| 
								
								Aprelin 17-də Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə 
								Koordinasiya Şurası Azərbaycan Dövlət Pedaqoji 
								Universiteti, Qafqaz Universiteti və Təhsil 
								Problemləri İnstitutu birlikdə "Ali təhsildə 
								keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" 
								mövzusunda elmi konfrans keçirdi. 
								
								Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, 
								professor Yusif Məmmədov qeyd etdi ki, təhsildə 
								keyfiyyətin idarəedilməsi və akkreditasiya 
								hazırda  respublikamızın ali təhsil müəssisələri 
								üçün aktual məsələlərdən biridir. Konfransın 
								keçirilməsində əsas məqsəd də bu sahədə mövcud 
								vəziyyətin təhlili, universitetlərimizin 
								təcrübəsi və beynəlxalq təcrübə barədə fikir 
								mübadiləsinin aparılması, yeniliklərin təbliği 
								və qarşıda duran vəzifələrin müəyyən 
								edilməsidir. 
								
								Sonra söz Təhsil Nazirliyi Aparatının rəhbəri 
								İlham Pirməmmədova verildi. 
								
								Təhsil naziri Misir Mərdanovun salamlarını  
								tədbir iştirakçılarına çatdıran Aparat rəhbəri 
								belə konfransların keçirilməsinin çox böyük 
								əhəmiyyəti olduğunu vurğulayaraq bildirdi ki, 
								təhsil sahəsində çalışan mütəxəssislərin bir 
								yerə yığışaraq belə məsələləri müzakirə etməsi 
								hər şeyi üzə çıxarır. Bildiyiniz kimi, ən 
								inkişaf etmiş ölkələrdə də təhsil hər zaman 
								yeniləşir. Ölkəmizin Prezidenti qeyd edir ki, 
								təhsil prioritet sahədir. Elə buna görədir ki, 
								təhsil sahəsində artıq 15 dövlət proqramı 
								mövcuddur və bu proqramlar uğurla həyata 
								keçirilir. 
								
								İ.Pirməmmədov daha sonra çıxışında Azərbaycanın 
								ali məktəblərinin Boloniya prosesinə 
								qoşulmasından, təhsildə keyfiyyəti təmin etmək 
								üçün qarşıda duran vəzifələrdən, ali məktəblərin 
								akkreditasiyasının vacibliyindən və s. 
								məsələlərdən ətraflı bəhs etdi.  
								
								Konfransda daha sonra Qafqaz Universitetinin 
								rektoru, professor Ahmet Saniç, Təhsil 
								Problemləri İnstitutunun direktoru Abdulla 
								Mehrabov, Təhsil Nazirliyinin Akkreditasiya 
								şöbəsinin müdiri, professor Həbib Zərbəliyev 
								mövzu ətrafında çıxış etdilər. 
								
								Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt 
								zalında bir gün davam edən konfrans "Ali 
								təhsildə keyfiyyətin idarəedilməsi" və "Ali 
								təhsildə akkreditasiya, monitorinq və 
								qiymətləndirmə məsələləri" mövzuları ilə bağlı 2 
								bölmədə professorlar Əjdər Ağayev və Əmrulla 
								Paşayevin sədrliyi ilə davam etdirildi. Həmin 
								bölmələr üzrə 14 məruzə dinlənildi. Məruzələrdən 
								10-u azərbaycanlı, 4-ü isə türkiyəli alimlər  
								tərəfindən edildi. 
								
								
								Ədalət DAŞDƏMİRLİ |