Bu günlərdə Xəzər Universitetində dünyada
universitetlərin reytinqinin müəyyənləşdirilməsi
sahəsində ən nüfuzlu təşkilatlardan biri olan
"QS" təşkilatının Mərkəzi Avropa üzrə marketinq
direktoru Zoya Zaytsevanın iştirakı ilə seminar
keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Ali və
orta ixtisas təhsili şöbəsinin müdiri İlham
Mustafayev, BDU-nun prorektoru Elxan Hüseynov,
universitetin xarici tələbələrlə iş üzrə dekanı
Gülheyran Rəhimova, ADNA-nın prorektoru Rafiq
Camalov, ADU-nun Keyfiyyətin Təminatı Mərkəzinin
rəhbəri Aytən Mirzəyeva, ATU-nun prorektoru
Zahid Sultanzadə, Qafqaz Universitetinin
prorektoru
Murat Erguvan, həmin universitetin müəllimi
Abzedin Adamov və Xəzər Universitetinin
professor-müəllim heyəti iştirak ediblər.
Seminarı Xəzər Universitetinin rektoru,
professor Hamlet İsaxanlı giriş sözü ilə
açaraq dünyada fəaliyyət göstərən nüfuzlu
reytinq təşkilatları, onların fəaliyyətləri
haqqında qısa məlumat verib. Rektor
Azərbaycan ali məktəblərinin bu reytinq
təşkilatlarının xəritəsində yer almasının
mümkünlüyündən, həmçinin vacibliyindən, bu
istiqamətdə görülməli işlərdən danışıb.
Çıxış üçün söz alan "QS" təşkilatının Mərkəzi
Avropa üzrə marketinq direktoru Zoya Zaytseva
təmsil etdiyi qurumun fəaliyyəti haqqında
seminar iştirakçılarını ətraflı
məlumatlandırdıqdan sonra "Universitetlərin
dünya reytinqi: dünən, bu gün, sabah" mövzusunda
maraqlı məruzə ilə çıxış edib. Qonaq güclü
təhsil ənənələri, geniş elmi kadr potensialı və
digər üstünlükləri olan Azərbaycanın ali
məktəblərinin dünya reytinq cədvəllərində yer
alması üçün hansı zəruri işlərin həyata
keçirilməsindən, bu məsələdə universitetlər və
Təhsil Nazirliyi ilə görülə biləcək işlərdən
danışıb. O, Azərbaycanın ali məktəblərinə bu
işdə hər cür yardım etməyə hazır olduğunu
bildirib.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində
keçən seminarın sonunda Z.Zaytseva ona
ünvanlanmış sualları da ətraflı cavablandırıb.
Seminardan sonra Zoya Zaytsevanın kütləvi
informasiya vasitələrinin nümayəndələri ilə
görüşü keçirilib.
Samirə HÜSEYNQIZI |