Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər
salanda, unudulmaz və xoş xatirələrə dönmüş
anlarını, günlərini xəyalından keçirəndə
istər-istəməz kimlərlə ünsiyyət saxladığı,
kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar
göz önünə gəlir.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti
elinə, xalqına, vətəninə xidmətə həsr olunur.
Müdriklər demişkən, "xalq üçün, vətən üçün
yaşanan ömür əsl insan ömrüdür". Belə insanların
ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə
el içində uca olur. Onlar öz xoşbəxtliyini,
səadətini, varlığını vətənə, xalqa ləyaqətlə
xidmətdə görür. Belə insanlar öz xalqının,
millətinin mənəvi siması, genefondudur desək
səhv etmərik. Tam məsuliyyət və qürurla deyə
bilərik ki, belə insanlardan biri də istedadlı
alim, ustad-pedaqoq, sözün həqiqi mənasında,
gözəl insan, iqtisad elmləri namizədi, dosent
Şakir Şahpur oğlu Bədəlovdur. Mən Şakir müəllimi
tələbəlik illərindən tanıyıram.
Şakir
Bədəlov 1940-cı il mayın 15-də Azərbaycanın
İsmayıllı rayonunun Zarat kəndində kolxozçu
ailəsində anadan olmuşdur. O, hələ körpə ikən
ata qayğısından məhrum olmuş, atası Böyük Vətən
müharibəsində iştirak etmiş, 1945-ci ilin mart
ayında ağır yaralanaraq həlak olmuşdur. Kolxozçu
işləyən anası üç bacı və bir oğuldan ibarət
ailəni çox çətinliklə saxlamışdır. 1957-58-ci
dərs ilində orta məktəbi müvəffəqiyyətlə bitirən
Şakir Bədəlov 1959-cu ilin axırına qədər
kolxozda işləyir, ailəyə köməklik göstərir.
1960-cı ilin yanvarında Bakıya gələrək Qaradağ
Mexanikləşdirilmiş Daş Karxanasında fəhlə kimi
işə düzəlir. İşləyə-işləyə ali məktəbə qəbul
imtahanlarına hazırlaşır və sənədlərini
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) iqtisad fakültəsinə təqdim
edir və qəbul imtahanlarını yüksək qiymətlərlə
verərək maliyyə və kredit ixtisasına qəbul
olunur.
Universitetdə əla qiymətlərlə oxuyan Şakir
Bədəlov elmi tədqiqata həvəs göstərir və II
kursdan başlayaraq tələbə elmi cəmiyyətinə üzv
olur. Hələ 1963-cü ildə III kursda oxuyarkən
"Yeni cəmiyyət quruculuğunun iqtisadi
qanunauyğunluqları" mövzusunda TEC-də etdiyi
elmi məruzə görkəmli alim, iqtisad fakültəsinin
dekanı, Siyasi iqtisad kafedrasının müdiri,
professor Həsən Dadaşovun və professor Bəhmən
Axundovun diqqətini cəlb edir və onların
tövsiyəsi ilə həmin məruzə universitetin Tələbə
Elmi Əsərləri məcmuəsində nəşr olunur (Bakı, ADU
mətbəəsi 1963. səh. 3-18).
Şakir Bədəlov 1965-ci ildə Azərbaycan Dövlət
Universitetini maliyyə və kredit ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirmişdir. Universitetin
Elmi Şurası onu aspiranturaya qəbul olunmağa
tövsiyə edir.
Şakir Bədəlov professor Həsən Dadaşovun
rəhbərliyi altında "Marksın kredit haqqında
təlimi" mövzusunda diplom işi yazmışdır. Diplom
işinə verdiyi rəyin sonunda professor H.Dadaşov
qeyd edir ki, "əgər dövlət imtahan komissiyası
diplom işini müdafiə etdikdən və dövlət
imtahanlarını verdikdən sonra Ş.Bədəlovun
gələcək ixtisaslaşma üçün yararlı və
qabiliyyətli olduğunu müəyyən edərsə, onda arzu
edərdim ki, komissiya onun aspiranturaya qəbul
olunması üçün tövsiyə edilməsi məsələsini
müzakirə etsin". Belə də olur. Fakültənin
təqdimatına əsasən universitetin Elmi Şurası
Şakir Bədəlovun aspiranturaya qəbul olunmasını
tövsiyə edir.
