Mayın
10-da "Buta" sarayında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümü və Heydər Əliyev
Fondunun fəaliyyətə başlamasının 6 illiyi
münasibətilə təntənəli mərasim keçirilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlət və hökumət nümayəndələrinin, xarici
ölkələrdən dəvət olunmuş qonaqların iştirak
etdikləri tədbirdə Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyeva çıxış edərək demişdir ki, Heydər
Əliyevin həyatı bütövlükdə Azərbaycanın
inkişafına yönəlmişdir.
Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün
müstəqil və dünya birliyində layiqli yer tutan
ölkədə yaşadığımızı vurğulayan Mehriban xanım
bildirmişdir ki, ulu öndərin nəcib əməlləri
gələcək nəsillər üçün müdriklik məktəbi
olacaqdır.
Azərbaycanlılar fəxr edirlər ki, Heydər Əliyev
kimi unudulmaz lideri, qəhrəmanı vardır, - deyən
Mehriban xanım Əliyeva bildirmişdir ki, ulu
öndərin adını daşıyan Fond artıq 6 ildir
fəaliyyət göstərir və bu illər ərzində Heydər
Əliyev Fondu Azərbaycanın ictimai-siyasi
həyatında fəal iştirak etmişdir. Heydər Əliyev
Fondu təhsil, səhiyyə, mədəniyyət sahələrinin
inkişafında, o cümlədən Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol
oynamışdır. Təsadüfi deyildir ki, bu gün Heydər
Əliyev Fondu dünyada hörmət və etimad ünvanına
çevrilmişdir.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevə
həsr olunan film nümayiş etdirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə
çıxış etmişdir.
Dövlətimizin başçısı demişdir ki, Heydər Əliyev
bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və
ləyaqətlə xidmət etmişdir.
Azərbaycan xalqı Heydər Əliyevə daim böyük
məhəbbət və inamla yanaşmışdır, - deyən
Prezident İlham Əliyev bildirmişdir ki, ulu
öndər ölkəmizin problemlərinin həllinə hər zaman
həssaslıqla yanaşmışdır və bir vaxtlar
üzləşdiyimiz çətinliklərin aradan qaldırılması
məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün
olmuşdur. Ulu öndərin gərgin fəaliyyəti
nəticəsində Azərbaycan riskli ölkə imicini
dağıtmış, respublikada irimiqyaslı layihələrin
icrasına başlanmış, bütün sahələrdə inkişaf
meyilləri güclənmişdir.
1993-2003-cü illərin Azərbaycanın gələcəyi üçün
həlledici dövr, bu 10 ildə görülən işlərin
əsrlər boyu görülən işlərə bərabər olduğunu
vurğulayan Prezident İlham Əliyev bildirmişdir
ki, ulu öndərin qurduğu müstəqil Azərbaycan bu
gün yaşayır, inkişaf edir və xalqımızın
qarşısında yeni imkanlar açılır, ölkəmiz Heydər
Əliyevin yolu ilə gedir və ulu öndərin ideoloji
əsasları ölkədə tam bərqərar olunmuşdur.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən
dövlətimizin başçısı əmin olduğunu bildirmişdir
ki, bu uğurlu dinamika gələcək illərdə də davam
etdiriləcəkdir. Bu işlərin təməlində Heydər
Əliyev amili dayanır. Biz ümummilli liderimizə
sadiqik, - deyən Prezident İlham Əliyev
bildirmişdir ki, Heydər Əliyev siyasəti
Azərbaycanda əbədi yaşayacaqdır.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən
bəhs edən filmin nümayişi olmuşdur.
Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə
təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı
sahiblərinə təqdim olunmuşdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva milli musiqimizin şah əsəri olan muğamın
inkişafına verdiyi töhfəyə və Fondun mədəniyyət
sahəsində həyata keçirdiyi layihələrdə fəal
iştirakına görə xalq artisti Arif Babayevə "Qızıl
çinar" beynəlxalq mükafatını təqdim etmişdir.
Digər nominasiyada mükafat uşaq hüquqlarının
qorunması və onların humanist ruhda böyümələri
işinə verdiyi dəstəyə görə YUNİSEF-in
Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hanaa
Singerə təqdim olunmuşdur.
Azərbaycan rəssamlıq məktəbinin görkəmli
nümayəndəsi, xalq rəssamı Tahir Salahova da
müasir boyakarlıq sənətinin inkişafında
göstərdiyi xidmətlərə görə "Qızıl çinar"
beynəlxalq mükafatı təqdim edilmişdir.
Mükafatlandırma mərasimindən sonra Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin konserti olmuşdur.
Bakının qonağı olan dünya şöhrətli opera
müğənnisi Plasido Dominqo konsertdə çıxış etmiş,
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva ilə görüşmüşdür.
AzərTAc |