Bakının Nizami rayonundakı 62 nömrəli orta
məktəbdə görkəmli alim, pedaqoq, yazıçı,
filologiya elmləri doktoru, professor Mir Cəlal
Paşayevə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon ictimaiyyəti ilə yanaşı, elm və
ədəbiyyat xadimləri, Mir Cəlalın qızı, professor
Ədibə Paşayeva iştirak etmişlər.
Tədbirdə ədibin həyat və yaradıcılığından söhbət
açılmış, onun əsərləri əsasında səhnələşdirilmiş
parçalar nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov,
professor Qara Namazov, məktəbin direktoru
Mətanət Cabbarlı və digər çıxış edənlər ədibin
elmi yaradıcılığı, ədəbi-tənqidi görüşlərindən
danışaraq bildirmişlər ki, Mir Cəlal Paşayev
Azərbaycan ədəbiyyatının inkişafında və məzmunca
zənginləşməsində mühüm rol oynamışdır.
Xalq yaradıcılığı ilə klassik ənənələri yeni
formada yaşadan və bununla da ədəbiyyatımıza
yeni nəfəs gətirən Mir Cəlal Paşayev, eyni
zamanda görkəmli tədqiqatçı alim olmuşdur.
Yazıçının qızı, professor Ədibə Paşayeva
tədbirin təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirmişdir.
AzərTAc |