Şagird nailiyyətlərinin yoxlanması üçün milli
qiymətləndirmə tədqiqatlarının həyata
keçirilməsi təhsil siyasətində önəmli yer tutur.
Milli qiymətləndirmə təhsili öyrənmək üçün
aparılan tədqiqatdır və bu tədqiqatın məqsədi
ayrı-ayrı şagirdlərin imtahan nəticələrini
öyrənmək deyil, ümumilikdə təhsilə qiymət
verməkdir. Milli qiymətləndirmədə təhsillə bağlı
bütün amillər tədqiqata cəlb edilir, şagird ana
dili və riyaziyyat fənləri üzrə verilən
suallarla yanaşı, onun təhsilə münasibətini,
yaşadığı mühitin təhsilə təsirini öyrənən
sorğulara da cavab verir. Geniş və ətraflı
təhlil aparmaq məqsədilə tərtib olunan sorğu
kitabçaları həmin şagirdlərin valideynləri, fənn
müəllimləri və təhsil aldıqları məktəb
direktorları üçün də hazırlanır. Nəticədə
təhsilə təsir edən bütün amillər ən xırda
təfərrüatına qədər təhlil edilmək imkanı
qazanır.
Bu
təcrübədən ilk dəfə Amerika federal hökuməti
1969-cu ildə ölkədə şagirdlərin
nailiyyətlərinin təhsil standartlarına
uyğunluğunu öyrənmək üçün istifadə etmiş və
sonrakı illərdə fənn üzrə təlim standartlarının
hazırlanmasında, təkmilləşdirilməsində milli
qiymətləndirmənin göstəriciləri nəzərə
alınmışdır. Bu təcrübənin səmərəliliyi onun daha
geniş yayılmasına və digər ölkələrdə də
müvəffəqiyyətlə tətbiq olunmasına gətirib
çıxardı. Hazırda dünyanın əksər ölkələrində
milli qiymətləndirmə tədqiqatları həyata
keçirilir.
Məlumdur ki, təhsil standartlarının
hazırlanmasında təhsilalanların fənlərin
məzmununa dair bilik və bacarıqlarını nə
dərəcədə reallaşdıra bilməsini
müəyyənləşdirmək çox mühüm əhəmiyyətə
malikdir. Təhsil standartlarına qoyulan tələb
təhsilalanların potensial imkanlarını
aşmamalıdır, eyni zamanda bu imkanlardan da
aşağı olmamalıdır. Bu baxımdan, təhsilə
qoyulan tələblə şagirdlərin potensial
imkanlarının uyğunluğunu yoxlamaq üçün ən
optimal yol milli qiymətləndirmənin
aparılmasıdır.
Təhsilin bir səviyyəsindən digərinə keçid
zamanı, yəni 4 və 9-cu siniflərdə aparılan milli
qiymətləndirmədə ölkədə təhsil alan bütün
şagirdlərin iştirakı mütləq deyil. Çünki bu
qiymətləndirmədə şagirdlərin seçimi kəmiyyətə
görə deyil, digər parametrlərə əsasən aparılır.
Seçilən məktəblər yerləşdiyi əraziyə, tipinə,
statusuna görə müəyyənləşdirilir. Milli
qiymətləndirməyə cəlb edilən məktəblər həm ölkə
paytaxtını, paytaxtın mərkəzini və şəhər
ətrafını, bütün bölgələri və ucqar dağ
kəndlərini təmsil etməklə tipinə görə ibtidai,
əsas və orta məktəblərini, lisey, gimnaziya və
internatları əhatə edir. İndiyə qədər
Azərbaycanda aparılan milli qiymətləndirmə seçmə
üsuluna əsaslanıb.
Eyni zamanda dünyada seçim etmədən ölkənin
bütün məktəblərini əhatə edən milli
qiymətləndirmə aparmaq təcrübəsi də var.
Ölkənin bütün məktəblərinin 9-cu siniflərində
ana dili və riyaziyyat fənləri üzrə
mərkəzləşdirilmiş qaydada yoxlama və buraxılış
imtahanlarının keçirilməsi belə bir təcrübənin
Azərbaycanda yalnız 4-cü siniflərdə
reallaşdırılmasını tələb edir. Qeyd edək ki,
2013-cü ildə ibtidai təhsil səviyyəsinin sonunda
(4-cü sinifdə) bütün ölkədə milli
qiymətləndirmənin aparılması nəzərdə tutulur.
