| 
								
								Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin pedaqoji fakültəsinin 
								yaranmasının 50 illik yubileyi qeyd olundu. 
								
								Yubiley mərasimindən əvvəl ali təhsil ocağının 
								kollektivi, dəvət olunmuş qonaqlar Fəxri 
								xiyabana gələrək ümummilli lider Heydər Əliyevin 
								xatirəsini ehtiramla yad etdilər, məzarı önünə 
								əklil qoydular. Tədbir iştirakçıları görkəmli 
								oftalmoloq-alim, akademik Zərifə xanım 
								Əliyevanın da məzarını ziyarət etdilər. 
								
								Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük 
								zalında keçirilən yubiley tədbirində təhsil 
								naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil  
								İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil 
								Nazirliyinin müvafiq şöbələrinin müdirləri,  
								Türkiyə Respublikası Yüksək Öyrətim Kurumunun 
								məsul şəxsləri, Hacəttəpə Universitetinin 
								əməkdaşları, millət vəkilləri, respublikanın 
								tanınmış alim və pedaqoqları, bir sıra dövlət və 
								qeyri-dövlət ali məktəblərinin rəhbərləri, 
								universitetin müəllim və tələbələri iştirak 
								edirdilər. 
								
								Mərasimi Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, 
								əməkdar elm xadimi, professor Yusif Məmmədov 
								açaraq ölkəmizdə yüksəkixtisaslı pedaqoji kadr 
								hazırlığında 90 ilə yaxın şərəfli inkişaf yolu 
								keçmiş Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin təhsil sahəsindəki 
								xidmətlərindən danışdı. Ali təhsil ocağında 
								fəaliyyət  göstərən fakültələr arasında pedaqoji 
								fakültənin xüsusi yeri və rolu olduğunu qeyd 
								edən professor Yusif Məmmədov 1958-1959-cu 
								tədris ilindən ibtidai təhsilin pedaqogika və 
								metodikası adı ilə fəaliyyətə başlamış bu 
								fakültənin 50 il ərzində 15 minə yaxın məzunu 
								olduğunu söylədi. Daha sonra pedaqoji fakültənin 
								yüksəkixtisaslı ibtidai sinif müəllimi hazırlığı 
								işində səmərəli fəaliyyətindən bəhs edən rektor 
								görülən işlərdən razılıqla danışdı.  
								
								Sonra çıxış üçün söz təhsil naziri, professor 
								Misir Mərdanova verildi. 
								
								Nazir ölkə təhsilinin, elminin uğurlu 
								inkişafından söz açaraq, ümummilli liderimiz 
								Heydər Əliyevin hər zaman müəllimlik sənətinə 
								yüksək dəyər verdiyini, onun layiqli davamçısı 
								ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də 
								Azərbaycan təhsilinə, elminə diqqət və qayğı ilə 
								yanaşıldığını xüsusi vurğuladı.  
								
								Misir Mərdanov yubileyi qeyd olunan pedaqoji 
								fakültənin fəaliyyətini müsbət qiymətləndirərək 
								hazırda müəllimlərin qarşısında duran mühüm 
								vəzifələrə toxundu. Təhsil naziri Azərbaycan 
								Dövlət Pedaqoji Universitetinin pedaqoji 
								fakültəsinin bir qrup əməkdaşına yüksəkixtisaslı 
								kadrların hazırlanması sahəsində səmərəli 
								pedaqoji fəaliyyətinə görə və fakültənin 50 
								illik yubileyi münasibətilə "Azərbaycan 
								Respublikası qabaqcıl təhsil işçisi" döş 
								nişanını  və Fəxri fərmanları  təqdim etdi. 
								
								Nazir  Misir Mərdanov çıxışının sonunda 
								Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
								rəhbərliyini, pedaqoji fakültənin müəllim və 
								tələbələrini yubiley münasibətilə təbrik etdi, 
								onlara gələcək fəaliyyətlərində yeni-yeni 
								uğurlar arzuladı. 
								
								Yubiley mərasimində pedaqoji fakültənin dekanı, 
								professor Fərrux Rüstəmov "Şərəfli 50 il" 
								mövzusunda geniş məruzə etdi. Məruzədə pedaqoji 
								fakültənin keçdiyi tarixi yoldan, əldə edilən 
								müvəffəqiyyətlərdən söz açıldı. Qeyd olundu 
								ki,fəaliyyət göstərdiyi müddətdə  fakültədə 
								tədris işinin yüksək səviyyədə qurulmasına,  
								tələbələrin yüksəkixtisaslı müəllim kadrları 
								kimi hazırlanmalarına, onların mənəvi-estetik 
								tərbiyəsinə və ləyaqətli vətəndaş kimi 
								formalaşmasına həmişə ciddi diqqət 
								yetirilmişdir. Son illər, bütün universitetlərdə 
								olduğu kimi, bu ali təhsil ocağının  pedaqoji 
								fakültəsində də tədrisin keyfiyyəti xeyli 
								yüksəlmiş, təhsilin yeni texnologiyalar əsasında 
								təşkilində ciddi uğurlar qazanılmışdır.    
								 
								
								Çıxış edənlərdən Türkiyə Respublikası Hacəttəpə 
								Universitetinin pedaqoji fakültəsinin dekanı, 
								professor Buket Akkoyunlu, İran İslam  
								Respublikasının ölkəmizdəki fövqəladə və 
								səlahiyyətli səfiri, doktor Məhəmmədbağır 
								Bəhrami, AMEA-nın Şərqşünaslıq İnstitutunun 
								direktoru, professor, millət vəkili Gövhər 
								Baxşəliyeva 50 il şərəfli ömür yolu keçmiş 
								pedaqoji fakültənin kollektivini təbrik edərək, 
								onlara ən xoş arzularını çatdırdılar. 
								
								Yubiley tədbiri ali təhsil ocağının pedaqoji 
								fakültəsi tələbələrinin hazırladıqları musiqili 
								kompozisiya ilə başa çatdı.     
								
								
								Samirə KƏRİMOVA |