(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyi
və Avropa İttifaqı arasında əməkdaşlıq
əlaqələri, təhsil sahəsində həyata keçirilən
birgə layihə və proqramlar çərçivəsində görülən
işlər barədə fikirlərimi diqqətinizə çatdırmağa
çalışacağam.
Azərbaycanın
Avropa İttifaqı ilə təhsil sahəsində əməkdaşlığı
bu təşkilatın TASİS proqramı çərçivəsində həyata
keçirdiyi TEMPUS və Erazmus Mundus proqramları
ilə bağlıdır.
TEMPUS proqramı Avropa İttifaqının ali təhsil
sahəsində yeni müstəqil dövlətlər (keçmiş sovet
respublikaları), Qərbi Balkan, Avropa İttifaqına
üzv olmayan Şərqi Avropa və Aralıq dənizi
hövzəsi dövlətləri ilə həyata keçirdiyi
əməkdaşlıq proqramıdır. Proqramın əhatə etdiyi
ölkələrdə ali təhsil sisteminin inkişafının
ölkənin sosial və iqtisadi tərəqqisi üçün
əhəmiyyətli amil olması nəzərə alınır.
TEMPUS proqramı 1990-cı ildə Almaniyada Berlin
divarı aradan götürüldükdən sonra yaranmışdır.
Onun məqsədi keçmiş sosialist düşərgəsinə daxil
olmuş Mərkəzi və Şərqi Avropa ölkələrində
universitetlərin modernləşdirilməsi və ali
təhsil sahəsində islahatlara yardım
göstərməkdir. Proqram universitetlərlə
əməkdaşlıq vasitəsilə tərəfdaş ölkələrdə, o
cümlədən Azərbaycanda ali təhsilin inkişafına
dəstək göstərməklə Avropaya inteqrasiyaya zəmin
yaradır.
Fəaliyyət göstərdiyi müddətdə kifayət qədər uğur
və rəğbət qazanan TEMPUS proqramı tədricən
Mərkəzi və Şərqi Avropaya yayılmış, 90-cı
illərin ortalarında keçmiş SSRİ-də baş verən
siyasi dəyişikliklərlə bağlı yeni müstəqil
dövlətləri və Monqolustanı da əhatə etmişdir.
2000-ci ildə Xorvatiya, 2001-ci ildə Yuqoslaviya
Federativ Respublikası TEMPUS-a qoşulmuş,
beləliklə, proqram bütün Şərqi Balkanı əhatə
etmişdir. 2002-ci ildə TEMPUS Aralıq dənizi
hövzəsi ölkələrinə də şamil olunmuşdur. Bu
genişlənmə xalqlar və mədəniyyətlər arasında
qarşılıqlı anlaşmanın daha da yaxşılaşdırılması
və gənc nəsillər arasında mübadilə və əlaqələrin
genişləndirilməsinə səbəb olmuşdur.
TEMPUS proqramı Belçikanın paytaxtı Brüsseldə
yerləşən Avropa Komissiyasının Təhsil və
Mədəniyyət üzrə Baş Direktorluğu tərəfindən
idarə olunur. Texniki yardım Avropa
Komissiyasına İtaliyanın Turin şəhərində
yerləşən Avropa Təhsil Fondunun TEMPUS
Departamenti tərəfindən göstərilir.
Tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda
fəaliyyət göstərən ali təhsil müəssisəsi, yaxud
fərdlər tərəfindən təqdim olunan layihələrin
icrası Avropa İttifaqı ölkələrinin hər hansı bir
universiteti ilə yaradılan "konsorsium"
çərçivəsində həyata keçirilir. Başqa sözlə,
layihə Avropadakı tərəfdaş universitetlə birgə
həyata keçirilir. Eyni bir layihənin icrasında
bir deyil, bir neçə üzv ölkənin universitetləri
iştirak edə bilərlər. Eləcə də layihə tərəfdaş
ölkənin bir neçə universiteti tərəfindən təqdim
oluna bilər.
TEMPUS üçün bütün tərəfdaş ölkələrin ali
məktəbləri tərəfindən təqdim olunan layihələrə
Avropa Komissiyasında müxtəlif ölkələrin
ekspertlərindən təşkil olunmuş seçim komandası
tərəfindən baxılır və qiymətləndirilir. Məhz hər
hansı bir layihənin məqbul hesab olunması, qəbul
edilməsi və layihənin icrası üçün müvafiq
məbləğdə maliyyə vəsaitinin ayrılması bu qurumun
qərarından asılıdır. Ayrı-ayrı vaxtlarda
Azərbaycan ali məktəblərinin müxtəlif
əməkdaşları da bu qrupun tərkibində ekspert kimi
çalışmışlar. Azərbaycanı bu qurumda təmsil edən
Bakı Dövlət Universitetinin Xarici dillər
kafedrasının müdiri, dosent Möminət Ömərova
olmuş, sonrakı illərdə Azərbaycan Dillər
Universitetinin rektoru, professor Səməd
Seyidov, həmin ali məktəbin dosenti Fiala
Abdullayeva və Azərbaycan Beynəlxalq
Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru Bəylər Hacıyev bu qurumda Azərbaycanı
təmsil etmişlər.
