Mayın 8-də Heydər Əliyev adına Müasir Təhsil
Kompleksində məktəblilərin III İntellekt
olimpiadası keçirilmişdir.
Olimpiada iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin Müasir Təhsil Kompleksinin
həyətindəki abidəsi önünə gül dəstəsi düzmüşlər.
Olimpiadanın açılış mərasimində çıxış edən
kompleksin direktoru, dosent Sevinc Rzayeva
bildirmişdir ki, ulu öndər Heydər Əliyevin
xatirəsinə həsr olunmuş intellekt yarışı artıq
üçüncü dəfədir təşkil olunur. Heydər Əliyev
Fondunun dəstəyi ilə həyata keçirilən
olimpiadada paytaxtın müxtəlif rayonlarından 20
məktəb və liseyin komandaları iştirak edirlər.
Bu yarış şagirdlərə intellektual bacarıqlarını
nümayiş etdirməyə imkan yaradır və birbaşa
informasiya və kommunikasiya texnologiyalarının
(İKT) tətbiqi ilə onlayn rejimdə keçirilir.
Olimpiada fizika, riyaziyyat, kimya, biologiya,
tarix, coğrafiya, ingilis dili fənlərini əhatə
edir.
Olimpiadanın məqsədi yüksək intellektual
hazırlığı olan şagirdləri üzə çıxarmaq, onları
həvəsləndirmək, həmçinin İKT-dən istifadə
vərdişləri aşılamaq və məktəblilərin gələcəkdə
informasiya cəmiyyətinin fəal üzvü kimi
yetişməsinə imkan yaratmaqdır.
S.Rzayeva təhsilin inkişafında Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini
xüsusi vurğulamışdır. Bildirmişdir ki, Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə son
illərdə müasir standartlara cavab verən təhsil
müəssisələri tikilmişdir.
Olimpiadaya start verildikdən bir neçə saat
sonra qaliblər müəyyən olunmuşdur.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin
şagirdlərinin təqdim etdikləri konsert
proqramından sonra qaliblərin
mükafatlandırılması mərasimi keçirilmişdir.
"Sürət" nominasiyası üzrə 147 nömrəli məktəb
birinci, 8 nömrəli məktəb ikinci, 42 nömrəli
məktəb isə üçüncü olmuşdur. "Diqqət"
nominasiyasında qalib yerləri müvafiq surətdə
164 nömrəli, 299 nömrəli və 292 nömrəli
məktəblər tutmuşlar. "Məntiq" nominasiyası üzrə
145 nömrəli məktəb birinci, 93 nömrəli məktəb
ikinci, 18 nömrəli məktəb isə üçüncü yerə
çıxmışdır. "Mütləq" nominasiyasının qalibləri 72
nömrəli, 100 nömrəli və 27 nömrəli məktəb hesab
edilmişdir.
Nominasiyalar üzrə qaliblər mükafatlandırılmış,
hər bir iştirakçıya sertifikatlar verilmişdir.
AzərTAc
|