Təhsil Nazirliyinin bir qrup əməkdaşı 2010-cu il
aprelin 9-dan 18-dək təhsil sahəsində yeni
strategiya və təcrübələri öyrənmək məqsədilə
Braziliya Federativ Respublikasında tədris
səfərində olmuşdur. Onlar Braziliyanın
Rio-de-Janeyro, San-Paolo və Braziliya
şəhərlərindəki federal və ştat səviyyəsində
təhsil nazirliyində, təhsil departamentlərində,
məktəblərdə olmuş, görüşlər və müzakirələr
keçirmişlər.
İlk tanışlıq
Braziliya
portuqal dilində "braza" sözündən olub mənası
"isti", "közərmiş kömürlər" deməkdir. Bu sözü
eşidərkən istər-istəməz kofe, futbol və
karnavalı xatırlamalı olursan. Özünəməxsus
əsrarəngiz gözəllikləri, geniş çəmənlikləri,
böyük meşələri, quşqonmaz zirvələrə malik
dağları olan bir bölgəni yada salırsan. Bu,
Braziliya Federativ Respublikasıdır.
Braziliya Latın Amerikasında ən böyük ölkədir.
Onun 8514215 km2 ərazisi, 189961704 nəfər
əhalisi vardır. Bu ölkə şimaldan Qayana,
Venesuela, Surinam, Fransız Qvianası,
şimal-qərbdən Kolumbiya, qərbdən Peru və
Boliviya, şimal-qərbdən Uruqvay və Argentina ilə
həmsərhəddir. Onun şərq sahillərini isə
Atlantik okeanının suları yuyur.
Braziliya ərazisinə və əhalisinin sayına görə
dünyada 5-ci ölkə sayılır. Zəngin təbii
ehtiyatları, yararlı iqlimi, məhsuldar
torpaqları və sərfəli coğrafi şəraiti onun dünya
iqtisadiyyatının liderlərindən birinə
çevrilməsinə imkan yaratmışdır. Burada
ekvatorial iqlim hökm sürür. Dünyanın ən bol
sulu çayı - Amazonka Braziliyadadır. Dünyanın
böyük çaylarından olan San-Fransisko, Parana da
Braziliyadadır. Burada ağ, qara və qarışıq
irqdən olan insanlar yaşayırlar. Onların
əksəriyyəti (80%) katolikdir.
Bu ölkənin tarixi 1494-cü ildən - onun kəşf
olunduğu vaxtdan başlayır. 1500-cü ilin
aprelində portuqaliyalı gəmiçi Pedro Alvares
Kabral Hindistana getmək üçün səfərə çıxır,
lakin o, Cənubi Amerikaya gəlir və ölkənin
Portuqaliya kralı adına zəbt olunduğunu elan
edir. Sonralar böyük bir tarixi yol keçən
Braziliyada 1930-1945-ci illər arasında
avtoritar bir rejim, 1964-1985-ci illər arasında
hərbi diktatura hökm sürür. 1988-ci ildə ölkənin
yeni konstitusiyası qəbul olunur və 90-cı
illərdə ona dəyişikliklər edilir. Bu dövrdə
əhalisinin beşdə birinin savadsızlığı, iqtisadi
çətinliklərin dərinləşməsi ölkənin iqtisadi,
siyasi həyatında əsaslı dəyişikliklərin
aparılmasını ciddi vəzifə kimi qarşıya qoyur.
Ölkənin təhsil siyasəti
Latın
Amerikasının əksər ölkələri ilə müqayisədə
Braziliyada müasir təhsil ənənələri nisbətən gec
formalaşmağa başladı. Hələ ötən əsrin 70-ci
illərində Braziliyanın əhalisinin 15 yaşından
yuxarı 20%-i savadsız idi. Buna baxmayaraq,
ölkədə yaranan canlanma, insanların öyrənməyə
marağının artması dəyişikliklərlə nəticələnirdi.
