| 
								
								Respublikanın mədəni, ictimai və siyasi 
								həyatında özünəməxsus yeri olan, görkəmli 
								ziyalı, bacarıqlı təşkilatçı, öz şüurlu həyatını 
								xalqımızın xoşbəxt gələcəyi və maariflənməsi 
								işinə həsr etmiş, mənalı ömür sürmüş alim və 
								təhsil xadimi, professor Ramiz Məmmədzadənin 
								anadan olmasının 80 ili tamam olur. Ramiz 
								Hüseynqulu oğlu Məmmədzadə 1930-cu il aprel 
								ayının 11-də Bakı şəhərində neftçi ailəsində 
								dünyaya göz açmışdır. 
								
								Ramizin atası Hüseynqulu kişi mükəmməl təhsilə 
								malik olmasa da, təhsilə, maarifə diqqət və 
								qayğı ilə yanaşırdı. O, bir neçə dildə mükəmməl 
								danışırdı, öz dövrünün görkəmli ziyalıları və 
								dövlət xadimləri olan N.Nərimanov, 
								M.Ə.Rəsulzadə, A.Şaiq və digər şəxslərlə dostluq 
								münasibətlərində olmuşdur. Belə bir mühitdə, 
								ailədə boya-başa çatmaq Ramizin həyatında və 
								formalaşmasında mühüm rol oynamışdır. 
								
								Ramiz Məmmədzadə birinci sinfə Bakı şəhərinin 
								134 nömrəli məktəbinə getdi, 1947-ci ildə orta 
								təhsilini indiki 1 nömrəli məktəbdə başa vurdu. 
								Həmin ildə Azərbaycan Dövlət Universitetinin 
								(hazırda Bakı Dövlət Universiteti) filologiya 
								fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil 
								olub, 1952-ci ildə oranı bitirdi.  
								
								Tələbəlik illərində Ramiz dərin biliyi, 
								hazırlığı və fəallığı ilə fərqlənmişdi. Görkəmli 
								elm xadimləri, dövrün tanınmış alimləri 
								Makovelski, Mikayıl Rəfili, Mir Cəlal Paşayev, 
								Rəsul Rüstəmov, Məmmədəli Məhərrəmov onun 
								inkişafına əhəmiyyətli təsir göstərmişlər. 
								
								Universiteti bitirəndə istedad və hazırlığını 
								nəzərə alıb onu aspiranturada saxlamaq 
								istədilər, lakin mərkəzdən - Moskvadan yer 
								ayrılmadığına bu plan baş tutmadı. Ramizə 
								Gəncədə iş təklif olundu. Lakin imkanı 
								olmadığına görə o, etiraz etdi: ailə qurmuşdu, 
								həyat yoldaşı tələbə idi, anası onun himayəsində 
								idi.  
								
								Təbiətən fəal və çalışqan olan R.Məmmədzadə 
								1953-cü ildə Molotov rayonunda (indiki Qaradağ) 
								iş tapdı. Rayonun Korgöz qəsəbəsindəki uşaq 
								evində tərbiyəçi işləməyə başladı. Psixoloji 
								bilikləri onun köməyinə gəldi. Eyni zamanda 
								qəsəbədəki natamam orta məktəbdə Azərbaycan dili 
								və ədəbiyyat fənlərini tədris edirdi. 
								 
								
								Ramiz müəllim uşaq evində atasız-anasız, 
								kimsəsiz uşaqlara mənəvi dayaq olur, məktəbdə 
								müəllim kimi fəaliyyət göstərirdi. Qaynar 
								təbiətli Ramiz müəllim bunlarla kifayətlənmirdi. 
								Onun təklifi və təşəbbüsü ilə işlədiyi iki 
								müəssisədə çalışan komsomolçuların ilk təşkilatı 
								yaradıldı və Ramiz Məmmədzadə təşkilatın rəhbəri 
								(katibi) seçildi. Bu, Ramiz Məmmədzadənin 
								həyatında və karyerasında dönüş nöqtəsi oldu. 
								
								R.Məmmədzadə 1953-cü ilin noyabrında rayon 
								komsomol komitəsinin birinci katibi seçildi, bir 
								qədər sonra rayon partiya komitəsinin təşkilat 
								şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Rayon 
								partiya komitələrində şöbələr ləğv edildiyinə 
								görə o, Qaradağ Neft Trestin 9-cu mədəninə azad 
								partiya təşkilatı katibi göndərildi.  
								
