(Əvvəli
qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə Təhsil
Nazirliyinin Amerika Birləşmiş Ştatları
təşkilatları ilə təhsil sahəsində həyata
keçirilən birgə layihə və proqramları barədə
fikirlərimi davam etdirəcəyəm.
Dünyaya Baxış (World Vision) beynəlxalq
humanitar təşkilatı. Təşkilat 1994-cü ildən
Azərbaycanda fəaliyyətə başlamışdır. İlk
dövrlərdə onun fəaliyyəti "Ümumdünya Ərzaq
Proqramı" çərçivəsində məcburi köçkünlərə ərzaq
yardımı layihəsi ilə bağlı olmuşdur. Ərzaq
yardımları respublikanın 32 rayonunda
məskunlaşmış təqribən 200 min məcburi köçkün
uşaqlara paylanmışdır.
Bundan əlavə, Dünyaya Baxış təşkilatının maliyyə
dəstəyi ilə ölkədə 30-a yaxın təhsil və tibb
müəssisəsi inşa və ya təmir edilmişdir. Buna
misal olaraq Bakı, Mingəçevir, Goranboy,
Ağcabədi və digər yerlərdə tikilmiş və
avadanlıqlarla təmin edilmiş orta məktəb və uşaq
bağçaları binalarını göstərmək olar.
2004-2005-ci tədris ilindən başlayaraq Dünyaya
Baxış təşkilatı "Xüsusi qayğıya ehtiyacı olan
uşaqlar: mövqelər, təcrübələr və siyasət" pilot
layihəsini həyata keçirir. Qeyd etmək lazımdır
ki, bu, Azərbaycanda həyata keçirilən ilk
inklüziv təhsil layihəsi olmuşdur. Layihənin
məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların
öz həmyaşıdları ilə eyni şəraitdə təhsil almaq
hüququnu təmin etməkdir. Layihə çərçivəsində
inklüziv təhsilə cəlb olunmuş təhsil işçiləri
üçün müxtəlif treninq və seminarlar təşkil
edilmiş və dünyada mövcud olan yeni təhsil
texnologiyaları Azərbaycanda sınaqdan
keçirilmişdir. Hazırda Dünyaya Baxış
təşkilatının bu layihəsi çərçivəsində 164 xüsusi
qayğıya ehtiyacı olan uşaq inklüziv təhsilə cəlb
edilib və təhsilini müvəffəqiyyətlə davam
etdirir.
Pilot layihə çərçivəsində 2004-2009-cu illər
ərzində 500 nəfər ibtidai sinif müəllimi,
məktəbəqədər təhsil müəssisələrinin
tərbiyəçiləri, 20 nəfər məktəb direktoru və
digər heyət üçün treninq, mini seminarlar və
digər tədbirlər keçirilmişdir. Pilot layihənin
icrası zamanı, həmçinin valideynlər,
inzibatçılar, universitet müəllimləri, sosial
sahədə işləyən mütəxəssislər, psixoloqlar,
həkimlər, defektoloq və loqopedlər üçün təlimlər
də təşkil edilmişdir.
Layihənin məqsədlərinə uyğun olaraq müəllimlər,
valideynlər, uşaqlar, xüsusi təhsil
mütəxəssisləri, ali təhsil müəssisələrinin
işçiləri, ictimaiyyət və layihəni icra edən
mütəxəssislər üçün metodik vəsaitlər
hazırlanmış, bir sıra xarici ədəbiyyatlar
tərcümə olunaraq çap etdirilmişdir.
"Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və dövlət
uşaq müəssisələrində yaşayan uşaqlar" mövzusunda
ictimaiyyəti məlumatlandırmaq və onların
cəmiyyətə daha yaxşı inteqrasiya olunmasına
yardım etmək məqsədilə bir sıra tədbirlər həyata
keçirilmişdir. Belə ki, təşkilatın maliyyə
dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan bir
qızın həyatından bəhs edən "Yuxuların çin olduğu
yerdə" kitabı nəşr edilmiş və ibtidai siniflər
üçün sinifdənxaric oxu materialı kimi məktəblərə
paylanmış, həmin kitab haqqında məktəblilər
arasında inşa müsabiqəsi keçirilmiş, müxtəlif
mövzularda teledebatlar və digər verilişlər
hazırlanmış, qısa sosial reklamlar hazırlanaraq
ictimaiyyətə təqdim edilmişdir. Belə məlumat
kampaniyaları həm ictimaiyyətin, həm də qərar
qəbul edənlərin bu problemlərə diqqətini
artırmışdır.
Dünyaya Baxış təşkilatı "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı"nın icrasına dəstək layihəsini də
həyata keçirir. Burada məqsəd dövlət uşaq
müəssisələrində yaşayan xüsusi qayğıya ehtiyacı
olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin
olunması üçün müvafiq hüquqi və sosial mühitin
yaradılmasına kömək etməkdir. Layihə
çərçivəsində aşağıdakı istiqamətlərdə tədbirlər
həyata keçirilir:
-De-institutlaşdırma və uşaqların müdafiəsi üzrə
qanunvericilik bazasının nəzərdən keçirilməsi və
təhlili, Uşaq Müdafiə Sisteminin inkişafına
yardım edilməsi.