Həmin ildə fənn kurikulumlarının tətbiq
olunduğu siniflərin ibtidai təhsil səviyyəsini
başa vurması milli qiymətləndirmənin
aparılmasının əhəmiyyətini daha da artırır.
Təhsil Sektorunun İnkişafı üzrə II layihə
çərçivəsində milli qiymətləndirmə 2009-cu il
12-28 may tarixlərində respublikanın
seçilmiş 216 məktəbində həyata keçirildi.
Məktəblərin və şagirdlərin seçimi üçün
istifadə olunan məlumatlar Təhsil Nazirliyinin
məlumat bazasından götürülərək xüsusi kompüter
proqramına yerləşdirildi. Həmin məlumatlar
aşağıda göstərilən prinsiplər əsasında yığıldı:
·
İqtisadi regionlar;
·
İqtisadi regionlara daxil olan rayonlar;
·
Hər rayondakı orta, əsas və ibtidai məktəblərin
sayı;
·
Məktəbdəki 4-cü və 9-cu siniflərin sayı;
·
Məktəblərin Azərbaycan bölməsinin 4 və 9-cu
siniflərində təhsil alan şagirdlərin sayı;
·
4-cü və 9-cu siniflərdə dərs deyən ana dili
və riyaziyyat müəllimlərinin sayı.
Tədqiqatda 4-cü və 9-cu siniflər üzrə 11 822
nəfər iştirak etdi.
Seçim edilərkən müəyyən meyarlar əsas
götürüldü. Bu prosesdə şagirdlər ilkin olaraq
oğlan-qız, şəhər və kənd kriteriyaları üzrə
bölündülər.
4-cü siniflərdə şəhər və kənd məktəblərində
oğlan və qızların nisbəti:
|
|
Oğlan |
Qız |
Cəmi |
Şəhər |
1225 |
1125 |
2350 |
Kənd |
1876 |
1815 |
3691 |
Cəmi |
3101 |
2940 |
6041 |
|
|
9-cu siniflərdə şəhər və kənd məktəblərində
oğlan və qızların nisbəti:
|
|
Oğlan |
Qız |
Cəmi |
Şəhər |
1161 |
1136 |
2297 |
Kənd |
1801 |
1683 |
3484 |
Cəmi |
2962 |
2819 |
5781 |
|
|
Tədqiqat üçün məqsədli olaraq bəzi meyarlar da
müəyyən edildi. Məsələn, Dünya Bankı tərəfindən
Təhsilin İnkişafı üzrə İkinci Layihə
çərçivəsində respublikanın bir sıra ümumtəhsil
məktəblərinin kitabxanalarının
zənginləşdirilməsi nəzərdə tutulur. Bu siyahıda
olan məktəblərin içərisindən də müəyyən sayda
məktəblər hədəf qrupu kimi tədqiqata cəlb edildi
və həmin məktəblərin şagirdləri ilə də
tədqiqat aparıldı. Məqsəd həmin məktəblərdə
mövcud vəziyyəti bilmək və növbəti milli
qiymətləndirmələr zamanı kitabxanaların
təkmilləşdirilməsinin şagirdlərin
nailiyyətlərinə necə təsir etdiyini
öyrənməkdir.
Milli qiymətləndirmə tədqiqatlarının uğurla
həyata keçirilməsi üçün ən vacib şərtlərdən
biri həqiqiliyin və etibarlılığın tələblərini
ödəyən qiymətləndirmə vasitələrinin
hazırlanmasıdır. Qiymətləndirmənin həqiqiliyi
onun məqsədinin birbaşa hədəfə yönəlməsi, yəni
ölçmək istədiyimizi ölçməyimizdir.
Etibarlılıq isə qiymətləndirmə vasitələrinin
tam bu məqsədə yönəldiyini müəyyən edir.
Məsələn, biz şagirdin riyazi bilik və
bacarığını ölçmək istədiyimiz halda, tapşırığın
şərtini şagirdin başa düşə bilməyəcəyi tərzdə
yazsaq, məqsədə nail ola bilmərik.
Bu şərtləri əsas tutaraq tədqiqat keçirmək
üçün qiymətləndirmə vasitələri hazırlandı və bir
neçə məktəbdə ilkin sınaqdan keçirildi. Bu
sınağı keçirməkdə məqsəd testlərin ağırlıq
səviyyəsini düzgün müəyyənləşdirmək idi. İlkin
sınağın nəticələri göstərdi ki, qiymətləndirmə
vasitələri tədqiqatın əsas tələblərinə cavab
verir.