TEMPUS proqramı ali təhsil sektorunun inkişafına
aşağıdakı mexanizmlər vasitəsilə yardım edir:
-yeni kursların/fənlərin tədris olunmasına,
yaxud mövcud olanların təkmilləşdirilməsinə
kömək edir. Məsələn, TEMPUS hüquq, yaxud tibb
ixtisasları tədris olunan universitetlərdə yeni
tədris planının hazırlanması və yeni kursların
tədrisinə başlanmasına kömək göstərir. Bu yolla
müasir tədris metodologiyalarının tətbiqinə
şərait yaradılır;
- ali təhsil müəssisələrində tədrisin yenidən
qurulmasına kömək etməklə, universitetlərə
mühəndislik fakültəsini yenidən qurmaq, yaxud
universitetin idarə olunması və akademik
planlaşdırma üçün müasir texniki vasitələr
təqdim edir. Ali məktəblərdə kredit sisteminin
tətbiqində, yaxud universitet - istehsalat
əməkdaşlığı strategiyasının hazırlanmasında
yardım göstərir;
- ayrı-ayrı ali təhsil müəssisələrini xüsusi
ixtisaslar üzrə kadr hazırlığında birgə işləməyə
həvəsləndirir. Məsələn, qaz və neft mühəndisliyi
texnologiyası şəbəkəsinin yaradılmasında kömək
edir;
- ali təhsil müəssisələrinə sosial, iqtisadi və
qeyri-akademik fəaliyyət sahələrində yardım
göstərməklə təlimlər təşkil edir;
- TEMPUS layihələrinin məqsədlərinə çatmaq üçün
zəruri olan maddi köməyi təmin edir. Məsələn,
akademik jurnallara abunə yazılışına, kompüter
və tədris materiallarının alınması da daxil
olmaqla, kitabxanaların yenidən qurulmasına
kömək edir.
Göründüyü kimi, TEMPUS layihələri ali təhsildə,
demək olar ki, bütün sahələri əhatə edir və bu
proqramdan bəhrələnmək üçün həlledici rol ali
məktəblərin, yaxud onların struktur
bölmələrinin, bir çox hallarda isə ayrı-ayrı
professor və müəllimlərin təşəbbüskarlığından
çox asılıdır.
TEMPUS proqramı üç istiqamətdə təqdim edilən
layihələri maliyyələşdirir:
1. Birgə Avropa layihələri - 2-3 il müddətində
müəyyən konkret məqsədə çatmaq üçün
universitetlər tərəfindən təqdim olunmuş
layihələrdir. Bu layihələrin maksimum məbləği
300 mindən 500 min avroya qədərdir (müddətindən
asılı olaraq).
2. Struktur və əlavə tədbirlər - milli
islahatları və xüsusi ehtiyaclara yönəlmiş
fəaliyyəti dəstəkləmək üçün həyata keçirilən
qısamüddətli layihələrdir. Bu layihələrin
müddəti bir neçə həftədən bir ilədəkdir,
maksimum büdcə 150 min avroya qədərdir.
3. Fərdi səfər qrantları - fərdlərin, yəni
professorların, mühazirəçilərin, təhsili
idarəetmə orqanları əməkdaşlarının səfərlərini
maliyyələşdirir. Bu qrantlar bir həftədən səkkiz
həftəyə qədər müddəti əhatə edir.
Azərbaycan TEMPUS proqramına 1995-ci il
də qoşulmuşdur. 1998-ci ildən Bakıda proqramın
nümayəndəliyi fəaliyyətə başlamışdır. TEMPUS
proqramının Azərbaycanda fəaliyyətini şərti
olaraq 4 mərhələyə ayırmaq olar:
1. 1990-1994-cü illər - TEMPUS I.
2. 1994-2000-ci illər - TEMPUS II.
3. 2000-2006-cı illər - TEMPUS III.
4. 2007-2013-cü illər - TEMPUS IV.