-Proqram çərçivəsində uşaq və ailələrlə
işləyəcək peşəkar sosial işçilərin hazırlanması
məqsədilə onların statusu, məsuliyyəti və
vəzifələrinin müəyyənləşdirilməsi, potensial
sosial işçilərin (müəssisələrin işçi heyəti,
uşaq və ailə məsələləri üzrə işləmək istəyənlər)
təlim alması üçün kurikulumun işlənməsi.
-Ümumi təhsil müəssisələrində inklüziv təhsil
üzrə metodologiyanın işlənilib hazırlanması.
-Dövlət Proqramı barədə məlumatlandırma
kampaniyasının aparılması.
Gənclərin inkişafı və məşğulluq şəbəkəsinin
yaradılması layihəsi. Layihənin məqsədi ölkə
Prezidentinin 3 iyul 2007-ci il tarixli
Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı"nın icrasına yardım
göstərməkdir. Dünyaya Baxış təşkilatı "Gənclərin
məşğulluq şəbəkəsinin yaradılması" vasitəsilə bu
proqramın həyata keçirilməsinə öz dəstəyini
göstərmək əzmindədir.
Layihə çərçivəsində Bakının Qaradağ rayonunda
yerləşən iki texniki peşə təhsili müəssisəsinin
(14 və 16 nömrəli) maddi-texniki bazasının
gücləndirilməsinə və standartların
təkmilləşdirilməsinə dəstək göstəriləcəkdir.
Həmin məktəblərdə tətbiq olunacaq yeni
standartlar Qaradağ rayonu Ələt, Sahil, Qobustan
və Ümid qəsəbələrində gənclərin məşğulluq
imkanlarını nəzərəçarpacaq dərəcədə artıracaq.
Layihə çərçivəsində qısamüddətli (2-3 ay) peşə
təlimlərinin keçilməsi də nəzərdə tutulmuşdur.
Bu layihə gənclərin texniki peşə təhsilinə geniş
cəlb olunması imkanının artırılması, işsizliyin
aradan qaldırılması və əmək bazarının
tələblərinin ödənilməsi məqsədilə texniki peşə
təhsilinin təkmilləşdirilməsini nəzərdə tutur.
Dünyaya Baxış təşkilatı Azərbaycanda fəaliyyət
göstərdiyi 16 il ərzində həyata keçirdiyi
layihələrə ümumilikdə 80 milyon ABŞ dolları
vəsait sərf etmişdir.
ABA/CEELİ təşkilatı. Amerika Hüquqşünaslar
Assosiasiyası (American Bar Association - ABA)
1999-cu ildən Azərbaycanda ABŞ Beynəlxalq
İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə
fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi
hüquqi islahatlar prosesinə yardım göstərməklə
qanunun aliliyinə xidmət etməkdir. Azərbaycan da
daxil olmaqla 40-dan çox ölkədə nümayəndəliyi
fəaliyyət göstərən ABA məhkəmə, vəkillik
fəaliyyəti, hüquq müdafiəsi, gender məsələləri
və hüquqi maarifləndirmə ilə bağlı islahatlar
sahəsində dövlət və qeyri-hökumət təşkilatları
üçün hüquq təcrübəsi və texniki yardım
xidmətləri göstərir.
Hazırda Azərbaycanda ABA hüquq təhsili
islahatları, cinayət hüququ, qanunun aliliyi
istiqamətlərində fəaliyyət göstərir. ABA-nin
nəzdində Hüquqi Yardım Mərkəzi də fəaliyyət
göstərir.
Hüquq təhsili islahatları proqramı çərçivəsində
ABA dövlət və özəl universitetlərinin hüquq
fakültələri ilə sıx əməkdaşlıq edir. Proqramın
əsas istiqamətləri hüquq klinikalarının
inkişafı, canlı hüquq, məsafədən təhsil, təlim
üsulları və proqramlarının təkmilləşdirilməsi,
hüquq fakültələri kitabxanalarının
zənginləşdirilməsidir.
Canlı Hüquq Proqramı hüquqi təhsil layihələri
arasında həyata keçirilən unikal proqramdır.
Proqram çərçivəsində hüquqşünas tələbələr
qeyri-hüquqşünasları maarifləndirir. Bu o
deməkdir ki, Canlı Hüquq Proqramı vasitəsilə,
bir tərəfdən, hüquq və beynəlxalq hüquq
fakültələri tələbələrinin professional
inkişafına şərait yaradılır, digər tərəfdən isə
qeyri-hüquqşünasların hüquqi cəhətdən
maarifləndirilməsinə istiqamətləndirilmiş fəal
vətəndaş mövqeyi təbliğ edilir. Canlı Hüquq
Proqramı dünyada 1972-ci ildən həyata
keçirilməyə başlanmış və hazırda Amerika,
Afrika, Avropa, Asiyanın qırxdan çox ölkəsini
əhatə etmişdir.
Azərbaycanda Canlı Hüququ Proqramı Amerika
Hüquqşünaslar Assosiasiyasının Hüquqi Təhsil
İslahatları Proqramı tərəfindən 2004-2005-ci
tədris ilindən başlayaraq həyata keçirilir.
