Təhsil
sisteminin daimi təkmilləşməsi bu gün dünyanın
super dövlətlərinin siyasətində mühüm
məsələlərdən biri kimi xüsusi yer tutur. Bu
baxımdan dünya təhsilinə inteqrasiya olunan
Azərbaycan təhsilində köklü dəyişikliklər
reallaşdırılmaqdadır. İslahatlar ana dilinin
tədrisi üçün yeni era kimi dəyərləndirilir,
ibtidai siniflər bu prosesdə başlıca obyektdir.
Ümumiyyətlə, ana dilinin təhsil sistemində çox
böyük rolu və əhəmiyyəti var. Böyük pedaqoq və
ədəbiyyat tarixçisi F.B.Köçərli haqlı olaraq
"Ana dili millətin mənəvi diriliyidir", - deyə
vurğulamışdır.
Ruhun qidası olan ana dili (F.B.Köçərli) ailədə,
uşaq bağçası və məktəbdə təlim və tərbiyədə
mühüm vasitədir; ana dilinin öyrənilməsi
məktəblilərin ünsiyyət imkanlarını
genişləndirir, düşünmə, öyrənmə və danışma
bacarıqlarını formalaşdırır. Buradan da ana dili
tədrisi metodikasının problemlərinin tədqiqi
həmişə aktualdır.
Pedaqoji elmlər namizədi Şəlalə Nəbiyevanın "Ana
dili tədrisi metodikasının aktual problemləri"
metodik vəsaiti (elmi redaktor filologiya
elmləri doktoru, professor Buludxan Xəlilov,
rəyçilər filologiya elmləri doktoru, professor
Himalay Qasımov, professor Nadir Abdullayevdir)
ibtidai sinif müəllimləri üçün dəyərli
olacaqdır.
Kitabda ibtidai siniflərdə ana dili təliminin
nəzəri əsasları, ana dili tədrisinin və
dərsliklərinin tarixi ənənələri, ana dili
tədrisinə dair müasir təhsil nəzəriyyələri, dil
öyrənmənin mərhələləri, məktəbəqədər dövrdə
dilin mənimsənilməsi imkanları, müasir dərs və
qiymətləndirmə... kimi məsələlər ayrı-ayrılıqda
şərh olunmuşdur.
Metodik vəsaitin sonunda əlavələr verilmiş,
sinif müəllimlərinin ehtiyacı nəzərə alınaraq
təlimin fənn kurikulumları əsasında
planlaşdırılması da kitaba daxil edilmişdir.
E.ƏBDÜLOV |