								R.Məmmədzadənin avtobioqrafiyasına Bakı şəhər 
								Partiya Komitəsinin də izi düşüb. 1958-ci ildə 
								komitənin təşkilat şöbəsinə təlimatçı vəzifəsinə 
								təyin edildi. Bu vəzifədə 2 il işlədikdən sonra 
								1960-cı ildə Azərbaycan Kommunist Partiyası 
								Mərkəzi Komitəsinin Təşkilat şöbəsinin 
								İnformasiya bölməsinin müdiri vəzifəsinə irəli 
								çəkildi. 1962-ci ildə Azərbaycan KP MK-nın 
								bürosunun qərarı ilə Sumqayıt şəhər Partiya 
								Komitəsinə ideoloji işlər üzrə ikinci katib 
								vəzifəsinə göndərildi. 
								
								Ramiz Məmmədzadə böyük və cavan şəhərin 
								müəssisələrində olur, partiya fəalları ilə 
								görüşür, özünə hörmət qazanır, sayılıb-seçilir. 
								
								Ölkədə yaranmış vəziyyət - iqtisadi çətinliklər, 
								ərzaq qıtlığı Sumqayıtdan da yan keçməmişdi. 
								Çörək, kartof, başqa ərzaq məhsulları 
								çatışmırdı. Bu səbəbdən Sumqayıtda baş vermiş 
								iğtişaş məhz cavan katib Ramiz Məmmədzadənin 
								məsələyə düşünülmüş münasibəti sayəsində düzgün 
								həllini tapdı. İğtişaşla bağlı Sumqayıta gələn 
								Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini 
								Heydər Əliyevlə ilk görüş Ramiz müəllimin 
								həyatında dərin izlər buraxdı. Heydər Əliyev 
								görüş zamanı Ramiz Məmmədzadənin fəaliyyətini 
								təqdir edərək demişdir: "Ondan yaxşı çekist 
								olar". Və çox çəkmədi ki, bu fikir gerçəkləşdi. 
								
								Həmin dövrdə Sov. İKP MK Siyasi Bürosu 
								təhlükəsizlik orqanlarını partiya fəalları 
								hesabına möhkəmləndirmək haqqında qərar qəbul 
								etdi. Azərbaycan DTK-nın sədri general Heydər 
								Əliyevin təklifi ilə R.Məmmədzadə komitənin yeni 
								yaranmış 5-ci əks-kəşfiyyat şöbəsinə rəis təyin 
								olundu və ona podpolkovnik rütbəsi verildi. 
								
								1969-cu ilin avqust ayında Azərbaycan KP MK-nın 
								tarixi avqust konfransı keçirildi. Artıq birinci 
								katib seçilmiş Heydər Əliyev respublikada 
								görüləcək işləri, kadrları partiya prinsipləri 
								ilə seçib yerləşdirmək, xalq təsərrüfatına 
								partiya rəhbərliyini yaxşılaşdırmaq, 
								respublikanın inkişafı istiqamətlərini 
								müəyyənləşdirmişdi. Bu işlərdə ona təcrübəli, 
								sədaqətli partiya işçiləri kömək ola bilərdi. Bu 
								məqsədlə Ramiz Məmmədzadə MK-nın, əvvəlcə 
								inzibati orqanlar şöbəsinə, sonra isə təşkilat 
								şöbəsinə müdir təyin olundu.  
								
								1973-cü ildə R.Məmmədzadə Moskvaya işə 
								çağırıldı, Sov. İKP MK-nın təşkilat şöbəsinin 
								inspektoru təyin olundu. Bryansk, Kostroma və 
								Yaroslavl vilayətləri üzrə inspektor təyin 
								edildi. Böyük sənaye və kənd təsərrüfatı 
								rayonları olan bu vilayətlərin partiya 
								təşkilatları üzərində nəzarət və rəhbərlik ona 
								çox şey öyrətdi, daha da yetişməsinə kömək etdi. 
								O, Moskvada işləyərkən Azərbaycan SSR Ali 
								Sovetinə deputat seçildi. R.Məmmədzadə 1976-cı 
								ilin fevralında keçirilən qurultayda Azərbaycan 
								KP MK-nın ideoloji işlər üzrə katibi təyin 
								olundu. Bu vəzifədə 1978-ci ilin avqustuna qədər 
								çalışdı. 
								
								Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin 
								tapşırığı ilə həmin ildə o, Respublika Texniki 
								Peşə Təhsili Komitəsi sədrinin müavini 
								vəzifəsinə göndərildi. 1984-cü ilə qədər 
								respublikanın ixtisaslı fəhlə kadrları ilə təmin 
								olunması, peşə təhsili sistemində tədris-metodik 
								işlərin təşkili sahəsində bilik, bacarıq və 
								əməyini əsirgəmədi. Tutduğu vəzifənin ixtisara 
								düşməsi ilə bağlı işdən azad edilən 
								R.Məmmədzadəyə müxtəlif təşkilatlarda rəhbər 
								vəzifələr təklif olundu. O, bunların arasından 
								pedaqoji sahəyə rəhbərliyi seçdi: onu Azərbaycan 
								Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutuna 
								direktor vəzifəsinə təyin etdilər. 
								
								1997-ci ildə öz xahişi ilə vəzifəsindən azad 
								olunan R.Məmmədzadə Təhsilin təşkili və idarə 
								edilməsi kafedrasına müdir vəzifəsinə təyin 
								edildi və hazırda həmin kafedra fəaliyyətini 
								uğurla davam etdirir. İnstitutun direktoru 
								(rektoru) və kafedra müdiri vəzifəsində 
								çalışdığı əsrin dörddə birindən - 25 ildən artıq 
								müddətdə ölçüyəgəlməz işlər görmüşdür:   
								
								·         
								
								
								vaxtilə maddi-texniki və tədris bazasının 
								olmaması üzündən müxtəlif ali məktəblərə 
								səpələnmiş təhsil sistemində çalışan pedaqoji 
								işçilərin ixtisasartırma təhsilinin vahid 
								mərkəzdə birləşdirilməsi, vahid tədris-metodik 
								mərkəzin yaradılması; 
								
								·         
								
								
								müasir tipli institut binası və 300 yerlik 
								"Maarif" sanatoriya-profilaktoriya binasının 
								istifadəyə verilməsi və avadanlıqla təchizi; 
								
								·         
								
								
								tədrisin keyfiyyətini yüksəltmək məqsədilə 
								kafedraların yaradılması, ixtisasartırma 
								fakültələrinin təşkili,  tədris-metodik 
								kabinetlərin modernləşdirilməsi, kadr 
								potensialının gücləndirilməsi; 
								
								·         
								
								
								nəşriyyat-poliqrafiya bazasının yaradılma 
								
								·sı; 
								
								·         
								
								
								informatika və hesablama texnikası mərkəzinin 
								yaradılması; 
								
								·         
								
								
								institutda struktur dəyişikliklərin aparılması, 
								mövcud institutun bazasında birinci kateqoriyalı 
								ixtisasartırma və yenidənhazırlanma institutunun 
								yaradılması; 
								
								·         
								
								
								pedaqoji kadrların yenidənhazırlanma təhsilinin 
								təşkili; 
								
								·         
								
								
								institutun regional struktur bölmələrinin (Şəki, 
								Lənkəran, Şuşa filialları, Göyçay, Bərdə, Quba 
								Tədris-məsləhət məntəqələrinin yaradılması); 
								
								·         
								
								
								ixtisasartırma təhsilinin "Baş sxemi"nin 
								hazırlanması, onun ərazi prinsipi üzrə 
								planlaşdırılması  və təşkil edilməsi; 
								
								·         
								
								
								Yaradıcı Müəllimlər Assosiasiyasının 
								yaradılması; Beynəlxalq Yaradıcı Müəllimlər 
								İttifaqının təsisi və qurultayının keçirilməsi, 
								onun prezidenti kimi fəaliyyətinin 
								istiqamətləndirilməsi; 
								
								·         
								
								
								yaradıcı fəaliyyət göstərən müəllimlərə, alim, 
								dərslik müəllifləri və metodistlərə illik 
								fəaliyyətinin nəticələrinə görə "Akademik 
								M.Mehdizadə adına mükafat"ın təsisi; 
								