Proqramın ilk ilində hüquq və beynəlxalq hüquq
fakültəsinin 18 tələbəsi Bakı və Sumqayıtın
doqquz məktəbində 150 nəfər səkkizinci sinif
şagirdinə Canlı Hüquq dərslərini tədris etməyə
başlamışdır.
Proqramın ikinci ilində Canlı Hüquq Proqramının
əhatə dairəsi genişlənmişdir. 2005-2006-cı
tədris ilində Proqramda hüquq və beynəlxalq
hüquq ixtisası üzrə təhsil alan 46 tələbə
iştirak etmişdir. Onlar altı və yeddinci sinif
şagirdlərinə Canlı Hüquq dərslərini tədris
etmişlər. Qeyd olunan tədris ilində proqramda
ümumilikdə 18 məktəbin 455 şagirdi iştirak
etmişdir. Qeyd olunmalıdır ki, 2005-2006-cı
tədris ilində Canlı Hüquq Proqramı onlayn olaraq
Gəncə və Mingəçevir məktəblərində də tədris
edilməyə başlanmışdır.
Proqram 2006-2007-ci tədris ilində də davam
etdirilmiş, üçüncü sinif şagirdləri üçün Canlı
Hüquq dərsləri hazırlanmış və Bakı şəhərinin
daha 5 məktəbində tədris edilməyə başlanmışdır.
Bundan əlavə, tələbələr altı, yeddi və
səkkizinci sinif şagirdlərinə Canlı Hüquq
dərslərini auditoriya şəraitində, doqquz və
onuncu sinif şagirdlərinə isə İnternet
vasitəsilə tədris etmişlər. Beləliklə, həmin
ildə proqramda hüquq və beynəlxalq hüquq
fakültəsinin 45 tələbəsi iştirak etmişdir. Qeyd
olunmalıdır ki, həmin tədris ilində Canlı Hüquq
Proqramı Azərbaycan və Qafqaz Universitetlərində
ayrıca bir proqram kimi fəaliyyət göstərmişdir.
Bu tədris ilində proqramda 22 orta məktəb
iştirak etmiş (12-si Bakı, 3-ü Sumqayıt, 3-ü
Gəncə, 2-si Mingəçevir və 2-si Lənkəran məktəbi
olmaqla), 654 şagird Canlı Hüquq dərslərini
dinləmiş və məzun olmuşlar.
2007-2008-ci dərs ilində Canlı Hüquq Proqramında
33 məktəb iştirak etmişdir. Onlardan 18-i Bakı,
3-ü Sumqayıt, 5-i Lənkəran, 4-ü Gəncə, 1-i
Mingəçevir və 2-si Xaçmaz məktəbləri olmuşdur.
Həmin məktəblərin 1295 şagirdi Canlı Hüquq
dərslərində iştirak etmiş və məzun olmuşlar.
Həmin tədris ilində Proqramın davamlılığının
təmin edilməsi məqsədi ilə Bakı şəhəri 177 və 16
nömrəli məktəblər seçilmiş və burada altıncı və
yeddinci siniflərdə Canlı Hüquq dərsləri bir
məktəb müəllimi və bir tələbə komandası
tərəfindən tədris edilmişdir. 177 nömrəli
məktəbdən bu prosesə üç, 16 nömrəli məktəbdən
isə bir müəllim cəlb olunmuşdur. Təlimçilər üçün
təlim başlayandan sonra 63 nömrəli məktəbin bir
müəllimi də təlimlərdə iştirak etmişdir.
Beləliklə, proqramın ikinci fazasında 3 Bakı
məktəbində Canlı Hüquq dərsləri müəllim və
tələbə komandaları şəklində tədris edilmişdir.
Canlı Hüquq Proqramı beynəlxalq ictimaiyyətin də
diqqətini cəlb etmişdir. Məhz bu marağın
nəticəsi olaraq Proqramın sonunda ABŞ-ın
Azərbaycandakı səfiri Anne Dersi 177 nömrəli
məktəbin üçüncü siniflərinin Canlı Hüquq
Proqramından məzun olma mərasimində iştirak
etmişdir.
Layihə çərçivəsində Canlı Hüquq Onlayn Proqramı
da uğurla həyata keçirilmişdir. Belə ki,
layihədə 4 regiondan - Lənkəran, Gəncə,
Mingəçevir və Xaçmazdan 12 məktəb iştirak
etmişdir. Lənkəran şəhər 10 nömrəli məktəbi
əlaqələndirici qismində çıxış edərək uğurlu
göstəricilər əldə etmişdir.
Aparılan işlərin nəticəsində 2007-2008-ci tədris
ilində Canlı Hüquq Proqramının statistik
göstəriciləri ötən üç ilin göstəricilərinə
bərabər olmuşdur. Belə ki, Proqramda 81 tələbə 6
regionda 33 məktəbin 1295 şagirdinə Canlı Hüquq
dərsləri keçmişlər.