Şakir Bədəlov təyinatla 1965-ci ilin avqustundan
1966-cı ilin sentyabrına qədər Abşeron rayon
maliyyə şöbəsində baş büdcə inspektoru
vəzifəsində çalışır. 1966-cı ilin sentyabr
ayında D.Bünyadzadə adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun Maliyyə və kredit
kafedrasına müəllim vəzifəsinə dəvət edilmişdir.
Bununla da o, öz taleyini İqtisad Universiteti
ilə bağlamışdır.
Şakir Bədəlov 1968-ci ilin noyabrında zabit
kimi həqiqi hərbi xidmətə çağrılır və 1969-cu
ilin noyabrına qədər hərbi hissədə maliyyə
təminatı xidmətinin rəisi vəzifəsində çalışır.
Ordudan tərxis edildikdən sonra yenidən
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda
elmi-pedaqoji fəaliyyətini davam etdirir,
1970-ci ildə Maliyyə və kredit kafedrasının baş
müəllimi seçilir.
Səmərəli elmi-pedaqoji fəaliyyətinə və
institutun ictimai işlərində fəal iştirakına
görə 1974-cü ildə "Sosializm yarışının qalibi"
döş nişanı ilə təltif edilmişdir.
1975-ci ilin dekabrında Moskva Maliyyə
İnstitutunda (indiki Maliyyə Akademiyası)
maliyyə, pul tədavülü və kredit ixtisası üzrə
namizədlik dissertasiyası işini müvəffəqiyyətlə
müdafiə edərək iqtisad elmləri namizədi alimlik
dərəcəsi almışdır.
1982-ci ildə Az.XTİ-nin Maliyyə və kredit
kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
Şakir Bədəlov uzun illər fakültənin və
institutun ictimai işlərində fəal iştirak
etmişdir. 1970-1976-cı illərdə fakültə həmkarlar
təşkilatının sədri, 1976-1982-ci illərdə fakültə
xalq nəzarəti qrupunun sədri və institut xalq
nəzarətinin üzvü, 1982-1984-cü illərdə institut
kuratorlar şurasının sədri vəzifələrində
çalışmışdır. Uzun illər fakültə və institutun
(universitetin) elmi və elmi-metodiki
Şuralarının üzvü olmuşdur. 1994-2001-ci illərdə
"İqtisad elmləri: nəzəriyyə və praktika"
jurnalının redaksiya heyətinin üzvü olub.
Şakir Bədəlovun bir neçə elmi məqaləsi keçmiş
İttifaqın mərkəzi jurnallarında dərc olunmuşdur.
1984-cü ilin oktyabrında maliyyə-statistika
fakültəsinin dekan müavini təyin edilmiş,
1987-ci ilin aprel ayında müsabiqə yolu ilə
həmin fakültənin dekanı vəzifəsinə seçilmişdir.
1988-ci ildə AzXTİ-nin ləğv edilməsi və
N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad
İnstitutu Bakı filialının yaradılmasından sonra
köçürmə yolu ilə həmin vəzifədə çalışmış,
1989-cu ilin yanvarında yenidən dekan vəzifəsinə
seçilmişdir.
1990-cı ilin sentyabrında Azərbaycan Dövlət
İqtisad Universitetinin yaradılması ilə maliyyə
və kredit fakültəsinin dekanı seçilmiş və
1996-cı ilə qədər bu vəzifədə çalışmışdır.