								·         
								
								
								İxtisasartırma və Yenidənhazırlanma təhsili üzrə 
								Respublika Tədris-Koordinasiya Şurasının sədri 
								olmaqla onun fəaliyyətinə rəhbərlik etmək; 
								
								·         
								
								
								ümumtəhsil məktəb müəllimlərinin Respublika 
								Attestasiya Komissiyasına qurum sədrinin müavini 
								kimi rəhbərlik etmək; 
								
								·         
								
								
								ixtisasartırma təhsili sahəsində  qabaqcıl iş 
								təcrübəsi olan ölkələrin (Rusiya, Belorus, 
								Ukrayna, Finlandiya, Almaniya və s.) 
								təcrübəsinin öyrənilməsi və tətbiqi; 
								
								·         
								
								
								SSRİ-də fəaliyət göstərən 193 ixtisasartırma 
								təhsil müəssisəsi arasında ən yüksək 
								nailiyyətlərinə görə  institutun keçici Qırmızı 
								Bayrağa layiq görülməsi;  
								
								·         
								
								
								bazar iqtisadiyyatı şəraitində iqtisadi təhsilin 
								təşkili sahəsində Almaniya və ABŞ 
								mütəxəssislərinin birgə treninqlərinin 
								keçirilməsi, respublikanın ümumtəhsil 
								məktəblərində "İqtisadiyyatın əsasları" fənninin 
								tədrisinin həyata keçirilməsi və dərs 
								vəsaitlərinin hazırlanması; 
								
								·         
								
								
								respublika ali məktəbləri içərisində ilk və 
								yeganə "Təhsilin təşkili və idarə edilməsi" 
								kafedrasının təşkili və ona rəhbərlik; 
								
								·         
								
								
								"Təhsil menecerlərinin hazırlanması 
								Konsepsiyası"nın hazırlanması və həyata 
								keçirilməsi; 
								
								·         
								
								
								praktik müəllim hazırlığının   həyata 
								keçirilməsini təmin etməyə xidmət edən "Təhsilin 
								əsasları" fənninin tədrisi və institutda onun 
								mərkəzinin yaradılması və s.  
								
								Ramiz müəllim rəhbərə xas olan səriştəyə malik 
								bir şəxsdir. Kiçikliyi və ya böyüklüyündən asılı 
								olmayaraq, başladığı işi mütləq başa çatdırır. 
								Bu məqsədlə hərtərəfli hazırlıq işləri aparır, 
								mövcud maneələri aradan qaldırır, əlaqədar 
								təşkilatlar və şəxslərlə danışıq aparır, müvafiq 
								sənəd və materialları tərtib edir, 
								əsaslandırılmış təkliflər verir, bu yolla 
								problemi həll edir.  
								
								Professor R.Məmmədzadə yaradıcı, öz üzərində 
								müntəzəm çalışan və bunu başqalarından da tələb 
								edən bir insandır. 54 yaşında dissertantlığa 
								qəbul olunub, qısa bir müddət ərzində "Müəllimin 
								peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi 
								yolları"na həsr olunmuş namizədlik 
								dissertasiyasını Tbilisi şəhərində müdafiə edib 
								pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 
								O, pedaqoji problemlərlə bağlı aktual mövzularda 
								məqalə, kitab, monoqrafiya, dərs vəsaitləri və 
								s. çap etdirib, dosent və professor elmi 
								adlarını alıb. Ramiz müəllim Təhsilin təşkili və 
								idarə edilməsi üzrə müstəqil Azərbaycan 
								Respublikasının ilk professorudur. Onun yazdığı 
								"Müəllimin peşə etikası", "İdarəetmə 
								mədəniyyəti", "Xeyir və Şər arasında", "Valdorf 
								məktəbi", "İxtisasartırma təhsili", "Keçid 
								dövrünün etik problemləri", "Konfliktlər, 
								ailələr, məktəblilər", "Andrqogikaya giriş", 
								"İqtisadiyyatın əsasları", "Təhsilin idarə 
								edilməsinin bəzi problemləri" və s. onlarla 
								elmi-metodik nəşr təhsil işçilərinin stolüstü 
								kitabıdır.  
								