2008-2009-cu tədris ilində Canlı Hüquq Məzunlar
Birliyi yaradılmışdır. Həmin dərs ilində Canlı
Hüquq Proqramı Bakı şəhərinin 177 və 250 nömrəli
məktəblərinin üçüncü, altıncı və yeddinci
siniflərində davam etdirilmişdir. 177 nömrəli
məktəbdən beş, 250 nömrəli məktəbdən bir müəllim
layihənin bu hissəsinə cəlb edilmişdir. Eyni
zamanda Canlı Hüquq Online Proqramına
Zaqatalanın Humanitar Fənlər Gimnaziyası da
qoşulmuş və Proqram Gəncə, Mingəçevir şəhərləri,
Lənkəran və Zaqatala rayonları olmaqla daha 4
regionu da əhatə etmişdir.
Ümumilikdə 2008-2009-cu tədris ilində 20 hüquq
fakültəsi tələbəsi və 6 müəllim Bakı, Gəncə,
Mingəçevir, Lənkəran və Zaqatalanın 20
məktəbində 462 şagirdə Canlı Hüquq dərslərini
tədris etmişlər. Canlı Hüquq Proqramı
2009-2010-cu tədris ilində davam etdirilir.
Layihə çərçivəsində 2008-ci il avqust ayının
3-8-də Qubada Canlı Hüquq Yay Məktəbi təşkil
edilmişdir. Yay məktəbində 30 məktəbli iştirak
etmişdir. Məktəbin təşkili hüquqşünas
tələbələrin hüquqi biliklərini təkmilləşdirir,
onlara hüquqi qaydaları uyğun şəkildə bir qrupda
müxtəlif yaşda uşaqlara interaktiv üsullarla
tədris etmək bacarıqları aşılanmışdır. Eyni
zamanda regionda uşaqları yeni hüquqi
anlayışlarla tanış etməklə yanaşı, onları
gündəlik həyatda necə tətbiq etməyi də
öyrədirdi.
Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı
vaxtdan Proqram davamlı olaraq inkişaf etmişdir.
Ümumilikdə 2004-2009-cu illərdə Canlı Hüquq
Proqramı vasitəsilə 8 universitetin hüquq və
beynəlxalq hüquq fakültələrindən 235 tələbə
Azərbaycanın 8 regionu üzrə 100 məktəbində həm
siniflərdə, həm də İnternet vasitəsilə 3054
şagirdə hüquq dərsləri keçmişlər.
Canlı Hüquq Proqramını davamlı etmək üçün onun
universitet və məktəblərin fəaliyyətinin tərkib
hissəsinə çevrilməsi layihə qarşısında duran
vəzifələrdən idi. Məhz universitetin tərkib
hissəsinə çevrilən Canlı Hüquq Proqramı öz
sıralarına hər il daha çox hüquq və beynəlxalq
hüquq fakültəsi tələbələrini cəlb edərək,
Proqramda iştirak edən tələbələrin sayını
artırar və bu kurs universitetin tədris
proqramına daxil olardı. Daha sonra isə bu
proqram seçmə fənn kimi universitetin tədris
planına salına bilərdi.
Məktəblərin tərkib hissəsi olaraq isə bu proqram
hər il daha çox şagirdin hüquqi cəhətdən
maarifləndirilməsinə, müəyyən mərhələdə
müəllimlərin də bu prosesə cəlb edilməsinə səbəb
olar, nəticədə ictimaiyyətin hüquqi
maarifləndirilməsi durmadan inkişaf edər.
Məktəblərdə Canlı Hüquq Proqramı fakültativ fənn
olaraq reallaşa bilər. Bu fənni tədris edən
müəllimlə hüquq fakültəsi tələbəsi birlikdə
Canlı Hüquq fənnini tədris edə bilər. Bu isə, öz
növbəsində, həmin proqramda istifadə edilən
metodların müəllimlər tərəfindən
mənimsənilməsinə şərait yaratmış olardı. Bundan
əlavə, layihə çərçivəsində Canlı Hüquq Proqramı
üzrə dərs vəsaitləri, tədris materiallarının
çapı mütəşəkkil hala çevrilərdi.
Gənclərin nailiyyəti (Junior Achievement)
təşkilati. Gənclərin nailiyyəti təşkilatı
1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir,
məktəblərdə iqtisadiyyat və biznes təhsilinin
inkişafı ilə bağlı layihələr həyata keçirir.
2003-cü ildən etibarən təşkilat ABŞ Beynəlxalq
İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə
məktəblərdə İqtisadiyyatın tədrisi proqramını
həyata keçirir.
Proqram iqtisadiyyat fənninin inkişaf etmiş
ölkələrdə qəbul edilmiş metodlarla tədrisi,
qlobal biznes etikası, biznesin idarəolunması və
təşkili, iqtisadi problemlərin həlli yollarının
yuxarı sinif şagirdlərinə aşılanması məqsədini
daşıyır. Təşkilatın əsas məqsədlərindən biri
iqtisadiyyatın tədrisi üçün iş adamlarını təhsil
prosesinə cəlb etməkdir. Hazırda Statoil, Exon
Mobil, Chevron, Pricewaterhouse Coopers, Baker
and McKenzie, McDermott Caspian, Garadagh
Cement, KCA Deutag, Bank Nikoil kimi şirkətlər
təşkilatın layihələrini maliyyələşdirir və
könüllü trenerlər qismində iştirak edirlər.
Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatının
müraciəti əsasında 2000-2001-ci dərs ilindən
etibarən eksperiment qaydasında Bakı şəhərinin
10 ümumtəhsil məktəbinin X siniflərində
"İqtisadiyyata giriş" fənninin tədrisinə
başlanmışdır. Sonradan bu məktəblərin X və XI
siniflərində "İqtisadiyyata giriş" fənninin
tədrisi davam etdirilməklə yanaşı, eksperimentlə
əhatə olunmuş məktəblərin sayı ilbəil
artırılmışdır. Təşkilat bu məktəblərə
tədris-metodiki və texniki köməklik göstərmiş,
müəllimlər üçün treninqlər keçirmiş, fənnin
tədris olunduğu məktəblərdə kompüterlər
quraşdırmışdır.
2005-ci ildə Azərbaycan məktəblərində
İqtisadiyyatın tədrisi proqramına 14 bölgədən
130 məktəb cəlb olunmuş, 50 məktəbdən 100
müəllim təlimlərdə iştirak etmişdir. Həmçinin
məktəblərə 7000 nüsxə "İqtisadiyyat" dərsliyi
paylanmışdır. 2006-cı ildə proqram 20 bölgədən
180 məktəbi əhatə etmiş, proqrama yeni 45 orta
məktəb və 5 kollec cəlb edilmişdir. Həmin
məktəblərdən 100 müəllim üçün təlimlər
keçirilmiş, məktəblərə 6000 nüsxə "İqtisadiyyat"
dərsliyi paylanmışdır.
Təhsil Nazirliyi tərəfindən aparılan müşahidələr
və müzakirələr və eksperimentin 7 illik müsbət
təcrübəsi onun əhatə dairəsinin
genişləndirilməsinə əsas vermiş, 2007-2008-ci
dərs ilində həmin fənnin respublikanın daha 50
təhsil müəssisəsində tədrisinə başlanması
qərarlaşdırılmışdır. 2008-2009-cu dərs ilində
"İqtisadiyyata giriş" fənninin respublikanın
daha 15 təhsil müəssisəsində (Ağdaş rayonu
Yuxarı Ləki və Güvə kənd, Ucar rayonu Qaradağlı
kənd, Kürdəmir rayonu Karrar, Atakişi, Ərşəli və
Çöhranlı kənd, Yevlax rayonu 8 nömrəli, 4
nömrəli şəhər, Səmədabad və Nərimanabad kənd,
Goranboy rayonu Borsunlu kənd 1 nömrəli,
Eyvazlılar, Cinli-Boluslu və Nadirkənd kənd orta
məktəblərinin X siniflərində) tədrisinə
başlanılmışdır.
Həmin dərs ilində Gənclərin Nailiyyəti təşkilatı
öz fəaliyyətini respublikanın 20 bölgəsinin 175
orta məktəbində və 5 kollecində davam
etdirmişdir. Həyata keçirilən proqramlara yeni
qoşulmuş 50 orta məktəbin 10-11-ci sinif
şagirdləri təşkilat tərəfindən çap olunmuş
"İqtisadiyyat" dərslikləri ilə təmin olunmuş,
hər bir məktəbə ən azı 1 kompüter verilmişdir.
Təşkilat 2009-cu ildə yüzə yaxın müəllim üçün
yay tətili zamanı iqtisadiyyatın tədrisi
kursları, 14 müəllim və 660 şagird üçün qlobal
biznes etikası kursları təşkil etmiş, 170 şagird
təşkilatla əməkdaşlıq edən iş adamlarının
təlimatı ilə biznesin idarəolunmasını öyrənmiş,
200 amerikalı və azərbaycanlı şagird İnternet
vasitəsilə reklam strategiyalarına
yiyələnmişdir.
Gənclərin Nailiyyəti ildən-ilə proqramın əhatə
dairəsini genişləndirmiş, hazırda İqtisadiyyat
fənninin tədrisi ölkə üzrə 26 rayonun 245
məktəbini, o cümlədən 4 peşə liseyi və 1 kolleci
təmsil edən 94500 şagirdi, 360 müəllimi əhatə
edir.
Həyata keçirilmiş tədbirlər nəticəsində
Azərbaycan şagirdləri hər il Hewlett Packard
korporasiyasının və Junior Achievement Ümumdünya
təşkilatının keçirdiyi beynəlxalq iqtisadiyyat
və biznes yarışında böyük uğurlar qazanmışlar.
Proqram çərçivəsində ölkəmizin şagirdlərindən
ibarət 30 komanda biznes və iqtisadiyyat
yarışına qoşulmuş, beş ay ərzində davam edən bu
bilik mübarizəsi nəticəsində 21 komandamız
yarımfinala, bunlardan biri - Zəngi liseyinin
komandası finala vəsiqə qazanmışdır. 2008-ci
ilin yayında ABŞ-da keçirilən final mərhələsində
Zəngi liseyinin komandası 1000-dən artıq
komandanı arxada qoyaraq, III yeri tutmuşdur.
