Artıq dörd ildir ki, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu,
Təhsil Nazirliyi və AMEA İnformasiya
Texnologiyaları İnstitutunun birgə
təşkilatçılığı ilə ali məktəb tələbələri
arasında informatika fənni üzrə ümumrespublika
olimpiadası keçirilir.
Bu olimpiada digər fənn olimpiadalarından
fərqlənir, yarışma xarakterlidir və burada hər
biri üç nəfərdən ibarət olmaqla ali məktəb
tələbələrindən ibarət komandalar iştirak
edirlər.
Hər il olduğu kimi, bu il də olimpiada iki
mərhələdə keçirilir. Bu olimpiadanın
keçirilməsində əsas məqsəd gənclərin İKT
biliklərinin təkmilləşdirilməsi, informatika və
proqramlaşdırma sahəsində istedadlı tələbələrin
aşkara çıxarılmasından, respublikamızda bu
istiqamətdə həyata keçirilən işlərə dəstək
olmaqdan ibarətdir.
Xatırladaq ki, olimpiadanın birinci seçim
mərhələsi 10 aprel 2010-cu il tarixdə Qafqaz
Universitetində olmuşdur. 17 may Ümumdünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti
gününə həsr olunan bu olimpiadanın birinci
mərhələsində ölkəmizin 10 ali məktəbini təmsil
edən 42 komanda iştirak etmişdir. Onlardan 6 ali
məktəbi təmsil edən 20 komanda ikinci mərhələyə
vəsiqə qazanmışdır.
Bu il mayın 8-də isə AMEA İnformasiya
Texnologiyaları İnstitutunda "Ali məktəb
tələbələri arasında informatika üzrə
ümumrespublika olimpiadası"nın ikinci, final
mərhələsi keçirildi.
Qeyd edək ki, olimpiadanın final mərhələsinə
vəsiqə almış Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz
Universiteti, Azərbaycan Texniki Universiteti,
Naxçıvan Dövlət Universiteti və Moskva Dövlət
Universitetinin Bakı filialının tələbələrindən
ibarət komandalar iştirak edirdilər.
Söhbət zamanı olimpiadanın təşkilat komitəsinin
sədri Ramin Mahmudzadə MDB ölkələri arasında
informatika üzrə olimpiadanın cari ilin
oktyabrında keçiriləcəyini bildirdi. O, qalib
komandanın ölkəmizi informatika üzrə beynəlxalq
yarışların yarımfinalında təmsil edəcəyini
vurğuladı.
Olimpiadanın şərtlərinə görə, hər bir komanda
beş saat ərzində 7 məsələ həll etməli idi. Bu
məsələləri tam həll edən komandanın 250 bal
toplaya bilməsi nəzərdə tutulmuşdu.
Nəhayət, həmin gün gərgin keçən olimpiadanın
ikinci turunun qaliblərinin adlarını Təhsil
Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov elan
etdi. Məlum oldu ki, I yeri Bakı Dövlət
Universitetinin, II yeri Azərbaycan Dövlət Neft
Akademiyasının, III yeri isə Moskva Dövlət
Universitetinin Bakı filialının tələbələrindən
ibarət komandalar tutublar.
Bu olimpiadada müsabiqədənkənar iştirak edən
VIII, IX və X sinif şagirdlərinin təmsil
etdikləri "Hli school" komandası da yüksək bal
toplayaraq özünü sınadı.
Qaliblər 17 may Ümumdünya Telekommunikasiya və
İnformasiya Cəmiyyəti günündə qiymətli
hədiyyələrlə mükafatlandırılacaqlar.
Ədalət DAŞDƏMİRLİ |