsusilə əcnəbilər bu kompleksdə məskunlaşırlar.

ABŞ-ın bütün ali məktəblərində olduğu kimi, Los-Anceles Kaliforniya Universiteti də idman sahəsində böyük uğurlara malikdir. Universitetin idman komandalarını ümumilikdə "Bruins" adlandırırlar. Onlar artıq 2 əsrdir ki, (XX-XXI) ABŞ-da atletika üzrə birinci yerdə dayanırlar. Universitet bütün Olimpiya oyunlarında qızıl medallar əldə edib. 2004-cü ildə Afinada keçirilmiş Olimpiya oyunlarına buradan 56 idmançı göndərilib, onların 19-u qızıl medala layiq görülüb. Tələbələr, xüsusilə yelkən, serfinq, vindserfinq, qayıqlarda yarış, kayak idman növlərinə üstünlük verirlər. Həmçinin universitetdə 800-dən çox tələbə təşkilatı var.

Universitetin tələbələri dərslərdən sonra vaxtlarını səmərəli keçirirlər. Onlar Los-Ancelesin tarixi yerlərinə, muzeylərinə, teatrlarına, mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil edirlər. Tələbələr xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur, köməyə ehtiyacı olan şəxslərə yardım göstərirlər.

Los-Anceles Kaliforniya Universitetinin kansleri Gen Blok rəhbərlik etdiyi ali təhsil ocağını belə xarakterizə edir: "Los-Anceles Kaliforniya Universiteti tədris və tədqiqatların səviyyəsinə görə dünya liderlərindən biridir. Bizim tələbələrimiz yaxşıların ən yaxşısıdır, müəllimlərimizin hər biri isə öz sahələri üzrə aparıcı alimlərdir.  Onlar təhsili və yeni-yeni kəşfləri çox sevirlər. Mən ümid edirəm ki, siz bizim gözəl kampusumuzu ziyarət edəcək, mədəni və idman tədbirlərimizə qatılacaqsınız". 

Universitetin məşhur məzunları 

  Uilyam Frenç Smit  ABŞ-ın sabiq baş prokuroru  
  Dennis Ross ABŞ-ın Yaxın Şərq üzrə politoloqu  
  Fərid Əbbud  Livanın ABŞ-dakı səfiri  
  Maykl Ovits "Walt Disney" kampaniyasının sabiq prezidenti  
  Stesi Snayder  "DreamWorks Pictures" kompaniyasının prezidenti  
  Nobutata Saji     "Suntory" kampaniyasının icraçı direktoru  
  Çarlz Yanq Los-Anceles Kaliforniya Universitetinin sabiq kansleri  
  Stiven Müller Con Hopkins Universitetinin sabiq prezidenti  
  Elinor Ostrom iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Uilyam Şarp kimya üzrə Nobel mükafatı laureatı  
  Bryus Merrifield  kimya üzrə Nobel mükafatı laureatı  
  Glenn Seaborg kimya üzrə Nobel mükafatı laureatı  
  Ralf Banç sülh, kimya üzrə Nobel mükafatı laureatı  
       
 

Universitetin məşhur müəllimləri

 
       
  Uorren Kristofer ABŞ-ın sabiq dövlət katibi  
  Maykl Dukakis Massaçusets ştatının sabiq qubernatoru  
  Lüis İnqarro tibb üzrə Nobel mükafatı laureatı  
  Paul Boyer  kimya üzrə Nobel mükafatı laureatı  
  Donald Kram kimya üzrə Nobel mükafatı laureatı  
  Culian Zvinger fizika üzrə Nobel mükafatı laureatı  
  Uillard Libbi   kimya üzrə Nobel mükafatı laureatı  
  Bertran Rassell  ədəbiyyat üzrə Nobel mükafatı laureatı  

                                                                     Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - ¹15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov