| 
								
								Aprelin 17-də Dənizçilər Mədəniyyət  Evində 
								Ümumtəhsil mərkəzi "XXI- ƏSR" təhsil 
								müəssisəsinin təşəbbüsü və təşkilatçılığı ilə 
								keçirilən "İntellekt Marafonu-2010" nun final 
								mərhələsinin açılışı oldu. 
								
								Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru 
								Vəfa Məmmədova  bildirdi ki,   Bakı şəhəri 
								məktəblilərinin iştirakı ilə aparılan İntellekt 
								marafonu Azərbaycan Respublikası Prezidenti 
								cənab İlham Əliyevin "Xüsusi istedada malik olan 
								uşaqların yaradıcılıq potensialının inkişafı 
								üzrə Dövlət Proqramı" haqqında sərəncamına uyğun 
								olaraq Təhsil Nazirliyinin dəstəyi ilə 
								keçirilir. Bildirildi ki, marafonun 
								keçirilməsində əsas məqsəd şagirdlərin 
								intellektual inkişafını üzə çıxarmaq, tədrisin 
								inkişafında intellekt texnologiyasının bir 
								vasitə olduğunu yaymaq və yeniyetmə şagirdləri 
								intellektual fəaliyyətə cəlb etməklə neqativ 
								hallardan yayındırmaqdan ibarətdir. 
								
								Tədbirdə çıxış edən təhsil nazirinin müavini 
								Elmar Qasımov belə marafonların keçirilməsini 
								təqdirəlayiq hal kimi qiymətləndirərək bildirdi 
								ki, Azərbaycan təhsilində "İntellekt 
								Texnologiyası"nın tətbiqi və genişləndirilməsi 
								əsas amillərdən biridir. Bu gün Azərbaycan 
								şagirdi öz intellektual səviyyəsinə  və  elmi 
								biliklərinə görə inkişaf etmiş ölkələrin 
								şagirdlərindən geri qalmamalı, əksinə irəli 
								getməlidir. Bunun üçün ölkəmizdə hər bir şərait 
								yaradılıb və şagirdlərimizdə olan potensial 
								yetərincədir. E.Qasımov belə marafonların 
								gələcəkdə də davamlı şəkildə aparılmasını və 
								respublikamızın bölgələrində təhsil alan 
								şagirdlərin də bu yarışa qatılmasının 
								vacibliyini vurguladı. 
								
								Tədbirdən sonra marafonun final mərhələsinə 
								start verildi.  
								
								
								Niyazi RƏHİMOV |