Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin
(TSİİL) yerinə yetirilməsi ilə əlaqədar təsdiq
edilmiş İcra Planına uyğun olaraq, 2010-2011-ci
dərs ilində respublikanın ümumtəhsil
məktəblərinin I siniflərində dərs deyəcək
ibtidai sinif müəllimlərinin fənn
kurikulumlarının tətbiqi sahəsində nəzəri və
praktik hazırlığını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2010-cu il iyun-avqust aylarında Naxçıvan
MR-in, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və
Şirvan şəhərlərinin, respublika rayonlarının
təlim Azərbaycan və rus dillərində olan
ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs
ilində I siniflərdə işləyəcək ibtidai sinif
müəllimləri üçün 6 günlük təlim kursları təşkil
edilsin.
2. Təlim kursunun tədris planı və proqramı
təsdiq olunsun (əlavə olunur).
3. Nəzərə alınsın ki:
3.1. Naxçıvan MR-də təlim kursları "öyrədənlərin
öyrədilməsi" kursunu bitirib xüsusi sertifikat
almış məşqçi-müəllimlər tərəfindən aparılır.
3.2. Respublikanın şəhər və rayonlarında təlim
kursları TSİİL çərçivəsində tender qaydasında bu
təlimləri keçirmək hüququ qazanmış təşkilatlar
tərəfindən aparılır.
3.3. Bilavasitə Təhsil Nazirliyi tabeliyindəki
ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya
və s.) I sinifdə işləyəcək ibtidai sinif
müəllimləri həmin müəssisələrin yerləşdikləri
ərazilərdə, məcburi köçkün məktəblərinin
müəllimləri məskunlaşdıqları şəhər və rayonlarda
təşkil edilən təlim kurslarına cəlb olunurlar.
3.4. Təlim kursunu uğurla başa vurmuş
müəllimlərə Təhsil Nazirliyi tərəfindən müəyyən
edilmiş formada sertifikat verilir.
3.5. Ümumtəhsil məktəblərinə yeni işə qəbul
olunan I sinifdə işləyəcək müəllimlər, habelə
uzürlü səbəbdən təlimdə iştirak etməyən
müəllimlər üçün 2010-cu il sentyabr ayı ərzində
təlim kursları təşkil edilə bilər.
4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,
rayon (şəhər) təhsil şöbələri:
4.1. Bu əmrin icrasının təmin olunması ilə bağlı
fəaliyyət planı hazırlayıb təsdiq etsinlər.
4.2. Təlim kursları başlanana qədər 2010-2011-ci
dərs ilində I siniflərdə dərs deyəcək ibtidai
sinif müəllimlərinin siyahısını bir daha
dəqiqləşdirsinlər, yeni fənn kurikulumları ilə
tədrisə başlanacaq I siniflərdə ən səriştəli və
müasir tələblər baxımından yüksək peşəkarlıq
səviyyəsinə malik müəllimlərin işləməsini təmin
etsinlər.
4.3. Ərazilər üzrə təlim kursları təşkil
olunacaq məktəblərə (ixtisasartırma
müəssisələrinə) təhkim olunan məsul əməkdaşları
və Təhsil Nazirliyi ilə kursların təşkili ilə
bağlı məsələləri əlaqələndirəcək şəxsi
müəyyənləşdirsinlər.
4.4. Təlim kurslarını təşkil edəcək təşkilatla
birlikdə 2010-cu ilin iyun-avqust aylarında
keçiriləcək kursların cədvəlini tərtib etsinlər,
təlim kursu təşkil edilən müəssisələrdə
məşğələlərin səmərəli keçirilməsi üçün lazımi
şərait yaratsınlar, hər bir təlim otağının
zəruri texniki vasitələrlə (kompüter (noutbuk),
proyektor və s.) təchizatını təmin etsinlər.
4.5. Təlim kurslarına cəlb edilən müəllimlərin,
kurs keçirilən müəssisələrin və onlara təhkim
olunan əməkdaşların siyahısını əmrlə təsdiq
etsinlər və əmrin surətini nazirliyə təqdim
etsinlər.
4.6. Məcburi köçkün rayonların təhsil şöbələri
(E.Şükürova, Z.İbrahimov, M.Bağırov, H.Tahirov,
Ş.Xəlilov, V.Həsənova, M.Şükürov,
A.Allahverdiyeva, Ş.Yusifov, T.Əliyev) ərazilər
üzrə I sinif müəllimlərinin təlim kurslarında
müntəzəm iştirakına ciddi nəzarət etsinlər.
4.7. Təlim kurslarının yekunlarına dair
müəllimlərin adlı siyahısı əlavə olunmuş geniş
hesabatı və üzürlü səbəbdən təlimdə iştirak
etməyən, yeni işə qəbul edilmiş I sinifdə
işləyəcək müəllimlərin siyahısını 2010-cu il
sentyabrın 5-dək Təhsil Nazirliyinə təqdim
etsinlər.
5. Təhsil Problemləri İnstitutunun Kurikulum
Mərkəzi (Ə.Abbasov) Naxçıvan MR-in ümumtəhsil
məktəblərində 2010-cu dərs ilində birinci
siniflərdə işləyəcək ibtidai sinif müəllimləri
üçün təşkil ediləcək təlim kurslarının təşkili,
keçirilməsi və yekunlaşdırılmasında yerli təhsil
şöbələrinə və məşğələ aparan müəllimlərə əməli
kömək göstərmək, kursların keçirilməsinə
nəzarəti yerinə yetirmək üçün müvafiq
əməkdaşların Naxçıvan MR-ə ezam olunmasını
nəzərdə tutsun.
6. Strateji təhlil, planlaşdırma və kadrların
idarə olunması şöbəsi (F.Qədirov), TSİİL üzrə
əlaqələndirici qrupun direktoru (E.Rüstəmov)
təlim kurslarının təşkili, keçirilməsi və
yekunlaşdırılmasında yerli təhsil şöbələrinə və
təlimçi müəllimlərə əməli kömək göstərmək,
kursların keçirilməsinə nəzarəti yerinə yetirmək
üçün müvafiq əməkdaşların rayon və şəhərlərə
ezam olunmasını nəzərdə tutsunlar.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını, təlim
kurslarının kütləvi informasiya vasitələrində
işıqlandırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL
üzrə milli koordinator İ.İsgəndərova həvalə
olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
30 aprel 2010-cu il |