Mayın 7-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda ümummilli lider Heydər Əliyevin
anadan olmasının 87-ci ildönümünə həsr edilmiş
"Heydər Əliyev və Azərbaycanın inkişafı"
mövzusunda elmi-praktik konfrans keçirildi.
Giriş
sözü ilə konfransı açan rektor, professor Asəf
Zamanov görkəmli dövlət xadimi, tariximizə
qurucu xilaskar kimi daxil olmuş ümummilli lider
Heydər Əliyevi xalqımızın taleyində,
iqtisadi-siyasi, mənəvi həyatında misilsiz
xidmətlər göstərən dahi şəxsiyyət kimi
səciyyələndirdi. Qeyd etdi ki, Heydər Əliyev
şəxsiyyətinin müdrikliyi, böyüklüyü ondadır
ki, onun düşüncələri, əməli fəaliyyəti təkcə
bu günlə məhdudlaşmamış, həm də uzaq gələcəyə
ünvanlanmışdır. Azərbaycan tarixinin 1969-cu
ilin 14 iyulundan sonrakı dövrünün əhatəli
təhlili və qiymətləndirilməsi belə bir
həqiqəti aşkar edir ki, Heydər Əliyevin
respublikaya rəhbər seçilməsindən sonra
ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən
maarif və təhsil sahəsində açıq müşahidə edilən
tənəzzül prosesinə son qoyuldu. 70-80 -ci
illərdə Azərbaycan intibahını şərtləndirən, onu
səciyyələndirən mühüm amillər sırasında
təhsilin,elmin, mədəniyyətin yüksəlişi
xüsusilə diqqəti cəlb edir.Həmin dövrdə
məktəblərin texniki və elmi-metodiki
vasitələrlə təminatı əsaslı şəkildə
yaxşılaşdı. 1978-ci ildə fizika və kimya
kabinetləri ilə təminat 92,2 faizə,
məktəblərin kitabxana ilə təminatı isə 97,9
faizə yüksəlmişdi. Ali təhsilin kəmiyyət və
keyfiyyətcə yüksəlişinin əsasını da ümummilli
lider qoymuşdur. Heydər Əliyevin uzaqgörənliklə
əsasını qoyduğu təhsil ənənələri sırasında
azərbaycanlı gənclərin respublikamız üçün
gərəkli ixtisaslara yiyələnmələrindən ötrü
keçmiş sovetlər ölkəsinin qabaqcıl ali
məktəblərinə göndərilməsi təcrübəsi xüsusi yer
tutur. Hər il qabiliyyətli gənclərin böyük bir
hissəsinin SSRİ-nin elm və tədris ənənələri
ilə tanınmış qabaqcıl ali məktəblərinə
göndərilməsi Heydər Əliyevin uzaqgörən
siyasətinə ən bariz nümunədir. Bundan əlavə,
gənclərin böyük bir dəstəsi ölkənin ali hərbi
məktəblərinə, Kiyev Mülki Aviasiya İnstitutuna,
Patris Lumumba adına Xalqlar Dostluğu
Universitetinə, Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna qəbul olunurdular.
Bu yolla ulu öndər Azərbaycanın o dövr üçün ən
vacib olan elm və kadr potensialının
möhkəmlənməsinə nail olmuşdur. Artıq 1981-ci
ildə Moskva, Leninqrad (indiki
Sankt-Peterburq), Kiyev və digər şəhərlərin
qabaqcıl ali məktəblərində 244 ixtisas üzrə
3600-dən çox azərbaycanlı oğlan və qız təhsil
alırdı. Bu gün Azərbaycan təhsilində qlobal
dəyişikliklər, yeniləşmə prosesi gedir.
Müstəqil Azərbaycanın gələcəyi, milli
müstəqilliyimizin taleyi çağdaş təhsilimizin
uğurlarından asılıdır. Heydər Əliyevin zəngin
yaradıcılıq irsi, şəxsi nümunəsi və dövlətçilik
fəaliyyəti gənc nəslin milli və ümumbəşəri
dəyərlər zəminində tərbiyə olunması, təhsil
alması işinin səmərəli təşkili üçün ən
qiymətli mənbədir. Heydər Əliyevin bu günə və
gələcəyə ünvanlanan ideyaları onun siyasi varisi
Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor
Nizami Cəfərov geniş və əhatəli çıxışında türk
dünyasının lideri Heydər Əliyevi "Dahiliyin
zirvəsi" adlandırdı. Akademik Asəf Nadirov
"Heydər Əliyev və Azərbaycanda sosial-iqtisadi
yüksəliş" mövzusunda danışdı. BPKİYİ-in
Psixologiya kafedrasının müdiri, psixologiya
elmləri namizədi Hökümə Əliyevanın
hazırladığı təsviri kompozisiyada ulu öndər
Heydər Əliyev bir çox tarixi şəxsiyyətlərlə
müqayisə olundu, kafedra müdiri, dosent Aydın
Paşayev "Pedaqoji kadrların
ixtisasartırmasının formalaşmasında Heydər
Əliyevin rolu" mövzusunda məruzə etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
müavini Vüsal İsmayılov, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdir müavini Hüseyn
Əsgərov dahi şəxsiyyət Heydər Əliyevin
təhsilin inkişafındakı böyük xidmətlərindən
söz açdılar.
Sonda rektor Asəf Zamanov "Peşəkarlığın inkişaf
vektoru" mövzusunda ustad dərslərinin bir qrup
müdaviminə sertifikatlar təqdim etdi.
Sifai SƏFƏROVA
|