| 
								
								Aprelin 22-də Tofiq İsmayılov adına Uşaq-Gənclər 
								Yaradıcılıq Sarayının "Uşaq dünyası" 
								qalereyasında "Təbiət bizim sərvətimizdir" 
								mövzusunda məktəblilərin rəsm və foto 
								nominasiyası üzrə respublika müsabiqəsinin 
								yekunu ilə bağlı tədbir keçirildi. 
								
								Təhsil Nazirliyinin Ekologiya və Təbii Sərvətlər 
								Nazirliyi ilə birlikdə keçirdiyi müsabiqəyə 
								respublikanın 60-dan çox rayon məktəblilərinin 
								təqdim etdiyi 2000-ə yaxın rəsmi və foto 
								işlərindən 700-ə yaxını mütəxəssislər tərəfindən 
								seçilərək müsabiqənin yekun mərhələsinə təqdim 
								edilmişdir. Növbəti seçimdə isə 36 rəsm və foto 
								işi I, II və III yerlərə layiq görülmüşdür. 
								
								Tədbiri giriş sözü ilə açan təhsil nazirinin 
								müavini Elmar Qasımov bildirdi ki, ekologiyanın, 
								təbiətin qorunmasına həsr olunmuş bu tədbir 
								şagirdlər arasında 3 aydır ki, keçirilir. 
								Müsabiqə 2 nominasiya - rəsm və foto işləri üzrə 
								aparılır. 
								
								Bildiyiniz  kimi,  möhtərəm  Prezidentimiz  
								İlham  Əliyevin  sərəncamı  ilə  2010-cu  il  
								"Ekologiya  ili" elan  edilib.  Bu  ekologiya  
								ilinin  həyata  keçirilməsi  ilə əlaqədar 
								Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi 
								tədbirlər planı hazırlayıb müvafiq dövlət 
								qurumları ilə birlikdə həyata keçirir. O 
								cümlədən Təhsil Nazirliyi də Ekologiya və Təbii 
								Sərvətlər Nazirliyi ilə birgə bu tədbirin 
								həyata  keçməsində  iştirak  edir. 
								
								Bu tədbirlər planından biri də bu gün burada 
								toplaşdığımız sərgidir.  
								
								Nazir müavini onu da qeyd etdi ki, "Təbiət bizim 
								sərvətimizdir" adlı bu müsabiqədə şagirdlər 
								iştirak etməklə həm Azərbaycanı nə qədər 
								sevdiklərini, həm də təbiətdə baş verən neqativ 
								hallara qarşı öz narahatlıqlarını bildirirlər.
								 
								
								Daha sonra tədbirdə çıxış edən Ekologiya və 
								Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev 
								müsabiqə iştirakçılarına təmsil etdiyi nazirlik 
								adından yeni-yeni yaradıcılıq uğurları arzuladı. 
								
								Tədbirin sonunda müsabiqə qaliblərinə Təhsil 
								Nazirliyi və Ekologiya və Təbii Sərvətlər 
								Nazirliyinin diplomları və hədiyyələri təqdim 
								olundu. 
								
								İştirakçılar "Təbiət bizim sərvətimizdir" 
								mövzusunda nümayiş etdirilən rəsm və foto 
								işlərinə maraqla baxdılar.  
								
								
								Ədalət DAŞDƏMİRLİ,Niyazi RƏHİMOV
 |