Təhsil Nazirliyi TEMPUS-un Azərbaycandakı milli
ofisi ilə yaxından əməkdaşlıq edir. Hər il
payızda yeni TEMPUS layihələrinin təqdim
olunması ərəfəsində Təhsil Nazirliyi proqramın
Milli ofisində Avropa Komissiyasının Təhsil və
Mədəniyyət Departamentinin ekspertlərinin
iştirakı ilə "TEMPUS günü" adlı xüsusi təqdimat
keçirir. Həm Bakıda, həm də regionlarda yerləşən
ali məktəblərin beynəlxalq əlaqələr üzrə
qurumlarının rəhbərlərinin, eləcə də bu sahə ilə
maraqlanan professor və müəllimlərin iştirak
etdikləri bu tədbirlər maarifləndirmə məqsədi
daşıyır. Bu təqdimatlarda hər növbəti ildə
Azərbaycan üçün müəyyən olunmuş prioritetlər,
layihələrin hazırlanma qaydaları, seçim
prosedurları və sair məsələlər müzakirə olunur.
TEMPUS proqramının hər bir tərəfdaş ölkə üçün
müəyyən etdiyi prioritet istiqamətlər
bir-birindən fərqlənir. Azərbaycan üçün müəyyən
olunan prioritetlər proqramın hər dəfə yeni
mərhələsi başlandıqda ali məktəblərin təklifləri
əsasında Təhsil Nazirliyi tərəfindən Avropa
Komissiyasının TEMPUS Departamentinə təqdim
olunur.
Avropa İttifaqı 1995-2008-ci illər ərzində
Azərbaycanda 18 TEMPUS layihəsi və 20-yə yaxın
fərdi səfərlər maliyyələşdirmişdi. Azərbaycanın
ali təhsil müəssisələri hər il TEMPUS proqramı
çərçivəsində 7-13 layihə təqdim edir. TEMPUS
III-nün sonunadək həyata keçirilən layihələrə
sərf olunan vəsaitin ümumi məbləği 6 milyon
avrodan artıq olmuşdur.
1995-ci ildən Azərbaycanda icra olunan TEMPUS
layihələrində Avropa İttifaqına üzv ölkələrin
universitetləri iştirak etmişlər. Belə ki,
Almaniya 5, İtaliya, Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığı və Niderlandın hər
biri 6, Fransa və Yunanıstanın hər biri 11,
Belçika 2, İspaniya, Portuqaliya və Polşanın hər
biri 1 layihənin icrasında iştirak etmişlər.
Azərbaycanda TEMPUS layihələrinə ümumilikdə 15
ali təhsil müəssisəsi və Təhsil Nazirliyi cəlb
olunmuşdur. Ötən müddət ərzində Beynəlxalq
əlaqələrin inkişafı (Bakı Dövlət Universiteti),
Etimologiyanın tədris proqramlarının
modernləşdirilməsi (Bakı Dövlət Universiteti),
universitet səviyyəsində turizmi idarəetmə üzrə
mərkəzin yaradılması (Qərb Universiteti), Bazar
iqtisadiyyatı şəraitində şəhər memarlığı
(Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri
Universiteti), Turizm və mehmanxana biznesini
idarəetmə mərkəzinin yaradılması (Qərb
Universiteti), Avropa - Xəzər dənizi beynəlxalq
əlaqələr üzrə tədrisin inkişafı (Bakı Dövlət
Universiteti), Akademik proqramların
keyfiyyətini yüksəltmək üzrə mərkəzin
yaradılması (Xəzər Universiteti), Ətraf mühit və
neft sənayesi (Azərbaycan Dövlət Neft
Akademiyası), İdarəetmənin modernləşdirilməsi
(Azərbaycan Dövlət İdarəçilik Akademiyası),
Beynəlxalq əlaqələr şöbəsinin yaradılması
(Naxçıvan Dövlət Universiteti), Ətraf mühit
sahəsində mütəxəssislərin hazırlanması (Təfəkkür
Universiteti), Elektrotexnika fakültəsində
tədrisin modernləşdirilməsi (Azərbaycan Texniki
Universiteti), Bank sahəsində beynəlxalq
əlaqələr (Azərbaycan Dövlət İqtisad
Universiteti), İdarəetmənin modernləşdirilməsi
(Bakı Dövlət Universiteti), Tələbə xidmətlərinin
yaradılması (Xəzər Universiteti), Binanın
iqtisadiyyatı: inşaat və saxlanma (Azərbaycan
Memarlıq və İnşaat Universiteti), Azərbaycan
universitetlərində mühəndislik ixtisasları üzrə
təhsilin təkmilləşdirilməsi (Mingəçevir
Politexnik İnstitutu, Sumqayıt Dövlət
Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyası, Azərbaycan Texniki Universiteti),
Cənubi Qafqazda biotibbi və baytarlıq təhsili
üzrə milli mərkəzlərin qurulması (Bakı Dövlət
Universiteti, Azərbaycan Tibb Universiteti),
Cənubi Qafqaz regionunda ətraf mühitlə əlaqədar
təlimin təşkili (Azərbaycan Dövlət Aqrar
Universiteti), Azərbaycanda energetikanın idarə
edilməsi üzrə magistr kursu (Azərbaycan Texniki
Universiteti), Ekologiyanın idarə edilməsi
(Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı
Dövlət Universiteti), Azərbaycan
universitetlərində keyfiyyətin təmin olunması
sisteminin hazırlanması (Bakı Dövlət
Universiteti, Azərbaycan Dillər Universiteti,
Xəzər Universiteti), Azərbaycanda dövlət
akkreditasiyası və lisenziya qaydaları (Təhsil
Nazirliyi, Azərbaycan Dillər Universiteti) və
digər sahələrdə layihələr reallaşdırılmışdır.
