Aprelin 16-da Təhsil Nazirliyində "Ən yaxşı
müəllim" müsabiqəsi iştirakçılarının sınaq
dərslərinin təşkil ediləcəyi məktəblərin
direktorları ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov görüşdə bildirib
ki, ölkəmizdə 3 ildir "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri
keçirilir. Nazir "Ən yaxşı müəllim" müsabiqəsi
üzrə sənədləri ekspertizadan keçmiş müəllimlərin
II mərhələdə müəyyən olunmuş qaydaya görə Bakı
şəhərinin seçilmiş məktəblərində sınaq dərsi
deyəcəklərini qeyd edib. Həmin məqsədlə Bakı
şəhərində 26 məktəbin seçildiyini nəzərə
çatdıran Misir Mərdanov məlumat verib ki, bu il
müsabiqəyə 460 nəfər sənəd verib, onlardan 203
nəfəri müsabiqənin II və III mərhələsində
iştirak etmək hüququ qazanıb. Təhsil naziri
sınaq dərslərinin 20-23 aprel tarixlərində
keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Misir Mərdanov hər bir fənn üzrə sınaq
dərslərinin keçirilmə tarixi və yeri barədə söz
açaraq, məktəb direktorlarına sınaq dərslərinin
keçirilməsinə hərtərəfli şərait yaradılması və
bu işin mütəşəkkil təşkil olunmasına dair
tapşırıqlar verib.
***
Aprelin 19-da Təhsil Nazirliyində "Ən yaxşı
müəllim" müsabiqəsinin iştirakçıları ilə görüş
keçirilib.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq öncə
müəllimləri müsabiqənin növbəti mərhələlərində
iştirak etmək hüququ qazanmaları münasibətilə
təbrik edib və hamıya sağlam rəqabətə əsaslanan
bu müsabiqədə uğurlar arzulayıb. Nazir ölkəmizin
yüksək biliyə, bacarığa malik müəllimlərinin,
eləcə də öz uğurları ilə tanınan,
sayılıb-seçilən məktəblərinin həmin müsabiqənin
qalibi olduğunu görüş iştirakçılarının diqqətinə
çatdırıb. Təhsil naziri Misir Mərdanov
müsabiqənin təhsil ictimaiyyəti tərəfindən böyük
maraqla qarşılandığını və iştirak etmək üçün
sənəd verənlərin sayının ilbəil artdığını qeyd
edib. "Ən yaxşı müəllim" müsabiqəsinə, hər il
olduğu kimi, bu il də böyük məsuliyyətlə
yanaşıldığını deyən nazir müsabiqədə iştirak
etmək üçün sənəd təqdim edənlər və növbəti
mərhələyə vəsiqə qazananlar haqqında statistik
məlumatları diqqətə çatdırıb. Təhsil naziri
sınaq dərsi deyəcək müəllimlərə bir sıra
tövsiyələrini verib, aparacaqları dərslərdə öz
bilik və bacarıqlarını tam nümayiş
etdirmələrinin vacibliyini vurğulayıb.
Nazir Misir Mərdanov bildirib ki, hər bir sınaq
dərsi videolentə alınacaq, dərslərin təhlili
müəllimlərin öz iştirakı ilə aparılacaqdır.
Təhsil naziri bu mərhələ başa çatdıqdan sonra
müəyyən olunmuş müddətdə Təşkilat Komitəsinin
iclasında müəllimlərin 10 dəqiqəlik
təqdimatlarının dinləniləcəyini və
təqdimatlarda onların fəaliyyətlərinin əsas
istiqamətlərinin, uğurlarının, həmin uğurlara
necə nail olmalarının, rəy və təkliflərinin öz
əksini tapmalı olduğunu söyləyib.
Görüşün sonunda nazir Misir Mərdanov müsabiqə
iştirakçılarını maraqlandıran suallara cavab
verib.
***
Həmin gün Təhsil Nazirliyində müsabiqə
iştirakçılarının deyəcəkləri sınaq dərslərini
qiymətləndirəcək ekspertlərlə də görüş
keçirilib. Nazir Misir Mərdanov bildirib ki,
müsabiqə iştirakçılarının sınaq dərslərini
dinləyib qiymətləndirmək üçün təcrübəli təhsil
işçilərindən, nazirliyin və ona tabe qurumların
əməkdaşlarından, ötən ilki müsabiqələrin
qalibləri olan müəllimlərdən ibarət ekspert
komissiyaları yaradılıb. Bu zaman fənlər üzrə
müsabiqə iştirakçılarının sayı nəzərə alınıb və
daha çox müəllimin iştirak etdiyi ibtidai sinif,
ingilis dili, tarix, dil-ədəbiyyat fənləri üzrə
bir neçə ekspert komissiyası yaradılıb. Ekspert
komissiyalarının əksəriyyətinin 3, bəzilərinin
4, bir neçə komissiyanın isə 2 nəfərdən təşkil
olunduğunu diqqətə çatdıran nazir sınaq
dərslərinin qiymətləndirilməsi qaydası ilə də
ekspertləri tanış edib.
Misir Mərdanov qiymətləndirmə proseduru barədə
də danışaraq bildirib ki, müəyyənləşdirilmiş
qaydaya əsasən ekspertlərin hər meyar üzrə
verdikləri qiymətlər (ballar) toplanır, alınan
rəqəm ekspertlərin sayına bölünür. Bundan alınan
rəqəm isə yenidən meyarların sayına, yəni 12-yə
bölünür. Həmin nəticə sınaq dərsi deyən
müəllimin yekun nəticəsi hesab olunur. Nəticələr
elə həmin gün də müəllimlərə elan olunur.
Nazir qiymətləndirmə zamanı əsas məsələlərdən
birinin obyektivliyin gözlənilməsi olduğunu
vurğulayıb. Ekspertlərə bu prinsipə əməl etməyi,
ədalətli olmağı, dərslərin dinlənilməsi zamanı
dəqiq qeydiyyat aparıb tutulan iradlara
müəllimləri inandıra bilməyi, dərs dinlənilərkən
müəllimin işinə heç bir halda müdaxilə etməməyi
tövsiyə edib.
Təhsil naziri ekspertlərə dərslərin dinlənilməsi
və qiymətləndirilməsi zamanı gözlənilməsi vacib
olan bir sıra məsələlərlə bağlı tapşırıqlar da
verib.
B.CAVADLI,
S.KƏRİMOVA,
Y.ƏLİYEV |