Fəyyaz İldırımzadə Bakı şəhərindəki 200 nömrəli
Bağça-məktəb-lisey kompleksinin X sinfində
oxuyur. İdmanın karate növü üzrə 6 yaşından
məşqçi Yusif Cəfərovun rəhbərliyi altında
"Musado" idman klubunda məşğul olmağa başlayıb.
Nəhayət, gərgin məşqlər öz bəhrəsini verir və
çox keçmir ki, Fəyyaz peşəkar idmanda uğurlar
əldə etməyə başlayır. O, 2006-cı ildə "Qara
kəmər ustası" adına layiq görülür. 2007-ci ildə
Sumqayıt şəhərində keçirilən beynəlxalq Şotokan
karate-do üzrə üçüncü açıq çempionatda III yeri
tutur. 2008-2009-cu illərdə isə gənclər arasında
ümumilikdə üçqat ölkə çempionu adını qazanır.
Onun üçün 2010-cu il daha əlamətdar olub. Karate
ustamız fevralın 5-7-də Türkiyənin İzmir
şəhərində keçirilən 37-ci Avropa birinciliyində
qızıl medal qazanaraq ən yüksək uğurunu əldə
edir.
Qitə birinciliyində çempionluğa gedən yolda dörd
rəqibinə qalib gəlmiş idmançımızla bu günlər
redaksiyamızda görüşdük. O, yarış
təəssüratlarını bizimlə belə bölüşdü: "Mən
Avropa birinciliyinə çox ciddi hazırlaşmışdım.
Məqsədim yüksək nəticə əldə etmək idi. İlk
rəqibim makedoniyalı karateçi idi. Ona bir xal
fərqi ilə qalib gəldim. Sonra Serbiya karateçisi
ilə qarşılaşdım. Ən çətin döyüşüm də bu idmançı
ilə oldu. Onu 6:4 hesabı ilə üstələdim. Bu
gərgin yarışın finalında fransalı rəqibimə 5:0
hesabı ilə qalib gəldim".
Onu da qeyd edək ki, gənclərdən ibarət yığmanın
aparıcı üzvlərindən olan Fəyyaz İldırımzadə bu
uğurlarla kifayətlənmək niyyətində deyil. Onun
əsas məqsədi gənclər, gələcəkdə isə böyüklər
arasında dünya çempionu adını qazanmaqdır.
İdmançımızı qarşıda Amerikada keçiriləcək
nüfuzlu beynəlxalq turnir, Serbiyada təşkil
olunacaq dünya çempionatı və digər yarışlar
gözləyir.
"Arzum dünya çempionu olmaqdır", - deyən Fəyyaza
doğma Azərbaycanımızın idman şərəfini qorumaq
yolunda uğurlar diləyirik!
Ədalət DAŞDƏMİRLİ |