4-cü siniflər üzrə isə 6041 nəfər şagirdin
64,9%-i ana dilindən, 75%-i riyaziyyatdan
sualların 20%-indən çoxuna düzgün cavab verib.
9-cu siniflər üzrə 5781 nəfər şagirdin 54%-i -
ana dilindən, 46,6%-i riyaziyyatdan sualların
20%-indən çoxuna düzgün cavab verib.
4-cü və 9-cu siniflərin şagirdləri, həmin
siniflərdə dərs deyən ana dili və riyaziyyat
müəllimləri, məktəb direktorları və valideynlər
üçün hazırlanmış anket sorğularının təhlili
milli qiymətləndirmənin ən maraqlı mərhələsidir.
Şagird üçün sorğu anketində onun ailə şəraiti,
məktəbdənkənar fəaliyyəti, təhsilə, ana dili və
riyaziyyat fənlərinə, müəllimlərə, dərslərə,
dostlarına, məktəbin şəraitinə münasibəti,
məktəbin onun üçün əhəmiyyəti haqqında suallar
verilmişdir.
Müəllimlər üçün sorğuya onların yaşı, pedaqoji
stajı, təhsili və iş təcrübəsi, istifadə
etdiyi təlim və qiymətləndirmə metodları barədə
suallar daxil edilmişdir.
Məktəb direktoru ilə sorğunun aparılmasında
məqsəd tədris şəraitinin, məktəbin daxili
qaydalarının şagirdlərin nailiyyətlərinə
təsirini öyrənməkdir.
Valideynlərlə sorğu keçirməkdə məqsəd
şagirdlərin valideynlərinin müəyyən hissəsinin
cavablarını övladlarının nəticələri ilə
qarşılaşdıraraq təhlil aparmaq və ailə mühitinin
şagirdin nailiyyətinə təsirini öyrənməkdir.
Testlərdə iştirak edən 11822 nəfər şagird, 216
məktəb direktoru, həmin məktəblərdə işləyən 600
nəfərdən çox ibtidai sinif, ana dili və
riyaziyyat müəllimi, 2000 nəfərdən çox valideyn
sorğu anketinə cavab vermişdir.
Şagird sorğusunun nəticələrinə görə, şəhər və
kənd məktəblərinin hər iki sinif üzrə
şagirdlərinin nailiyyət səviyyəsi arasında
fərqlər var və yüksək nəticə şəhər məktəblərinə
məxsusdur. Şəhər məktəblərində şagirdlərin
yüksək nəticələri məktəblərin texniki
təchizatının daha yaxşı səviyyədə olması,
yüksək səviyyəli müəllim kadrlarının şəhər
məktəblərində toplanması ilə izah oluna bilər.
Valideynləri tərəfindən qayğı ilə əhatə olunan
və təhsili üçün normal şərait yaradılan
şagirdlərin nəticələri müxtəlifdir. Belə
şagirdlərin 76%-i hər iki fənnə ciddi
yanaşdığını və gələcək həyatlarında bu fənlərin
əhəmiyyətini başa düşdüklərini göstərirlər. IX
sinif şagirdlərinin 60%-i ev təsərrüfatının
idarə olunmasında valideynlərinə kömək
etdiklərini göstərib ki, bunlar da əsasən kənd
məktəbliləridir. Bu şagirdlərin əksəriyyəti vaxt
azlığından dərslərə diqqət yetirə
bilmədiklərini bildirib. Buna baxmayaraq, həmin
şagirdlərin 30%-i suallara yaxşı cavab verib.
Şagirdlərin riyaziyyatı sevməsi onların
nəticələrinə müsbət təsir göstərir. Riyaziyyatı
çox sevən şagirdlərin 50,4%-i, riyaziyyatı heç
sevməyən şagirdlərin isə 39,1%-i yaxşı nəticə
göstərib. Şagirdlərin ana dili fənninə
münasibəti onların nəticələrində hiss olunmur.
Belə ki, şagirdlərin 71,7 %-i ana dilini
sevmədiyini göstərsə də, onların 65 %-i
sualların 20%-nə düzgün cavab verib. Dərs
oxumaq üçün sakit guşəsi, kompüteri,
kalkulyatoru və digər ləvazimatları olan 4-cü
sinif şagirdlərinin nəticələri digərlərinə
nisbətən yüksək olub. Suallara yaxşı cavab verən
9-cu sinif şagirdlərinin 72,8%-nin dərs oxumaq
üçün sakit guşəsi, kompüteri, kalkulyatoru və
digər vəsaitləri var.
Müəllimlərin sorğusundan aydın olmuşdur ki,
ibtidai siniflərdə dərs deyən müəllimlərin çoxu
gənc və orta yaşlı mütəxəssislərdir. 4-cü sinif
müəllimlərinin 62%-i, 9-cu sinif müəllimlərinin
56% -i 20-50 yaş arasındadır. Müvafiq olaraq
yaşı 70-dən çox olan müəllimlər 9% və 10% təşkil
edir. Hər iki sinifdə orta yaşlı müəllimlərin
şagirdlərinin nailiyyətləri digərlərindən
yüksəkdir. 9-cu sinif müəllimlərinin 70%-i
şagirdlərinin dərslərdə onların köməyi olmadan,
sərbəst işlədiyini bildirir. Müəllimlər əsasən
şagirdlərin fərdi şəkildə işləməsinə üstünlük
verir. Qeyd edək ki, kiçik qruplarla tez-tez iş
aparan müəllimlərin şagirdləri sorğulara daha
aydın və əhatəli cavab verib. Bu, şagirdlərin
məsələyə yaradıcı yanaşmasından irəli gəlir.
Məktəb direktorlarının cavablarından belə
qənaətə gəlmək olar ki, tədrisin vəziyyətinin
yaxşılaşmasına mane olan əsas amil bacarıqlı
müəllimlərin çatışmazlığı və texniki təlim
vasitələrinin tələblərə uyğun olmamasıdır.
Məktəb direktorlarının 97%-i dərsləri mütəmadi
olaraq müşahidə etdiyini göstərir və
müəllimlərin öz üzərində çalışması üçün onlara
tövsiyələr verdiyini göstərir. Lakin təəssüf ki,
bu deyilənlərin şagirdlərin nəticələrinə təsiri
hiss olunmur.
Eyni zamanda valideynlərin təhsil səviyyəsinin
də şagirdlərin nəticələrinə təsiri olmadığı
görünür. Belə ki, 4-cü sinif şagirdlərinin
valideynlərinin təxminən 40%-i orta, 29%-i
orta-ixtisas və təxminən 28%-i ali təhsillidir.
9-cu sinif şagirdlərinin valideynlərinin
təxminən 37%-i orta, 29%-i orta-ixtisas və
təxminən 32%-i ali təhsillidir. Lakin bu
göstəricilər şagirdlərin nəticələrinə
əhəmiyyətli təsir etməmişdir.
2009-cu ildə seçmə yolu ilə aparılan Milli
qiymətləndirmənin nəticələri aşağıdakı
məsələləri aktuallaşdırır.
1.Bu nəticələrdən ümumi orta və tam orta təhsil
səviyyəsi üçün fənn kurikulumlarının
hazırlanması prosesində istifadə edilməli,
biliyin bacarığa çevrilməsini təmin etmək
məqsədilə dərsliklərdə verilən oxu və anlama
bacarıqlarını inkişaf etdirən mətnlərin və bu
yönümlü qiymətləndirmə vasitələrinin sayı
artırılmalıdır.
2.Ana dili fənni üzrə dərsliklərdə oxu
bacarıqlarının inkişafına kömək edən, riyaziyyat
fənni üzrə dərsliklərdə məntiqi təfəkkür tələb
edən tapşırıqlara geniş yer verilməlidir.
3.Həndəsə fənninin tədrisi vəziyyəti
yaxşılaşdırılmalıdır.
4.Təcrübəli müəllimlərin şagirdlərinin
testlərdə daha yaxşı nəticələr göstərdiyini
nəzərə alaraq, 5 ilə qədər pedaqoji iş stajına
malik olan müəllimlərin ixtisasartırma
kurslarına cəlb edilməsinə xüsusi diqqət
yetirilməlidir.
5.Yeni qiymətləndirmə qaydaları ilə işləmək
bacarıqlarını inkişaf etdirmək üçün fənn
müəllimləri təlim kurslarına cəlb edilməlidir.
6.Ailədə uşaqların təhsilinə mane olan amilləri
aradan qaldırmaq məqsədilə məktəb-valideyn
əlaqələri gücləndirilməli və RTŞ-lar tərəfindən
bu məsələdə kənd məktəblərinə xüsusi diqqət
yetirilməli, məktəb direktorlarının müəllimlərə
metodiki kömək göstərmək sahəsində və
şagirdlərin fəallığının artırılmasına yönəlmiş
fəaliyyəti gücləndirilməlidir.
Təranə HACIYEVA,
Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsinin müdiri, filologiya
elmləri doktoru |