Bundan başqa, Azərbaycan Gənclərinin Nailiyyəti
təşkilatı 2008-ci ilin may-avqust aylarında orta
məktəblərdə İqtisadiyyatın tədrisi proqramı
çərçivəsində fərqlənmiş doqquz fəal şagirdə peşə
təcrübəsi proqramında iştirak etmək imkanı
yaratmışdır. Hər il təşkilatın həyata keçirdiyi
layihələrin 20 qalibi əməkdaşlıq edilən
şirkətlərdə peşə təcrübəsi keçmək imkanı əldə
edirlər. Təcrübə proqramı hər şagirdi qəbul
edildiyi şirkətin əməkdaşı olan karyera
məsləhətçisi ilə təmin edir. Həmin il Azərbaycan
Gənclərinin Nailiyyəti təşkilatı Exon Mobil,
Statoil Azərbaycan, McDermott Caspian
Kontraktors, KCA Deutaq və Bank Nikoil ilə
səmərəli əməkdaşlıq qurmuş, bu şirkətlərin
təmsilçiləri iyirmi şagirddən doqquzunu müsahibə
vasitəsilə peşəkar təcrübə proqramına seçmiş,
həmin şagirdlər bir həftədən iki aya qədər bu
şirkətlərdə çalışmışlar.
Hazırda "İqtisadiyyata giriş" layihəsi uğurla
davam etdirilir. Fənnin tədrisində Təhsil
Nazirliyi tərəfindən təsdiq olunmuş
eksperimental tədris proqramı və Gənclərin
Nailiyyəti təşkilatı tərəfindən Azərbaycan və
rus dillərində nəşr edilmiş "Tətbiqi
iqtisadiyyat" adlı tədris vəsaitindən istifadə
edilir.
Gənclərin Nailiyyəti təşkilatı 2008-ci il mart
ayının 2-də Məktəbli Biznes Günü tədbirini
keçirmişdir. Eyni vaxtda həyata keçirilən üç
fəaliyyət növündən - iqtisadiyyata dair milli
yarışmanın finalı, məktəblilərin biznes plan
təqdimatları və məktəbli məhsullarının
yarmarkasından ibarət olan tədbir Məktəblərdə
İqtisadiyyatın Tədrisi (SEE) proqramının bir
hissəsi kimi həyata keçirilmişdir. 2007-ci ilin
oktyabr ayından start götürmüş iqtisadiyyata
dair milli yarışma Bakı, Sumqayıt, Bərdə, Gəncə,
Yevlax, Mingəçevir və Lənkərandan 36 məktəbdən
58 məktəbli-komandanı cəlb etmişdir. Final
mərhələsində səkkiz komanda iştirak etmiş, Bakı
şəhərindən olan komanda qalib elan olunmuşdur.
Eyni zamanda Bakı, Sumqayıt, Mingəçevir, və
Göyçaydan olan finalçılar biznes plan və
məhsullarını McDemott, Caspian Kontractors,
Statoil Azərbaycan, USAİD, Avroasiya fondu və
AİG şirkətinin biznes mütəxəssislərindən ibarət
münsiflər heyətinə təqdim etmişlər.
2005-ci ildən məktəblərdə İqtisadiyyatın Tədrisi
proqramı JA Worldwide-la əməkdaşlıq şəraitində
Qlobal Biznes Etikası (GBE) proqramını həyata
keçirir. Proqram Bakı və digər on rayondan 17702
şagirdi və 60 müəllimi əhatə etmişdir. Kurs 12
həftə ərzində konkret situasiyalara əsaslanan
proqram əsasında aparılaraq dünyada məktəbliləri
bir-biri ilə əlaqələndirir, onlara etik
məsələlərlə bağlı debat və müzakirələr aparmaq,
biznes etikası məsələlərini araşdırmaq imkanı
verir. Proqram çərçivəsində həm müəllimlər, həm
də məktəblilər bir sıra təlim sessiyalarında
iştirak edirlər. Bu proqramda iştirak edən
məktəblilərdən ikisi 2006-cı ildə keçirilən
Beynəlxalq Esse Yarışmasının qalibi olmuş və
esseləri ilə bağlı təqdimatlar aparmaq üçün
Qırğızıstana səfər etmişlər. Şahin Qəhrəmanzadə
və Ayaz Əfəndiyev biznesmen olmağı qərara
almışdılar, amma özləri etiraf etdikləri kimi
"uğurlu biznes təmsilçisinin hansı keyfiyyət və
bacarığa malik olmasını bilmirdilər". Hazırda
JAA proqramlarını bitirdikdən sonra hər iki
şagird Almaniya və Rusiyadan olan tərəfdaşları
ilə birlikdə Newstyle adlı web-dizayn biznesi
ilə məşğuldurlar. Hər iki məktəbli JAA
proqramının onların gələcək biznesmenlər kimi
hazırlanmasında böyük rol oynadığını qeyd edir,
çünki bu proqram onlara "nəzəri" bilik verməklə
yanaşı, bacarıqları təcrübədə tətbiq etmək
imkanı vermişdir.