2004-cü ildə Avropa Komissiyasının Təhsil və
Mədəniyyət üzrə Baş Direktorluğu TEMPUS III
mərhələsinin prioritetlərini müəyyənləşdirmək
üçün hər bir tərəfdaş ölkənin nümayəndələrini
Brüsselə dəvət etmişdir. 25 mart 2004-cü il
tarixində Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndəsinin iştirakı ilə
Azərbaycanla bağlı danışıqlar aparılmışdır.
Proqramın 2004-2006-cı illərdə (TEMPUS III)
Azərbaycan üçün prioritet istiqamətləri
aşağıdakılar olmuşdur:
1. Fənlərin tədris planının qurulması.
- mühəndislik, neft və qaz sənayesi;
- ətraf mühit elmləri;
- iqtisadiyyat;
- informasiya texnologiyaları,
telekommunikasiyalar;
- avropaşünaslıq;
- hüquq (beynəlxalq hüquq, mülki hüquq, ticarət
hüququ).
2. Ali təhsil müəssisələrinin idarə edilməsi.
- keyfiyyətə zəmanət və özünüqiymətləndirmə
sistemləri;
- xarici əlaqələr şöbəsinin yaradılması.
3. İnstitusional inkişaf mərhələsində təlim
kursları.
- dövlət qulluqçuları üçün dövlət idarəçiliyi.
4. Struktur və əlavə tədbirlər.
- keyfiyyətə zəmanət və qiymətləndirmə
sistemlərinin yaradılması.
Təhlil göstərir ki, hazırda Azərbaycanın ali
təhsil sistemində həyata keçirilən layihələr
kifayət qədər aktual sahələri əhatə edir. Hər
bir layihənin konkret məqsədi, icra mexanizmi və
icraçıları mövcuddur. Bu layihələrin hər biri
haqqında geniş və ətraflı məlumat verməyə
ehtiyac olmasa da, həyata keçirilən layihələrin
aktuallığını diqqətə çatdırmaq üçün yalnız bir
layihə üzərində dayanmaq istərdim.
Layihənin adı: Azərbaycan Respublikası Təhsil
Nazirliyində və ali təhsil müəssisələrində
akkreditasiya, lisenziya verilməsi və kredit
sisteminin tətbiqi sahəsində çalışan
mütəxəssislər üçün treninqlərin keçirilməsi.
Layihədə iştirak edən qurumlar:
1. Təhsil qanunvericiliyi və siyasəti üzrə
Mərkəz (Niderland).
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi.
3. Azərbaycan Dillər Universiteti.
4. Tilburq Universiteti (Niderland).
5. Belçika Universitetlər Şurası (Belçika).
Layihənin məqsədi:
1. Avropanın qabaqcıl ekspertləri tərəfindən
keçiriləcək xüsusi treninq vasitəsilə Azərbaycan
mütəxəssislərinə (15 nəfər) akkreditasiya,
lisenziya verilməsi və kredit sisteminin tətbiqi
sahəsində Avropa standartları və Avropa ölkələri
təcrübəsi haqqında ətraflı məlumatın verilməsi
və bu prosesin Azərbaycanda həyata keçirilməsi
ilə bağlı tövsiyələrin hazırlanması.
2. Azərbaycanda akkreditasiya və lisenziya
verilməsi prosedurunun Avropa standartlarına və
tələblərinə uyğunlaşdırılması.
3. 2007-ci ilin aprel ayında Bakıda beynəlxalq
konfransın keçirilməsi.
4. Təhsilin keyfiyyətinin təmin edilməsi, ali
təhsil sahəsində kvalifikasiyaların qarşılıqlı
tanınması, akkreditasiya barədə Ümumavropa
standartları üzrə sənədlərin Azərbaycan dilinə
tərcüməsi.
Layihənin müddəti: 8 ay.
Layihənin ümumi maliyyə dəyəri: 120370 avro.
Layihə çərçivəsində görülən tədbirlər:
1. 15 nəfər mütəxəssis üçün Belçikada treninq
kursu keçirilmişdir (sentyabr, 2006-cı il).
2. Treninq materialları və Avropa Şurasının
müvafiq sənədləri Azərbaycan dilinə tərcümə
edilmişdir (sentyabr, 2006 - aprel, 2007-ci il).
3. Bakıda beynəlxalq konfrans keçirilmişdir (35
azərbaycanlı və 15 xarici ekspertin iştirakı
ilə).
TEMPUS proqramının təsdiq olunmuş III mərhələsi
2006-cı ilin sonunda başa çatmış, IV mərhələ
2007-ci ildə başlanmışdır. 2008-ci ildə
Azərbaycanda 3 layihə maliyyələşdirilmişdir.
Həmin ildə "Avropa İttifaqı - Azərbaycan
Fəaliyyət Planı" hazırlanmış, aşağıdakı
istiqamətlərdə tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmuşdur:
- Azərbaycanda təhsil sisteminin
təkmilləşdirilməsi;
- kifayət qədər maliyyə vəsaiti ayrılmaqla,
təhsil üçün hüquqi bazanı hazırlamaqla, gender
məsələlərinə yer ayırmaqla, təhsil sektorunda
şəffaflığı təmin etməklə, peşə təhsili də daxil
olmaqla təhsil islahatlarını aparmaqla, davamlı
təhsili təşviq etməklə, 2003-2013- cü illər üzrə
milli təhsil islahatı strategiyasının həyata
keçirilməsi vasitəsilə sahə üzrə Minilliyin
İnkişaf Məqsədlərinə uyğun olaraq hamı üçün
yüksək keyfiyyətli təhsilalma imkanının təmin
edilməsi;
- TEMPUS proqramının təklif etdiyi vasitələrdən
istifadə etməklə akkreditasiya sisteminin və ali
təhsil müəssisələrində idarəetmənin
təkmilləşdirilməsi, keyfiyyətin təmin edilməsi;
- Boloniya prosesinin prinsiplərinə uyğun olaraq
ali təhsil sektorunda islahatların aparılması,
eləcə də siyasətin hazırlanması və həyata
keçirilməsi üçün yerli imkanların yaradılması,
TEMPUS proqramı vasitəsilə ali təhsildə
islahatların təşviq edilməsi;
- vətəndaş cəmiyyətindən tərəfdaşların və
maraqlı tərəflərin cəlb edilməsi vasitəsilə ali
və texniki peşə təhsilinin əmək bazarı və
iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması;
- Erazmus Mundus, TEMPUS, eləcə də yeni təqaüd
proqramlarında iştirak vasitəsilə tələbələrin
mobilliyinin təşviq edilməsi;
- Yan Mone Fəaliyyəti (proqramı) vasitəsilə
Avropa elmləri və Avropa hüququ üzrə
kafedraların yaradılması və gənc tədqiqatçılar
üçün tədris imkanlarının genişləndirilməsi;
- Avropa İttifaqı və Azərbaycan hökuməti
arasında təhsil siyasəti sahəsində əməkdaşlığın
davam etdirilməsi və genişləndirilməsi;
- gənclər üçün mübadilə və əməkdaşlığın
gücləndirilməsi, mədəniyyətlərarası dialoqun
təşviq edilməsi.
Hazırda əsas diqqət Azərbaycanın regionlarında
yerləşən ali təhsil müəssisələrinə, o cümlədən
mühəndislik (neft və qaz), ətraf mühit,
iqtisadiyyat, telekommunikasiya, informasiya
texnologiyaları və s. kimi sahələrə yönəldilir.
2009-cu ildə Azərbaycanın ali təhsil
müəssisələri tərəfindən TEMPUS proqramı
çərçivəsində təqdim olunmuş aşağıdakı iki layihə
maliyyələşdirilmişdir:
1. Cənubi Qafqazda biotibbi elmlər sahəsində
elektron və distant təhsilin, qiymətləndirmənin
inkişafı layihəsi. Bu layihə Bakı Dövlət
Universiteti, Azərbaycan Tibb Universiteti
tərəfindən həyata keçirilir.
2. Müəssisələrlə əməkdaşlığın inkişafı məqsədilə
universitetlərarası şəbəkənin innovasiyası
layihəsi. Layihə Azərbaycan Dövlət Neft
Akademiyası və Sumqayıt Dövlət Universiteti
tərəfindən həyata keçirilir.
