| 
								
								"Milli pedaqogika məktəbi" elmi-pedaqoji, 
								bədii-publisistik jurnalının yeni, 2010-cu ilin 
								1-ci nömrəsi işıq üzü görüb. Jurnalın ilk 
								bölməsi "Pedaqogikanın ümumi məsələləri" 
								adlanır. Baş məqalə pedaqoji elmlər doktoru, 
								professor Nurəddin Kazımovun 14 cildlik 
								"Seçilmiş əsərləri"nə həsr olunur. Məqalənin 
								müəllifi jurnalın təsisçisi və baş redaktoru, 
								pedaqoji elmlər doktoru, professor Fərahim 
								Sadıqovdur. Məqalədə Azərbaycan Respublikası 
								Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm 
								xadimi, pedaqoji elmlər doktoru, professor 
								Nurəddin Kazımovun 14 cildlik əsərlər toplusunun 
								hər bir cildinin qısa təhlili verilmişdir. 
								
								Jurnalın ikinci bölməsi "Didaktika bölməsi" 
								adlanır. Bölmənin ilk məqaləsi S.Bəhlulzadə 
								adına Xarici dillər təmayüllü gimnaziyanın sinif 
								müəllimi Şəhla Aslanovanın "Fənn kurikulumunun 
								səmərəli tətbiqi müəllimin peşəkarlığından 
								asılıdır" yazısıdır. 
								
								Həmin gimnaziyanın digər sinif müəllimi İradə 
								Məlikovanın "Fəal təlim texnologiyalarını necə 
								tətbiq edirəm" adlı məqaləsi də bu bölmənin 
								diqqətçəkən yazılarındandır.  
								
								Adıçəkilən bölmənin növbəti yazısını TPİ-nin 
								elmi işçisi Mətanət Sadıqova "İbtidai siniflərin 
								oxu dərslərində fəal (interaktiv) təlim 
								metodlarından istifadənin imkanları" başlığı 
								altında təqdim etmişdir. 
								
								Bakı şəhər 5 nömrəli orta məktəbin ibtidai sinif 
								müəllimi Fatimə Xəzri-Mirzəyevanın "Fənn 
								kurikulumunun tətbiqi fəal təlimə əsaslanır" 
								məqaləsi də sözügedən bölmənin maraqlı 
								yazılarındandır. 
								
								Jurnal savadlı, tədqiqatçı tələbələrin 
								yazılarına da diqqətlə yanaşır və səhifələrində 
								belə yazılara daim yer ayırır. Nümunə olaraq 
								Bakı Slavyan Universitetinin pedaqogika 
								nəzəriyyəsi və tarixi ixtisası üzrə II kurs 
								magistrantı Nigar Hüseynovanın "İbtidai 
								siniflərdə fəal təlim zamanı qruplarla işin 
								təşkili" məqaləsini göstərə bilərik. 
								
								Bölmənin sonuncu məqaləsi isə Azərbaycan 
								Universitetinin alman dili müəllimi Arzu 
								Həmidzadənin "İnteraktiv dərsə verilən müasir 
								tələblər" yazısıdır. 
								
								"Tərbiyə nəzəriyyəsi bölməsi" də jurnalın ən 
								önəmli bölmələrindən biridir. 
								
								Bölmənin ilk məqaləsi isə BSU-nun dosenti, 
								pedaqoji elmlər namizədi Ayaz Qasımovun 
								"Beynəlmiləlçilik tərbiyəsinə yeni baxış" 
								adlanır. 
								
								"Yaşıl dünya" jurnalının redaktoru Yeganə 
								İbrahimovanın "Qurani-Kərim"də əxlaq tərbiyəsi" 
								yazısını da bu günümüz üçün çox əhəmiyyətli 
								hesab etmək olar. 
								
								"Mənəvi tərbiyə"nin düzlük, doğruluq, 
								xeyirxahlıq, əməksevərlik və s. komponentləri 
								haqqında ARTPİ-nin elmi işçisi Böyükxanım 
								Zülfüqarovanın "Məktəbəqədər yaşlı uşaqlarda 
								mənəvi keyfiyyətlərin formalaşdırılması" 
								məqaləsi də jurnalın 2-ci bölməsində yer alıb. 
								
								Professor İ.M.Aydınovun "Q.Ş.Kazımovun müasir 
								Azərbaycan dili dərsliyi haqqında düşüncələr" 
								adlı məqaləsi isə jurnalın "Pedaqoji rəy və 
								düşüncələr bölməsi"ndə verilib. 
								
								Jurnalda rus dilində yazılan məqalələr üçün də 
								xüsusi bölmə ayrılıb. BSU-nun prorektoru, 
								fəlsəfə elmləri doktoru, professor Məmməd 
								Əliyevin "Müasir mərhələdə dinşünaslığın 
								tədrisinin aktuallığı" adlı məqaləsi və digər 
								yazılar bu bölmədə verilib.  
								
								İnanırıq ki, əvvəlki nömrələr kimi, jurnalın 
								növbəti nömrəsi də oxucuların marağına səbəb 
								olacaqdır.  
								
								
								Şəfiqə TAHİROVA,Azərbaycan Respublikası Təhsil Problemləri 
								İnstitutunun dissertantı
 |