Şagirdlər üçün biznes təlimləri 2005-ci ilin
fevral ayında (onlar Junior Achievement
Azərbaycan proqramları üçün vəsait toplanması
tədbirinin təşkilatçıları seçildikləri vaxtdan)
başlamışdı. JAA-nın apardığı Şagirdlərin
Məktəbli Şirkətlər yarışmasını və Yay Təcrübəsi
Proqramını uğurla başa çatdırdıqdan sonra ABŞ
Dövlət departamentinin xətti ilə keçirilən
Gələcək Liderlər mübadiləsi (FLEX) proqramının
imtahanını müvəffəqiyyətlə verdilər. Geri
qayıtdıqdan sonra onların hər ikisi Bakıda
biznesləri üçün ofis kirayələyərək tamhüquqlu
vergi ödəyiciləri olmağı planlaşdırırlar.
Hər il İqtisadiyyatın tədrisi proqramının ən
uğurlu iştirakçıları Gənclərin Nailiyyətinin
tərəfdaş şirkətlərində internatura
proqramlarında iştirak edirlər. 2007-ci ilin
iyul-sentyabr aylarında 13 məktəbli karyera
məsləhətçiləri ilə birgə biznes dünyasında hansı
imkanların olduğunu ilk mənbədən müşahidə etmək
üçün Statoil Azərbaycan, McDemott Caspian
Kontractors, Exon Azərbaycan, AİG və KCA Deutag
şirkətlərində işləmişlər. Yay təcrübəsi proqramı
birhəftəlik və iki aylıq geniş internatura
proqramlarından ibarət idi. 2005-ci ildən
Məktəblərdə İqtisadiyyatın Tədrisi 23 məktəbliyə
yerli və beynəlxalq biznes strukturlarında
peşəkar təcrübə qazanmaq imkanı vermişdir. Bu
təşəbbüs məktəblilərə karyera məqsədlərini
aydınlaşdırmağa və onlara iqtisadiyyat
məktəblisindən biznes peşəkarına doğru addım
atmağa yardım edir.
Gənclərin Nailiyyəti məzunlarından ibarət
Azərbaycan Dövlət Neft Akademiyasının komandası
12-ci illik Hewlett Packard Qlobal Yarışında
dünya çempionu olmuşdur. Praqa şəhərində
keçirilən yarışma Kanada, Litva, Argentina,
Rusiya, Çin və Azərbaycanı təmsil edən ən güclü
məktəbli və tələbələrdən ibarət iqtisadiyyat və
biznes komandalarını bir araya gətirmişdir.
2003-cü ildən 750 şagirdin bu yarışmada
iştirakını dəstəkləmiş, nəticədə Azərbaycanı
təmsil edən komandalar iki il ardıcıl olaraq
finala çıxmış, 2006-cı ildə Bakı şəhərindən olan
məktəbli komandası 30-cu yeri tutmuşdur. Junior
Achievement Worldwide və Hewlett-Packard
korporasiyası tərəfindən təşkil olunan bu
yarışma minlərlə şagirdə hipotetik şirkətləri
idarə edərək onları uğura aparmaq məqsədilə
biznes liderlər rolunu ifa etmək imkanı verir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD).
Amerika Birləşmiş Ştatları ölkələrdə daha yaxşı
həyat sürməyə, fəlakətlərin nəticələrini aradan
qaldırmağa, azad, demokratik şəraitdə yaşamağa
can atan insanlara yardım məqsədilə ABŞ-ın
federal büdcəsindən maliyyələşən USAİD təşkilatı
yaratmışdır. 1961-ci ildə ABŞ Prezidenti Con
F.Kennedi Xarici Ölkələrə Yardım Aktını
imzalayaraq bu aktı qanuna çevirmiş və icraçı
təşkilat kimi USAİD donor agentliyini
yaratmışdır. O vaxtdan USAİD fəlakətlərin
nəticələrini aradan qaldıran, yoxsulluqdan
qurtulan, demokratik islahatlara qatılan
ölkələrə köməyini əsirgəməyən donor agentliyi
kimi fəaliyyət göstərmişdir. Sonradan bu
təşkilat daha çox iqtisadi inkişafla bağlı
layihələr həyata keçirməyə başlamışdır.
Azərbaycanda bilavasitə USAİD tərəfindən
maliyyələşdirilən bir sıra layihələr həyata
keçirilir.
Dövlət investisiya siyasəti layihəsi. USAİD
Azərbaycan hökumətinin ehtiyaclarını nəzərə
alaraq 2005-ci ilin mart ayından İqtisadi
İnkişaf Nazirliyi ilə birgə bu layihəni həyata
keçirməyə başlamışdır. Layihə çərçivəsində
2006-cı ildə seminar keçirilmiş, həmin seminarda
"Dövlət investisiya proqramının hazırlanması və
planlaşdırılması" mövzusunda təqdimat
edilmişdir.
Layihə çərçivəsində "Dövlət investisiyalarında
maraqlı tərəflərin iştirakı"na dair hesabat
hazırlanmış və Təhsil Nazirliyinə təqdim
edilmişdir. Hesabatın müzakirəsindən sonra USAİD
tərəfindən "Dövlət sektorunda investisiyaların
təhlili və idarəedilməsi" təlim proqramı
hazırlanmış, bu proqramda digər nazirliklərlə
yanaşı, Təhsil Nazirliyi də iştirak etmişdir.
