Aprelin 22-də Təhsil Nazirliyində texniki
yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
keçirildi. Müşavirədə bu müəssisələrin
fəaliyyətinin daha da yaxşılaşdırılması və
maddi-texniki bazalarının möhkəmləndirilməsi
məsələləri müzakirə olundu. Tədbiri təhsil
nazirinin müavini Elmar Qasımov açaraq bu ilin
fevral-aprel aylarında keçirilən uşaq və
yeniyetmələrin elmi-texniki yaradıcılıq
müsabiqəsində fəal iştirak edən yaradıcılıq
mərkəzlərinin direktorlarına təhsil naziri Misir
Mərdanovun təşəkkürünü çatdırdı. Müsabiqə barədə
ətraflı məlumat verən nazir müavini bildirdi ki,
uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq
müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının birgə qərarı ilə keçirilib.
Müsabiqədə məqsəd uşaq və yeniyetmələrin
elmi-texniki potensialının üzə çıxarılması,
onların yaradıcılığının inkişaf etdirilməsi üçün
stimulların yaradılması və şagirdlər arasında
təcrübə mübadiləsinin təşkil olunmasıdır.
Elmar Qasımov müsabiqənin əhəmiyyətini qeyd
edərək belə tədbirlərin keçirilməsini
təqdirəlayiq hal kimi qiymətləndirdi. O,
əsrimizin texnika əsri olduğunu, şagirdlərin bu
sahədə dünya şagirdlərindən geri qalmamasının
vacibliyini vurğuladı. Lakin bu işdə
problemlərin olduğunu da deyən nazir müavini bir
neçə şəhər və rayon texniki yaradıcılıq
mərkəzinin müsabiqədə passiv iştirak etdiyini
diqqətə çatdırdı. Bu baxımdan Ağdam, Şamaxı,
Yardımlı və Lerik rayonlarının texniki
yaradıcılıq mərkəzlərinin direktorlarının
işlərindən narazı olduğunu və bu
istiqamətdə ciddi addımların atılacağını
bildirdi.
E.Qasımov müsabiqədə daha fəal iştirak edən
Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Cəlilabad,
Şəmkir, Zaqatala, Hacıqabul şəhər və
rayonlarının texniki yaradıcılıq mərkəzlərinin
işindən razı qaldıqlarını bildirərək onların
rəhbərlərinə Təhsil Nazirliyinin diplomlarını
təqdim etdi. Çıxışının sonunda texniki
yaradıcılıq mərkəzlərinin rəhbərlərinə gələcək
fəaliyyətlərində uğurlar arzulayan nazir müavini
Elmar Qasımov onlara rayon və şəhərlərdə
uşaqların əl işlərindən ibarət muzeylərin
yaradılmasını tovsiyə etdi.
Tədbirin sonunda müsabiqədə fərqlənmiş 10 ən
yaxşı modelin müəllifləri olan şagirlərə Təhsil
Nazirliyinin diplomları və sertifikatları
verildi.
Rəşad ZİYADOV |