| 
								
								Aprelin 21-də Yasamal rayonundakı 60 nömrəli 
								məktəbdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsi və Mətbuat Şurasının birgə 
								təşkilatçılığı ilə "Təhsil müəssisələri və 
								media: qarşılıqlı münasibətlər" mövzusunda 
								"dəyirmi masa" keçirilib. 
								
								Təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, 
								Mətbuat Şurasının sədri Əflatun Amaşov, şuranın 
								idarə heyətinin üzvləri, qəzet redaktorları, 
								paytaxtın bəzi məktəb direktorlarının iştirak 
								etdiyi tədbirdən öncə qonaqlar 60 nömrəli 
								məktəblə tanış olub, müasir metodlarla aparılan 
								dərslərdə iştirak ediblər.  Daha  sonra  təhsil  
								müəssisələri  ilə media qurumları arasında 
								qarşılıqlı münasibətlər mövzusu ətrafında 
								müzakirələr aparılıb.  
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və 
								ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə 
								Əliqızı təmsil olunduğu idarənin mətbuatla sıx 
								əməkdaşlıq etdiyini və bu sahədə görülən işləri 
								diqqətə çatdırıb, mövcud problemlərdən söz açıb. 
								
								Mətbuat Şurasının sədri Əflatun Amaşov təhsil 
								müəssisələri ilə media arasında əlaqələrin daha 
								da genişləndirilməsinin, təhsildən yazan 
								jurnalistlərin bu sahədəki problemlərin həllinə 
								yardımçı olmalarının vacibliyinə toxunub, 
								həmçinin rəhbəri olduğu təşkilatın Təhsil 
								Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 
								əməkdaşlığından danışıb. Sonra Mətbuat Şurasının 
								sədri ölkənin və cəmiyyətin inkişafı üçün 
								strateji istiqamətlərdən biri olan təhsil 
								sahəsinə xüsusi önəm verilməsini media 
								rəhbərlərinə və jurnalistlərə tövsiyə edib. 
								Azərbaycan təhsilində görülən işləri yüksək 
								dəyərləndirən Ə.Amaşov ictimaiyyətin bu 
								istiqamətdə mütəmadi olaraq 
								məlumatlandırılmasının zəruri olduğunu bildirib. 
								
								Təhsil naziri Misir Mərdanov müzakirə edilən 
								məsələnin əhəmiyyətinə diqqət çəkərək, təhsil 
								sistemində baş verən yeniliklər barədə 
								ictimaiyyətin düzgün məlumatlandırılmasının 
								vacibliyini vurğulayıb. Nazir onu da qeyd edib 
								ki, mətbuatla əməkdaşlıq bütün sahələrdə olduğu 
								kimi, təhsil sahəsində də həyata keçirilən 
								islahatların müsbət nəticələnməsinə təkan verir. 
								Belə müzakirələrin mütəmadi keçirilməsinin 
								əhəmiyyətini qeyd edən nazir mətbuat 
								nümayəndələri və qəzet redaktorlarının ucqar 
								kənd məktəblərinə getmələri, buradakı təhsil 
								şəraiti ilə yaxından tanış olmaları təklifi ilə 
								çıxış edib.  
								
								"Azərbaycan" qəzetinin baş redaktoru, Mətbuat 
								Şurasının üzvü Bəxtiyar Sadıqov Azərbaycan 
								jurnalistikasının bugünkü durumu haqqında 
								iştirakçılara geniş məlumat verib, Mətbuat 
								Şurasının "qara siyahı"sında olan kütləvi 
								informasiya vasitələrinə qarşı mübarizədə dövlət 
								qurumları və jurnalistlərin birgə mübarizə 
								aparmasının məqsədəuyğun olduğunu bildirib. Daha 
								sonra B.Sadıqov ziyalıları, təhsil müəssisəsi 
								rəhbərlərini ictimai fəallığın artırılmasına və 
								sıx əməkdaşlığa dəvət edib, rəhbərlik etdiyi 
								qəzetin təhsil sahəsinə diqqət göstərdiyini və 
								bu işin davamlı olacağını qeyd edib.  
								
								Azərbaycan Respublikasının Prezidenti yanında 
								Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
								Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar 
								Səfərli çıxış edərək, rəhbərlik etdiyi qurumun 
								kütləvi informasiya vasitələri ilə birgə gördüyü 
								işlərdən danışıb, fondun təsdiq etdiyi proqram 
								və layihələrdə təhsil sahəsinə xüsusi önəm 
								verildiyini və müvafiq istiqamətdə görülən 
								işlərin bundan sonra da gücləndiriləcəyini 
								diqqətə çatdırıb.  
								
								Sonra "İki sahil" qəzetinin baş redaktoru Vüqar 
								Rəhimzadə Mətbuat Şurasında "reket qəzet"lərlə 
								mübarizə üzrə işçi qrupuna rəhbərlik etdiyini, 
								istər təmsil olunduğu qəzetdə, istərsə də 
								Mətbuat Şurasında təhsil sahəsinə yüksək 
								diqqətlə yanaşıldığını qeyd edib. 
								
								"Dəyirmi masa"da çıxış edən Təhsil Nazirliyinin 
								İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram 
								Hüseynzadə nazirliklə kütləvi informasiya 
								vasitələri arasındakı münasibətlərdən söz açıb, 
								ikitərəfli münasibətlərin daha da 
								yaxşılaşdırılması üçün rəy və təkliflərini 
								bildirib. 
								
								Tədbirdə çıxış edən məktəb direktorları bəzi 
								mətbuat orqanlarında müəllim nüfuzuna xələl 
								gətirən materialların dərc olunması və bunun 
								ictimaiyyətə təsiri ətrafında danışıblar. 
								
								Sonda təhsildən yazan jurnalistlərin ixtisasının 
								artırılması, Təhsil Nazirliyi, Kütləvi 
								İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və 
								Mətbuat Şurasının birgə müsabiqə təşkil etməsi 
								barədə müzakirələr aparılıb və tədbirlər planı 
								hazırlamaq məqsədilə işçi qrup yaradılıb. 
								
								Tədbirdə iştirakçılara Mətbuat Şurasının "reket 
								mətbuat" elan etdiyi və 94 qəzetin yer aldığı 
								"qara siyahı" təqdim edilib.  |