Ölkə Prezidenti İlham Əliyevin 22 iyun 2009-cu
il tarixli Sərəncamı ilə "1941-1945-ci illər
müharibəsində qələbənin 65 illik yubileyinin
qeyd edilməsi üzrə Milli Proqram"a uyğun olaraq
respublikada veteranlarla görüşlər, anım
günləri, ədəbi-bədii axşamlar, elmi konfranslar
təşkil olundu.
Mayın 7-də Sumqayıt Dövlət Universitetində
"Böyük Vətən müharibəsində qələbənin təmin
olunmasında Azərbaycan xalqının rolu" mövzusunda
respublika elmi konfransı keçirildi. Tədbiri
giriş sözü ilə ali məktəbin rektoru, professor
N.Qəhrəmanov açdı.
Plenar iclasda SDU-nun tarix fakültəsinin
dekanı, professor A.Baxşəliyev, Ümumi tarix
kafedrasının müdiri, professor Ş.Səlimov və
başqaları çıxış etdilər.
Elmi məclisdə qeyd olundu ki, bu müharibədə
Azərbaycandan 600 min nəfər iştirak etmiş,
bunların yarısı qədər insan şəhid olmuş, itkin
düşmüşdür. Yüzlərlə soydaşımız Sovet İttifaqı
Qəhrəmanı adına, ən yüksək dərəcəli orden və
medallara layiq görülmüşdür.
Arxa cəbhədə olanlar bol məhsul yetirmiş,
Azərbaycan neftçiləri silahlı qüvvələri kifayət
qədər yanacaqla təchiz etmişlər.
Həm plenar iclasda, həm də bölmələrdə
("Azərbaycan döyüşçülərinin ön cəbhədəki
iştirakı"; "Qələbənin təmin edilməsində
Azərbaycan iqtisadiyyatının rolu") 1941-1945-ci
illər müharibəsində qələbənin təmin edilməsi
həqiqətlərindən, o cümlədən Azərbaycanın kənd
əməkçilərinin, respublika neftçilərinin,
Azərbaycan alimlərinin töhfələri, fədakar əməyi
tarixi-sosial, ictimai-iqtisadi baxımından
təhlil və təqdir olundu.
Konfransa təqdim olunmuş tezislər kitabça
şəklində çap ediləcəkdir.
Ş.ELNUR
|