								Ramiz müəllimdə strateji əhəmiyyəti olan 
								məsələlərlə bağlı ideyalar, fikir söyləmək 
								qabiliyyəti güclüdür. O, hər hansı bir məsələ 
								ilə əlaqədar uzunmüddətli proqnoz apara, proqram 
								xarakterli göstərişlər verə, istənilən çətin 
								vəziyyətdən çıxış yolu tapa bilir. Müəllimləri 
								Təkmilləşdirmə İnstitutu üçün eksperimental 
								məktəb adı altında mərhum maarif naziri, korifey 
								pedaqoq, akademik Mehdi Mehdizadənin təşəbbüsü 
								ilə tikintisinə başlanmış tədris korpusu və 
								"Maarif"  sanatoriya-profilaktoriya binasının 
								tikintisi, demək olar ki, dayanmışdı. Ramiz 
								müəllimin nüfuzu və gərgin zəhməti hesabına 
								binanın tikintisi "buraxılış obyekti" elan 
								edildi və qısa müddətdə başa çatdırıldı, hər iki 
								korpus lazımi mebel, avadanlıq və digər 
								vasitələrlə yüksək səviyyədə təmin olundu, 
								dinləyicilərin təhsili, yaşayışı və istirahəti 
								üçün hər cür şərait yaradıldı.  
								
								Ramiz müəllimdən çox şeyi öyrənmək olar. Onda 
								perspektivi görmək, görüləcək işləri 
								proqnozlaşdırmaq, strateji məsələləri düzgün 
								qiymətləndirmək bacarığı çox yüksəkdir. Bəzən 
								onun fikirləri xəyal kimi görünür. Lakin müəyyən 
								müddətdən sonra onlar reallığa çevrilir. 
								Respublika üzrə ixtisasartırma və təkmilləşdirmə 
								sisteminin vahid mərkəzdə birləşdirilməsi, onun 
								vahid mərkəzinin yaradılması, ixtisasartırma 
								təhsil müəssisələrində tədris-metodika 
								kafedraların yaradılması və kafedral sistemə 
								keçilməsi, fakültələr yaradılması, 
								dinləyicilərin biliklərinin qiymətləndirilməsi, 
								ixtisasartırma təhsilində dinləyici tələbatının 
								öyrənilib ümumiləşdirilməsi və nəzərə alınması, 
								kurslarda müasir təlim texnologiyalarının 
								tətbiqi və s. bu qəbildən olan məsələlərdir.
								 
								
								Professor R.Məmmədzadənin müsbət keyfiyyətlərini 
								sadalamaqla qurtarmaz: o, nüfuzlu rəhbərdir, 
								mahir təşkilatçıdır, bacarıqlı təhsil 
								qurucusudur, fəal ictimai xadimdir, zəhmətsevər, 
								obyektiv və halal insandır, tələbkar, ciddi, 
								qayğıkeşdir, mehriban, sədaqətli, dəyanətli 
								dost, yolgöstərən, xeyirxah, kömək əli uzadan 
								şəxsdir, nümunəvi keyfiyyətlərə malik kamil bir 
								şəxsiyyətdir, görkəmli natiqdir, yaradıcı 
								pedaqoqdur, nümunəvi ailə başçısıdır, müdrik el 
								ağsaqqalıdır, nəsillərə nümunə və örnəkdir.
								 
								
								İnsan axtarırsa, düşünürsə, yaradırsa dünya 
								dəyişir, gözəlləşir, ülviləşir. Ramiz müəllim 
								ömrünün müdrik çağında həvəslə, inamla, var 
								qüvvəsi ilə çalışır. Ölkə Prezidenti İlham 
								Əliyev cənablarının təhsil sahəsində qarşıya 
								qoyduğu vəzifələrin həyata keçirilməsində bir 
								vətəndaş, bir alim, bir müəllim, bir ziyalı kimi 
								əməyini əsirgəmir. 
								
								İşlədiyiniz təhsil müəssisəsinin yaşıdı olan 
								Ramiz müəllim! 80 yaş nədir ki?! 100 yaşınızda 
								görüşənədək.  
								
								
								Atəş ABDULLAYEV, 
								
								
								Şamxəlil MƏMMƏDOV,pedaqoji elmlər
 namizədləri, dosentlər
 |