Xüsusən təhsil sistemində irəliləyişlər inkişafa
səbəb oldu. Dövlət və xüsusi tədris
müəssisələrini ehtiva edən Braziliya təhsil
sistemi yaranmağa başladı. Bu sistemdə
məktəbəqədər təhsil, ibtidai, əsas, universitet
təhsili, eləcə də universitetə hazırlıq əhatə
olunurdu. Məktəbəqədər və ibtidai təhsil
bələdiyyələr, orta təhsil bələdiyyə və ştatlar,
universitetlər isə federal hökumət tərəfindən
maliyyələşdirilir. Ölkənin təhsil sahəsində
siyasəti Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilir və aparılır. Bu işin sistemli
və ardıcıl olaraq həyata keçirilməsində müxtəlif
strukturlar: federal hökumət, ştatlar və
bələdiyyələr məsuliyyət daşıyırlar. Təhsilin
müxtəlif mərhələsində maliyyələşdirilmənin
aparılmasında, məktəblərin maddi-texniki
bazalarının möhkəmləndirilməsində, ehtiyacların
ödənilməsində hər kəsin vəzifələri konkretləşir.
Braziliyanın tarixi inkişafında, o cümlədən yeni
təhsil sisteminin formalaşmasında gecikmələr
olsa da, müasir dünyanın inkişaf tempinə uyğun
olaraq orada da təhsilə proqressiv mövqedən
yanaşılır və onun inkişafına böyük təkan
verilirdi. Bu inkişaf 2006-cı ildən etibarən
islahatlarla müşayiət olunmağa başladı.
Braziliyada aparılan təhsil islahatının özəlliyi
onun sürətli olmasında, son on ildə ölkənin
bütün ərazisini əhatə edə bilən mükəmməl təhsil
şəbəkəsinin yaradılmasındadır. Bu şəbəkə
Braziliyanın ən kiçik yaşayış məntəqəsinə
qədərki bütün ərazilərini əhatə edir.
Səfərdə olduğumuz müddətdə bir fikri tez-tez
eşidirdik: Ölkədə hamı təhsillə əhatə
olunmuşdur, təhsildən kənarda qalan yoxdur.
Braziliya Təhsilinin İnkişaf Planında
göstərildiyi kimi, milli təhsil siyasətinin
məqsədləri 1988-ci ildən etibarən Federal
Konstitusiyanın da fundamental məqsədi olaraq
aşağıdakı vəzifələri ehtiva edir:
·
həmrəy, azad və ədalətli cəmiyyət qurmaq;
·
milli inkişafa zəmanət vermək;
·
yoxsulluğu və cəmiyyətdən təcrid olmanı ləğv
etmək;
·
hər kəsin rifahına nail olmaq üçün sosial və
regional bərabərsizlikləri azaltmaq;
·
irqindən, rəngindən, mənşəyindən, cinsindən
asılı olmayaraq, ayrı-seçkilik qoyulmadan hər
kəsin hərtərəfli inkişafını təmin etmək.
Bu vəzifələrin yerinə yetirilməsi azad və
ədalətli cəmiyyətin qurulmasını, yoxsulluğun
ləğv olunmasını və s. təmin edir. Nəticədə
sosial və regional bərabərsizliklər aradan
qalxır. Beləliklə, cəmiyyətin ehtiyac və
tələbatlarına uyğun təhsil sisteminin qurulması
üçün normal şərait yaranır.
Bu gün Braziliyanın təhsil məkanında formalaşmış
bir sistem fəaliyyət göstərir. İnsanların oxuma,
öyrənmə marağını nəzərə alan, onları davamlı
fəaliyyətə hazırlayan bu sistemin konkret və
aydın bir məqsədi vardır: keyfiyyətli təhsilin
qurulması.
Braziliyada keyfiyyətli təhsil insanların
inkişafı, həyata hazırlanması səviyyəsi ilə
ölçülür. Onların mədəniyyətləri əxz etmələri
mühüm tələb kimi diqqət mərkəzində dayanır.
Təhsil müəssisələrinin fəaliyyəti bu vəzifələrin
yerinə yetirilməsi baxımından dəyərləndirilir.
Ölkənin təhsil siyasətində keyfiyyətli təhsilin
həyata keçirilməsi üçün fəaliyyətin aşağıdakı
mühüm prioritet istiqamətlərdə qurulması
əhəmiyyətli hesab edilir:
·
təhsil sahəsində fəaliyyət göstərən şəxslərin
vəzifə və öhdəliklərinin müəyyənləşdirilməsi;
·
müxtəlif səviyyələrdə təhsilin idarəolunmasının
həyata keçirilməsi;
·
hesabatvermə: monitorinq və dəyərləndirmənin
həyata keçirilməsi;
·
kadr məsələlərinin həll olunması.