Göründüyü kimi, Azərbaycanın bir sıra ali təhsil
müəssisələri Avropa Birliyinin TEMPUS
proqramından bəhrələnə bilmişlər. Lakin burada
bir məsələni qeyd etmək yerinə düşərdi ki, ali
məktəb rəhbərlərinin təşəbbüskarlığı və
beynəlxalq əlaqələr üzrə strukturların
işgüzarlığı, fakültə - kafedra səviyyəsində
xarici dilləri, xüsusilə Avropa dillərini bilən
təşəbbüskar əməkdaşların olması belə layihələrin
cəlb olunması, ali məktəblərin daha çox
layihələrdə iştirakını təmin etmək üçün mühüm
şərtdir. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi
ali məktəblərimizdə TEMPUS layihələrində
iştirakla bağlı inkişaf və dinamika arzuolunmaz
səviyyədədir. Bu gün ali məktəblərimizdə TEMPUS
layihələrində iştirakla bağlı səriştəli
komandanın formalaşdırılması,
rəqabətqabiliyyətli layihələrin hazırlanıb
təqdim olunması və əldə olunan qrantlar
vasitəsilə müəssisənin inkişafı, Avropa təhsil
məkanına inteqrasiyası universitetlərin əsas
vəzifələrindən biri olmalıdır.
2007-ci ildən Avropa İttifaqının Erazmus Mundus
"Xarici əməkdaşlıq təşəbbüsü" proqramı
Azərbaycanda fəaliyyətə başlamışdır. Bu
proqramın məqsədi Avropa İttifaqı və üçüncü
ölkələr arasında tələbələrin və akademik heyətin
fərdi səfərləri vasitəsilə ali təhsil sahəsində
əməkdaşlığı inkişaf etdirməkdir.
Mövcud biliklərin sürətlə köhnəlməsi, bu
səbəbdən onun çevik yenilənməsi zərurəti təhsil
sektorunun iqtisadiyyatın və cəmiyyətin
tələblərinə cavab verə bilməsi üçün yüksək
adaptasiya qabiliyyətinə malik olmasını tələb
edir. Qlobal bilik dünyasına zəif inteqrasiya
olunan ölkələr özlərini əlverişsiz şəraitdə hiss
edir və əhali üçün müvafiq sosial - iqtisadi
şəraiti təmin edə bilmirlər. Qloballaşma
kontekstində biliklərdə olan fərqlər ölkələr
arasında ahəngdar münasibətlərin yaranmasına və
insanlar arasında qarşılıqlı anlaşmanın təmin
olunmasına mane olur ki, bu da siyasi sabitliyə
mənfi təsir göstərir. Məhz Avropa İttifaqının
Erazmus Mundus "Xarici əməkdaşlıq təşəbbüsü"
proqramı bu prinsipə əsaslanır. Belə şəraitdə
Avropa İttifaqı üçüncü ölkələrin ali təhsil
müəssisələri arasında beynəlxalq əməkdaşlığın,
xüsusilə universitetlərarası mübadilənin
stimullaşdırılmasına, ölkələrin qarşılıqlı
inkişafına və insanlar arasında daha yaxşı
anlaşmanın təmin olunmasına potensial yardım
baxımından əhəmiyyətli proqram həyata keçirir və
bu proqram iştirakçı ölkələr tərəfindən yüksək
qiymətləndirilir.
Erazmus Mundus "Xarici əməkdaşlıq təşəbbüsü"
proqramının məqsədi ali təhsil müəssisələri
səviyyəsində bilik və bacarıqların mübadiləsi
vasitəsilə Avropa İttifaqı və üçüncü ölkələr
arasında faydalı əməkdaşlığı təmin etməkdir.
Proqramın əsas məqsədləri aşağıdakılardır:
- tələbələrin və akademik heyətin fərdi
səfərləri vasitəsilə qabaqcıl biliklər və müsbət
təcrübə mübadiləsini stimullaşdırmaqla üçüncü
ölkələrin ali təhsil müəssisələrinin beynəlxalq
əməkdaşlıq potensialını gücləndirmək;
- tələbələri və akademik heyəti göndərən və
qəbul edən ali təhsil müəssisələri arasında
əməkdaşlığı inkişaf etdirərək Avropa və üçüncü
ölkələrdə bu müəssisələrin tədris mühitini
təkmilləşdirmək;
- tələbələrin başqa ölkələrdə aldıqları təhsil
təcrübəsi çərçivəsində onların dil, mədəniyyət
və təhsil baxımından faydalanmasını təmin etmək,
yüksəkixtisaslı, geniş dünyagörüşlü və
beynəlxalq təcrübəyə malik peşəkarlar və
liderlər bazası yaratmaqla cəmiyyətin qarşılıqlı
təkmilləşməsinə nail olmaq;
- Boloniya prosesinə uyğun olaraq yaradılan
Vahid Ali Təhsil Məkanı konsepsiyasının praktik
icrasını dəstəkləyərək bilik və ixtisasların
uyğunlaşdırılmasını və tanınmasını
sürətləndirmək;
- əhalinin zəif təbəqələrindən (məsələn, qaçqın,
məcburi köçkün, əlil tələbələr və sair) olan
tələbələrin təhsil səviyyəsinin daha da
artırılmasına, peşəkar inkişafına yardım edərək
Avropa İttifaqının sosial və demokratik
dəyərlərinin yayılmasını dəstəkləmək;
- müəllim mübadiləsi vasitəsilə ali təhsil
müəssisələri heyətinin bacarıq və səriştələrini
artırmaq;
- dövlət və özəl ali təhsil müəssisələri
arasında keçirilən fərdi səfərlər prosesində
(xüsusilə doktorantura, postdoktorantura
proqramlarında) iştirakını təmin etməklə bu
sektorların potensialını gücləndirmək;
- Avropa İttifaqı və üçüncü ölkələr arasında
mədəni, təhsil və iqtisadi əlaqələri
gücləndirmək.