Təlim Proqramının məqsədi Azərbaycanda
makroiqtisadi və sektor səviyyəsində orta və
uzunmüddətli planlaşdırmanın, habelə dövlət
investisiya proqramının tərtibi və icrasının
təkmilləşdirilməsi, dövlət büdcəsinin
proqnozlarla əlaqələndirilməsi, investisiya
layihələrinin qiymətləndirilməsi və monitorinqi
proseslərinin keyfiyyətinin yüksəldilməsi və son
nəticədə dövlət büdcəsindən bu məqsəd üçün
ayrılmış vəsaitlərin səmərəli istifadəsinə
yardım göstərməkdən ibarətdir.
Təlim proqramının birinci mərhələsində 6-28
fevral 2006-cı il tarixlərdə rəhbər işçilər üçün
təlim kursları keçirilmiş və bu təlimlərdə
Təhsil Nazirliyinin 4 nəfər əməkdaşı iştirak
etmişdir. İkinci mərhələ 13 mart - 5 aprel
2006-cı il tarixlərdə keçirilmiş, bu təlimlərdə
də Təhsil Nazirliyinin əməkdaşları iştirak
etmişdir.
Dövlət xərcləri islahatına dəstək layihəsi.
Layihə 2008-ci ildən həyata keçirilməyə
başlanmışdır. Bu layihə çərçivəsində təhsil
sahəsində büdcələrin tərtibi prosesinin və
ortamüddətli xərclər çərçivəsinin
təkmilləşdirilməsi istiqamətində Təhsil
Nazirliyində işçi qrupu yaradılmış, onlarla
işləmək üçün əlaqələndirici şəxs təyin
edilmişdir. Həmin layihə çərçivəsində
Azərbaycanda təhsil sistemi sahəsindəki carı
vəziyyət, təklif edilən prioritetlər, islahat
tədbirləri haqqında müzakirələri stimullaşdırmaq
məqsədilə 2009-cu ilin mart ayında "Azərbaycan
təhsil sahəsinin təhlili" üzrə hesabat
hazırlanmış və müzakirə edilmişdir.
Layihə çərçivəsində 2009-cu ilin may ayında
Azərbaycanda təhsilin ekspertizası üçün
xərc-gəlir təhlilinin icmalı, xərclərin
səmərəliliyi və faydalılığının təhlilləri,
dövlət sektoru üzrə faktiki təhsil layihələrinə
dair nümunələri və təhsil sektorunda layihələrin
ekspertizasında istifadə edilən metodlardan
ibarət "Təhsil sektoru üzrə layihələrin
qiymətləndirilməsinə dair təlimat"
hazırlanmışdır.
İcma Əlaqələri Proqramı. Proqram 2006-cı ildə
həyata keçirilmişdir. Əsas məqsəd proqramın
iştrakçıları, ABŞ-dakı ailələr və yerli icmalar
arasında əlaqələrin yaradılması və mədəni
dəyərlərin mübadiləsi vasitəsilə ictimai
diplomatiyanın yayılmasından ibarət olmuşdur.
Eyni zamanda Proqram dövlət və özəl
təşkilatların əməkdaşları üçün fərdi qaydada
təcrübə, seminar və məşğələlər təşkil etmək,
peşəkar təlimlər keçirmək, müasir Amerika
biznesi və peşəkar mühitini nümayiş etdirmək,
Amerika və Azərbaycan arasında əlaqələr yaratmaq
kimi məqsədləri də fəaliyyətində nəzərə
almışdır.
Proqram çərçivəsində "Psixoloji travmaların
qarşısının alınması və profilaktikası"
mövzusunda Amerika Birləşmiş Ştatlarında
üçhəftəlik seminar və təlimlərdə iştirak etmək
üçün 2006-cı ilin fevral ayında Bakı və Gəncə
şəhərləri, Yevlax rayonunda ümumtəhsil məktəb
müəllimləri arasında müsabiqə keçirilmişdir.
Müsabiqə iştirakçıları arasından 3 nəfər
seçilərək 2006-cı il aprelin 19-dan mayın 10-dək
ABŞ-da keçirilən seminarda iştirak etmək üçün
göndərilmişdir.
2002-2007-ci illərdə USAİD-in maliyyə dəstəyi
ilə "World Learning" təşkilatı tərəfindən
Azərbaycanda "Nəticələr naminə strateji və
texniki dəstək" layihəsi həyata keçirilmişdir.
Layihə çərçivəsində "Biznesin idarəolunması" və
"İctimai idarəetmə" üzrə magistr pilləsində
təhsil alan 21 tələbə ABŞ-a təhsil almağa
göndərilmişdir.
USAİD təşkilatı bir sıra təlim seminarlarını da
maliyyələşdirmişdir. Belə ki, 2006-cı il 4-19
fevral tarixlərində Təhsil Nazirliyinin, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının və
universitetlərin nümayəndələrindən ibarət 10
nəfərlik heyət ABŞ-da Təhsil üzrə Test Xidməti
(ETS) təşkilatının təcrübəsini öyrənmişdir.
Öyrənilmiş təcrübə ümumtəhsil məktəblərində
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada təşkili prosesində nəzərə alınmışdır.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat
elmləri doktoru, professor |