Şakir Bədəlov 1990-cı ildə Azərbaycan SSR Xalq
Təhsili Nazirliyinin müvafiq əmri ilə yüksək
ixtisaslı iqtisadçı kadrların hazırlanmasında,
elmi-tədqiqat işlərinin təşkilində və institutun
maddi-texniki bazasının möhkəmləndirilməsində
göstərdiyi xidmətlərinə görə nazirliyin Fəxri
fərmanı, 1991-ci ildə SSRİ Dövlət Sığortasının
70 illiyi münasibəti ilə Azərbaycan Respublikası
Dövlət Sığorta Şirkətinin Fəxri fərmanı ilə
təltif edilmişdir.
Şakir Bədəlovun təşkilatçılıq qabiliyyəti və
işgüzarlığı nəzərə alınaraq 2001-ci ildə yenidən
Azərbaycan Dövlət İqtisad Universiteti maliyyə
və kredit fakültəsinin dekanı seçilmiş və
2005-ci ilə qədər bu vəzifədə çalışmışdır.
İşlədiyi dövrdə səmərəli elmi-pedaqoji
fəaliyyətinə və təşkilatçılıq qabiliyyətinə görə
universitet rəhbərliyinin bir sıra təşəkkür və
mükafatlarına layiq görülüb.
Şakir Bədəlov "Maliyyə və kredit",
"Müəssisələrin və xalq təsərrüfatı sahələrinin
maliyyəsi", "Maliyyə", "Büdcə sistemi"
dərsliklərinin həmmüəllifi, bir sıra dərs
vəsaitlərinin və çoxsaylı proqram və metodiki
vəsaitlərin, 50-dən artıq elmi məqalənin
müəllifidir. Bir sıra beynəlxalq elmi
konfranslarda elmi məruzələrlə çıxışlar
etmişdir.
Şakir müəllim maliyyə, büdcə sistemi, büdcə
proqnozlaşdırılmasının problemləri və s. fənləri
tədris etməklə, mühazirə və seminar
məşğələlərini yüksək elmi-nəzəri səviyyədə qurur
və təcrübə ilə sıx əlaqələndirir. Tədris işini
günün tələbləri səviyyəsində qurmaq üçün daim öz
üzərində çalışır, tədrisin interaktiv
formalarını geniş tətbiq edir, üzərinə düşən
vəzifələrin vaxtında və yüksək keyfiyyətlə
yerinə yetirilməsinə daim səy göstərir. Hazırda
elmi-tədqiqat işlərini davam etdirməklə yanaşı,
yeni dərslik və dərs vəsaitlərinin hazırlanması
üzərində işləyir.
Şakir müəllim TEC xətti ilə də tələbələrin
elmi-tədqiqat işlərinə daim rəhbərlik edir, onun
rəhbərliyi ilə çoxsaylı tələbələr tələbə elmi
konfranslarında etdiyi elmi məruzələrinə görə
diplom və mükafatlara layiq görülmüşlər.
O, həm özünə, həm də tələbələrinə və
yoldaşlarına qarşı tələbkarlığı, eyni zamanda
qayğıkeşliyi, səmimiliyi və təvazökarlığı
sayəsində universitetin tələbə kollektivinin və
professor-müəllim heyətinin dərin hörmətini
qazanmışdır.
Şakir Bədəlov yaxşı ailə başçısıdır, üç övladı
var, onların hamısı ali təhsilli və ailəlidir,
bir oğlu iqtisad elmləri namizədidir.
Şakir müəllim həm də sədaqətli, etibarlı və
təmənnasız dostdur.
Keçdiyi çox çətin, lakin olduqca məzmunlu və
şərəfli həyat yolunun 70 illiyini, səmərəli əmək
və elmi-pedaqoji fəaliyyətinin 50 illiyini
səmimi-qəlbdən təbrik edir, ona möhkəm
cansağlığı, uzun ömür, ailə səadəti və
elmi-pedaqoji fəaliyyətində daha böyük uğurlar
arzulayırıq.
Bəybala XANKİŞİYEV,
Azərbaycan Dövlət
İqtisad Universitetinin
professoru, respublikanın əməkdar iqtisadçısı |