Erazmus Mundus "Xarici əməkdaşlıq təşəbbüsü"
birtərəfli inkişafa yardım proqramı deyildir. Bu
əməkdaşlıq proqramında hər iki tərəf, yəni həm
Avropanın, həm də üçüncü ölkələrin ali təhsil
müəssisələri tələbə və müəllim heyətinin
mübadilə proqramının hazırlanması və həyata
keçirilməsi istiqamətində bərabərlik prinsipləri
əsasında fəaliyyət göstərməlidirlər. Proqramda
Avropa İttifaqına 27 üzv ölkə, İslandiya,
Lixtenşteyn, Norveç, habelə İttifaqa daxil olmaq
üçün namizəd ölkələr olan Xorvatiya və Türkiyə
vardır.
III ölkələr isə Azərbaycan da daxil olmaqla
MDB-yə üzv ölkələri, habelə Yaxın Şərq və Aralıq
dənizi hövzəsi ölkələrindən ibarət 24 ölkəni
əhatə edir. Bu ölkələr də, öz növbəsində, 9
coğrafi bölgədə təmsil olunmuşlar. Azərbaycan
Gürcüstan və Ermənistanla birlikdə qeyd olunan
doqquz bölgədən birini təşkil edir.
Avropa İttifaqı bu proqram çərçivəsində Avropa
ali təhsil müəssisələri ilə üçüncü ölkələrin ali
təhsil müəssisələri arasında mübadilə
proqramlarının maliyyələşdirilməsini təmin edir.
Maliyyələşdirilən mübadilə proqramları
aşağıdakılardır:
- Təhsil alanlar üçün - bakalavrlar, magistrlər,
doktorantlar və doktoranturadan sonra elmi işlə
məşğul olmaq istəyən şəxslər üçün mübadilə
proqramları;
- Professor-müəllim heyəti üçün - tədris,
praktik məşğələlər və tədqiqat işləri ilə məşğul
olmaq istəyənlər üçün mübadilə proqramları.
Avropa İttifaqının Avropa və üçüncü ölkələrin
ali təhsil müəssisələrindən ibarət qarışıq
konsorsiumların layihələrinin
maliyyələşdirilməsini dəstəkləmək məqsədilə
ayırdığı qrantlar ali təhsil müəssisələrinin
tələbələri və professor-müəllim heyətinin
mübadiləsinə, fərdi səfərlərin həyata
keçirilməsinə çəkilən xərclərin kompensasiyası
üçün nəzərdə tutulur. Təmin olunan maksimum
qrant məbləği 6 milyon avro təşkil edir.
"Konsorsium" anlayışına aydınlıq gətirək. Bu
tender təkliflərinin əhatə etdiyi bir və ya bir
neçə coğrafi bölgə daxilində mübadilə proqramını
həyata keçirmək niyyətində olan ali təhsil
müəssisələri (Avropa və üçüncü ölkələr) və
Avropanın ali təhsil müəssisələrinin təşkil
etdiyi qrupdur. Maliyyələşdirmə tələblərinə
cavab verə bilmək üçün konsorsium ən azı üç
Avropa İttifaqı ölkəsini təmsil edən minimum beş
Avropa ali təhsil müəssisəsi, coğrafi bölgəyə
daxil olan, mübadilə təklifi ilə çıxış edən
üçüncü ölkələrin hər birindən ən azı bir ali
təhsil müəssisəsindən ibarət olmalıdır. Belə ki,
Azərbaycanın hər hansı bir ali məktəbi, yaxud
ali məktəbləri Erazmus Mundus proqramında
iştirak etmək istəyirsə, onda Avropa İttifaqının
üç ölkəsini təmsil edən beş universitetin, eləcə
də bölgəyə daxil olan Gürcüstan və Ermənistanın
hər birindən ən azı bir universitetin təmsil
olunduğu konsorsium yaratmalıdırlar. Yalnız bu
konsorsium qrant almaq üçün layihə təqdim edə
bilər. Lakin burada bir məsələni də nəzərə almaq
lazımdır ki, hər ölkəyə mübadilə proqramları
üçün müəyyən kvota ayrılır. Üçüncü ölkədən neçə
ali məktəbin konsorsiumda iştirak etməsindən
asılı olmayaraq, həmin ölkədən mübadilə
proqramlarında iştirak edənlərin sayı bu kvotanı
aşa bilməz.
