NDU-da Heydər Əliyev Universitetinin 133-cü
məşğələsi keçirilmişdir.
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
mövzusunda keçirilən məşğələni giriş sözü ilə
universitetin rektoru, akademik İsa Həbibbəyli
açmışdır. Rektor Azərbaycanın zəngin təbii
sərvətləri, əlverişli iqlimi, flora və faunası
haqqında məlumat vermişdir. Natiq müasir
dünyanın qlobal problemlərindən olan ekoloji
böhrandan danışmış, ekologiyanın qorunması
istiqamətində Azərbaycanda irimiqyaslı tədbirlər
həyata keçirilməsindən, dövlət başçısı İlham
Əliyev tərəfindən 2010-cu ilin ölkəmizdə
"Ekologiya ili" elan olunmasının əhəmiyyətindən
söz açmışdır.
Sonra universitetin Fəlsəfə və politologiya
kafedrasının müdiri, fəlsəfə elmləri namizədi,
dosent Novruzəli Rəhimov mövzu üzrə əhatəli
məruzə etmişdir. Məruzədə ümummilli lider Heydər
Əliyevin Azərbaycanda ekologiyanın, təbiət
abidələrinin mühafizəsi, dövlət qoruqlarının
yaradılması sahəsində fəaliyyətindən bəhs
olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq sərəncamları ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında bioloji
müxtəlifliyin qorunması və davamlı istifadəsinə
dair milli strategiya və fəaliyyət planı",
"Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq konvensiya
və sazişlərdən irəli gələn məsələlər sahəsində
əlavə tədbirlər", "Azərbaycan Respublikasında
ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair
2006-2010-cu illər üçün kompleks tədbirlər
planı" kimi mühüm dövlət sənədləri, cari ilin
"Ekologiya ili" elan olunması bu sahədə atılan
mühüm addımlardır. Məruzəçi Ermənistanın işğalçı
siyasəti nəticəsində Vətənimizin təbiətinə
qəddarlıqla ziyan vurulmasına qarşı mübarizədən
də söz açmışdır. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri V.Talıbovun regionda
ekoloji təmizliyin mühafizəsi, yaşıllaşdırma və
abadlıq işləri aparılması sahəsində məqsədyönlü
fəaliyyətinə də toxunulmuşdur.
Məşğələdə slayd nümayiş etdirilmiş, diskussiya
aparılmışdır.
Mehriban SULTAN |