Federal səviyyədə təhsili inkişaf etdirmək üçün
göstərilən istiqamətlərdə ardıcıl və sistemli
tədbirlər həyata keçirilir.
Braziliyada təhsil sahəsində fəaliyyətlərin
konkret istiqamətləndirilməsi üçün məsuliyyətin
bölüşdürülməsinə zəruri prinsip kimi xüsusi
diqqət yetirilir. Həmin prinsipə istinad
olunmaqla təhsil sahəsində məsuliyyəti olan
federal hökumətlə ştatların funksiyaları
konkretləşdirilir. Bu zaman ştatlar (26 ştat və
bir federal dairə (FD), Braziliya şəhəri,
bələdiyyələr və məktəblər) hökumətə aid edilir.
Federal hökumətin fəaliyyət dairəsində
kurikulumların hazırlanması, maliyyələşdirmə
qaydalarının müəyyənləşdirilməsi, yeni təhsil
modellərinin və strategiyalarının işlənməsi,
bərabər imkanların yaradılmasına dair
strategiyaların tərtib edilməsi, monitorinq və
qiymətləndirmə üzrə sistemin formalaşdırılması
məsələləri əhatə olunur. Ölkə üzrə
universitetlər onun idarəçiliyində fəaliyyət
göstərir.
Ştat səviyyəsində əsas və orta təhsil idarə
olunur. Onun maliyyələşdirilməsi, maddi-texniki
bazanın möhkəmləndirilməsi məsələləri məhz bu
mərhələdə həll edilir.
Bələdiyyələr vasitəsilə məktəbəqədər və ibtidai
təhsil müəssisələri idarə edilir. Ümumiyyətlə,
Braziliyada dövlət təhsili təlimin bütün
səviyyələrində pulsuzdur.
Braziliyanın təhsil sistemi məktəbəqədər
təhsili, ibtidai (I-IV), əsas (V-VIII) və orta
(IX-XI) məktəbləri, universitet təhsilini, eləcə
də universitetdən sonrakı hazırlığı əhatə edən
həm dövlət, həm də xüsusi tədris müəssisələrini
özündə birləşdirir.
1988-ci ildə qəbul olunmuş Braziliya
Konstitusiyasına görə, dövlət vergilərindən
gələn gəlirin 18%-i, ştatların və bələdiyyənin
vergi gəlirlərinin isə 25%-i təhsil sahəsinin
ehtiyaclarına sərf olunur.
Təhsil Nazirliyi ali təhsilin bütün sisteminə
nəzarət edir. Əsas qanunverici orqan Təhsil üzrə
Federal Şuradır. Federal hökumət ən azı hər
ştatda bir federal universitet saxlayır.
Ötən əsrin 80-ci illərinin ortalarında Braziliya
Latın Amerikasında məzunların və alimlərin
aspirantura və doktoranturada təhsil almalarına
vəsait ayıran ilk ölkələrdən biri olmuş, bu
hüquqdan həm dövlət, həm də xüsusi ali
məktəblərin yetirmələri istifadə etmişlər. Bu
ənənə indi də davam etməkdədir.
Braziliya Konstitusiyasının 2 və 3-cü
paraqraflarında müəyyənləşdirildiyi kimi,
ibtidai məktəblərin əksəriyyəti ya bələdiyyələr,
ya da ştatlar tərəfindən maliyyələşdirilir.
Ümumi təhsil
Dünyanın
bütün ölkələrində olduğu kimi, Braziliyada da
ümumi təhsil cəmiyyətin savadlanmasında, ümumi
inkişafında həlledici rol oynayır. Ona görə də
Braziliya hökuməti bu mərhələnin formalaşması və
inkişafına xüsusi qayğı ilə yanaşır. Ümumtəhsil
səviyyəsi 0-17 yaşları (0-3; 4-6; 7-17 yaşları)
əhatə edir. Göründüyü kimi, burada həm
məktəbəqədər, həm də məktəb təhsili səviyyələri
əhatə olunub. Məktəb səviyyəsi özü də ibtidai,
əsas və orta olmaqla səviyyələrə ayrılır. Əsas
təhsil yalnız 7-14 yaş səviyyələrini, yəni
I-VIII siniflərdə təhsil alan şagirdləri əhatə
edir. Ölkədə bu yaşdan olan şagirdlərin sayı
46364183-dür. Bu yaş səviyyəsində oxuyanlar üçün
təhsil pulsuzdur. Bələdiyyələr və şəhərlər əsas
təhsilin normal fəaliyyət göstərməsi üçün
məsuliyyət daşıyırlar. Orta təhsilin həyata
keçirilməsi işi ştatlar tərəfindən
reallaşdırılır.
Ümumiyyətlə, Braziliyada tədris hər ilin
fevralında başlayır və noyabrında başa çatır.
Adətən, ənənəvi karnaval başa çatdıqdan sonra
dərs ili başlayır. Şagirdlərə iyulda bir aylıq
tətil verilir.
Braziliyanın dövlət dili portuqal dilidir.
Ümumiyyətlə, ölkənin məktəblərində təlim dili
portuqal dilidir. Əvvəllər xarici dil kimi
yalnız ingilis dili tədris olunurdu. Son vaxtlar
ingilis dili ilə yanaşı, ispan dili də xarici
dil kimi tədris olunmağa başlamışdır.
Xarici dillərin öyrənilməyə başlanması ölkədə
vahid qaydada deyildir. Belə ki, xarici dil bəzi
məktəblərdə 6-cı sinifdən, bəzilərində isə
1-ci sinifdən tədris olunmağa başlayır.
Kompüter bacarıqları şagird məktəbə ayaq
basdığı vaxtdan öyrədilir.
Braziliyanın əksər ümumtəhsil məktəbləri üçün
xarakterik olan bir cəhət vardır. Belə ki, həmin
məktəblər altı gün işləsə də, tədris beş gündə
həyata keçirilir. Altıncı gün məktəbə yalnız
valideynlər gəlirlər. Onlar övladlarının,
ümumiyyətlə, məktəbin problemləri ilə bağlı
müzakirələr keçirir, konkret istiqamətlər üzrə
iş aparırlar.
Ümumiyyətlə, müəllimlər bir gündə 4, bir həftədə
22 saata qədər dərs aparırlar. Hələ də ali
təhsili olmayan müəllimlər vardır.
Rio-de-Janeyro şəhərində ali təhsili olan
müəllimlər 96% təşkil edir.
Ənənəvi olaraq ümumtəhsil məktəblərinin bütün
müəllimləri üçün hər tədris ilinin əvvəlində
həftəlik kurslar təşkil olunur. Müəllimlər bu
kurslardan keçməklə növbəti tədris ilində
fəaliyyət göstərmək üçün hüquq qazanırlar. Eyni
zamanda da keyfiyyətli fəaliyyət göstərmək üçün
istiqamətlər alır, tövsiyələrlə yaxından tanış
olurlar.
Kommunal xərcləri, dərslik və məktəbli forması
üçün bələdiyyələr tərəfindən məktəbə pul vəsaiti
verilir. Uşaqlar günün müxtəlif vaxtlarında
yeməklə təmin olunurlar. Müəllimlər bələdiyyələr
tərəfindən təyin edilirlər.
Braziliyada keyfiyyətli təhsil ölkənin
müstəqillik atributu kimi qəbul olunmuşdur. Son
vaxtlar belə qərara gəlinmişdir ki, Braziliyada
keyfiyyətli təhsilə nail olunarsa, o zaman ölkə
özünün bütün sahələrdə potensialını gücləndirər,
müstəqilliyini artırar. Ona görə də ölkə
miqyasında uzun müddət üçün - 2022-ci ilə qədər
perspektiv məqsədlər müəyyənləşdirilmiş, həmin
məqsədlər fəaliyyət hədəfləri kimi qəbul
olunmuşdur. Onlar aşağıdakılardan ibarətdir.
1. Hər 4 yaşdan 17 yaşa qədər uşaq və gəncin
məktəbdə qeydiyyatının olması.
2. Hər 8 yaşlı şagirdin oxumağı və yazmağı
bilməsi.
3. Hər bir şagirdin siniflər üzrə tələb olunan
təlim nəticələrinin əsas obyekti olması.
4. Bütün 19 yaşda olan gənclərin orta təhsilə
malik olması.
5. Əsas təhsil üçün investisiyanın artırılması
və onun yaxşı idarə olunması.
Braziliyada ümumi təhsilin perspektiv inkişafını
xarakterizə edən bu məqsədlər
müəyyənləşdirilməklə onun gələcək
istiqamətlərini konkretləşdirmək mümkün
olmuşdur. Nəzərdə tutulmuş məqsədlərin
xarakterinə uyğun aşağıdakı strategiyalar
hazırlanmışdır:
·
Keyfiyyətli təhsilin tələbləri.
·
Keyfiyyətli təhsilin təchizatı.
·
Təhsilin nəticələrin gözü ilə müşahidə olunması.
Beləliklə, Braziliyanın ümumi təhsilinin gələcək
inkişafı üçün konturlar cızılmışdır. Eyni
zamanda konkret məqsəd və strategiyalar müəyyən
olunmuşdur.
Hazırda həmin məqsəd və strategiyaların
reallaşdırılması istiqamətində işlər aparılır.
Texniki peşə təhsili
Dünyada
texnologiyalardan istifadə genişlənir,
peşəkarlığın cəmiyyət üçün faydalılığı getdikcə
artır. Bütün bunlar sosial ehtiyaclar kimi
təhsilin qarşısında yeni-yeni vəzifələr qoyur.
Məktəbin fəaliyyət istiqamətini bilavasitə
cəmiyyət və insan probleminin həllinə yönəltmək
bu prosesdə şəxsiyyətin formalaşdırılmasını,
onun qabiliyyətli bir insan kimi
yetişdirilməsini qabarıqlaşdırır. Ona görə də
bu gün dünyanın ən inkişaf etmiş ölkələrində
müasir texnikanın dilini bilən, peşəkarlığı ilə
seçilən insanların yetişdirilməsinə daha üstün
yer ayrılır.
Braziliyada da bu problemin həlli gündəmdə
dayanır. Bu ölkədə yaşayan insanların texniki
peşə təhsilinin müasir tələblər səviyyəsində
qurulması ölkənin təhsil quruculuğunda prioritet
istiqamətlərdən biri hesab edilir. Federal
səviyyədə peşə təhsilinin şəbəkəsinin
genişləndirilməsi strateji fəaliyyət xətlərindən
biri kimi diqqət mərkəzində saxlanılır. Ölkənin
peşə təhsili sahəsində həyata keçirdiyi siyasət
onun iqtisadi inkişaf planına uyğun olaraq
aparılır.
Braziliyada peşə təhsili sahəsində siyasətin
davam etdirilməsində bir neçə vacib şərt əsas
götürülür.
Birinci, Braziliya təhsili üçün xarakterik olan
əks-mərkəzləşdirmə peşə məktəblərinin də
fəaliyyətinin əsasını təşkil edir. Ona görə də
məktəblərin yaradılması və fəaliyyət
göstərməsində bu cəhətin nəzərə alınması xüsusi
tələb kimi icra olunur.
İkinci, Braziliyada peşə məktəblərinin
yerləşdirilməsində sistemsizliklər mövcuddur.
Məktəblərin ərazi üzrə düzgün paylanmaması
müşahidə edilir. Bəzi ştatların mərkəzində peşə
məktəbləri və onların filialları fəaliyyət
göstərir. Belə bir vəziyyət peşə məktəblərinin
iş ahənginə, məhsuldarlığına mənfi təsir
göstərir. Ona görə də ölkənin daxilində bu
məktəblərin proporsional qaydada yerləşdirilməsi
onun inkişaf etdirilməsinin mühüm cəhətlərindən
biri kimi diqqət mərkəzində saxlanılır.
Nəhayət, peşə məktəblərinin əhalinin daha çox
olduğu ərazilərdə yerləşdirilməsi də onun
inkişaf etdirilməsinin mühüm amili kimi nəzərə
alınır.
Bütün bunlarla yanaşı, əvvəlki yanaşmalardan
fərqli olaraq, Braziliya təhsilinin inkişafının
müasir mərhələsində peşə məktəblərinə ayrıca
götürülmüş təhsil müəssisəsi kimi deyil, ümumi
təhsil məktəbləri ilə qarşılıqlı əlaqə saxlayan
bir təhsil müəssisəsi kimi yanaşılır. Ona görə
də son dövrlərdə bu əlaqələr peşə məktəblərinin
fəaliyyətində aydın görünür.
Braziliyada peşə təhsilinin üç səviyyəsi vardır:
əsas təhsil pilləsində peşə təhsili; orta
təhsilin yuxarı pilləsində - peşə məktəblərində
peşələrin öyrədilməsi; ali peşə təhsili. Bu
ölkənin peşəkarlara, xüsusən texniki peşə
sahəsində mütəxəssislərə daha çox ehtiyacı
vardır. Ona görə də texniki peşə məktəbləri
ayrıca fəaliyyət göstərir. Belə məktəblərin sayı
270-dir. Hazırda peşə almaq istəyənlərin sayı
günbəgün artır. Ona görə də texniki peşə
məktəbləri bu tələbatı ödəyə bilmir.
Ölkədə 18 yaşdan 35 yaşa qədər vətəndaşların
peşə öyrənmək hüququ vardır. Lakin yaşı çox
olanların da (50 yaşa qədər) peşə öyrənməyə
maraq göstərdiyi müşahidə edilir. Hazırda ali
məktəbə qəbul olunanların 10%-i peşə
məktəblərindəki kursların müdavimləridir.
Ölkə üzrə uşaqların 30%-i peşələrə cəlb olunur.
Hökumət bu rəqəmi 50%-ə çatdırmaq üçün tədbirlər
həyata keçirir.
Texniki peşə məktəbləri müəyyən sənaye və kənd
təsərrüfatı müəssisələrinin nəzdində də
fəaliyyət göstərir. Ona görə də bu tip məktəblər
ölkənin hər tərəfində geniş yayılmışdır. Lakin
Braziliyada olan texniki peşə məktəblərinin
üçdən biri San-Paolo şəhərində yerləşir.
Bu gün Braziliyada peşə məktəbləri federal
hökumətə tabe olan bir müəssisə kimi fəaliyyət
göstərir. Artıq ənənəsi yaranmış bu
müəssisələrin yüzdən artıq yaşı vardır. Ölkədə
aparılan təhsil islahatının tələblərinə uyğun
olaraq onların funksiyaları dəyişmiş, cəmiyyətin
ehtiyac və tələbatlarına uyğun fəaliyyət
göstərən digər təhsil müəssisələri ilə
qarşılıqlı əlaqədə işləyən bir müəssisəyə
çevrilmişdir.
Ölkədə peşələrə olan ehtiyac federal hökumət
səviyyəsində fəaliyyət göstərən peşə
məktəblərinin şəbəkəsinin daha da
genişləndirilməsini bir tələb kimi qarşıya
qoymuş, təkcə federal səviyyədə deyil, eyni
zamanda ştatlarda da belə məktəblərin
yaradılmasını zəruri etmişdir.
Braziliyanın peşə təhsili üçün önəmli olan bir
xüsusiyyəti də bu məktəblərə elementar savadı
olmayan şəxslərin qəbul edilməsi ilə bağlıdır.
Belə ki, heç bir təhsil görməmiş, savadsız bir
şəxs peşə öyrənmək məqsədilə məktəbə müraciət
edə bilir. Məktəb onun arzusuna əsasən qəbul
olunması barədə qərar verir. Beləliklə,
vətəndaşa peşələri öyrənmək üçün şərait
yaradılmaqla yanaşı, savad təlimi üzrə
bacarıqlar da aşılanır. Bu, əslində, humanist
prinsiplərə əsasən atılan addım kimi
qiymətləndirilə bilər. Çünki belə bir yanaşma
zamanı ölkədə yaşayan hər bir vətəndaşın arzu və
istəyini nəzərə almaq mümkün olur. İnsanlara
münasibətdə dininə, milliyyətinə, irqinə görə
ayrı-seçkiliyə yol verilmir. Onların inkişaf
etməsinə şərait yaradılır. Hətta həbsxanada
olanların cəmiyyətə adaptasiya olunması
istiqamətində iş aparılır.
(Ardı var)
İsgəndər İSGƏNDƏROV,
Azərbaycan Respublikası təhsil nazirinin
müavini,
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini
|