İlkin məlumatlara görə, Erazmus Mundus "Xarici
əməkdaşlıq təşəbbüsü" çərçivəsində 2007-2008-ci
dərs ili üçün Azərbaycanda müxtəlif pillələr
üzrə təhsil almaq və tədqiqat aparmaq məqsədilə
30 mübadilə proqramının maliyyələşdirilməsi üçün
yerlər ayrılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 1 iyun
2005-ci il tarixli, 834 nömrəli Sərəncamı ilə
"Azərbaycan Respublikasının Avropaya
inteqrasiyası üzrə Dövlət Komissiyası"
yaradılmışdır. Azərbaycan Respublikasının təhsil
naziri həmin komissiyanın üzvüdür. Bu komissiya
Azərbaycan Respublikasının Avropa İttifaqının
"Avropa qonşuluq siyasəti"nə daxil olması və
Azərbaycan üzrə fəaliyyət planının işlənib
hazırlanılmasına dair Avropa İttifaqının müsbət
qərarının qəbul edilməsi istiqamətində səmərəli
fəaliyyət göstərmiş, nəticədə Avropaya
inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə qədəm
qoymasına, Avropa İttifaqı ilə əlaqələrin
inkişafına zəmin yaranmışdır.
1999-cu ildə Avropa İttifaqı ilə Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişinin imzalanmasından sonra
həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi
olaraq, 2006-cı ilin noyabrında "Avropa qonşuluq
siyasəti" üzrə Azərbaycanın tədbirlər planı
Avropa İttifaqı tərəfindən təsdiq olunmuşdur.
Tədbirlər planı Azərbaycanla Avropa İttifaqı
arasında bütün sahələrdə, o cümlədən elm və
təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlar
açmışdır.
Azərbaycanın Avropa İttifaqı ilə təhsil
əlaqələrinin başqa bir istiqaməti Boloniya
prosesi ilə bağlıdır. Həm Avropa Şurası, həm də
Avropa İttifaqının müvafiq qurumları Boloniya
prosesinin uğurla həyata keçirilməsi və Vahid
Avropa Ali Təhsil Məkanının yaradılması üçün çox
ciddi səy göstərirlər. Məhz Azərbaycanın 2005-ci
ilin mayında Boloniya prosesinə qoşulması və
Azərbaycanda ali təhsilin məzmununda Boloniya
prinsiplərinə uyğun islahatların başlanması
gələcəkdə Avropa İttifaqı ilə əməkdaşlığın daha
məhsuldar və səmərəli olmasına zəmin yaradır.
Avropa İttifaqı ilə təhsil sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi və bu qurumun
imkanlarından lazımınca bəhrələnmək məqsədi ilə
Təhsil Nazirliyi tərəfindən "Avropa İttifaqı ilə
Azərbaycan Respublikasının hökuməti arasında
təhsil, elm və tədqiqat sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nun layihəsi
aidiyyəti dövlət qurumlarının rəy və təklifləri
nəzərə alınmaqla hazırlanmış, imzalanmasına
səlahiyyət verilməsi üçün müvafiq prosedurların
aparılması ilə bağlı Nazirlər Kabinetinə və
qarşı tərəflə razılaşdırılması üçün Xarici İşlər
Nazirliyinə təqdim edilmişdir.
Memorandumun əsas məqsədi Tərəflər arasında
təhsil, elm və tədqiqat sahələrində ümumi maraq
kəsb edən sahələr üzrə birgə fəaliyyətin
dəstəklənməsi və inkişaf etdirilməsi, vəzifəsi
isə Avropa İttifaqı və Azərbaycan
Respublikasının xalqları arasında dili və
mədəniyyətlər üzrə qarşılıqlı anlaşmanı inkişaf
etdirmək, insan resurslarının inkişaf
səviyyəsini yüksəltmək, Avropa İttifaqının üzv
dövlətləri ilə Azərbaycan Respublikası arasında
təhsil, elm və tədqiqat sahələrində əməkdaşlıq
fəaliyyətlərini stimullaşdırmaq, tələbə
mobilliyinin keyfiyyətini yüksəltmək, təhsil,
elm və tədqiqat sahələrində baş verən yeniliklər
üzrə təcrübə mübadiləsini təmin etmək, Avropa
İttifaqı və Azərbaycan Respublikasında fəaliyyət
göstərən ali təhsil, elm və tədqiqat
institutları, peşə assosiasiyaları, dövlət
orqanları, biznes və digər assosiasiyalar
arasında müvafiq qaydada tərəfdaşlığı inkişaf
etdirməkdir.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor |