Bakının Nizami rayonundakı Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" rəqs
kollektivi, hər il olduğu kimi, bu il də
Türkiyədə keçirilən 23 Nisan Beynəlxalq Uşaq
Festivalında iştirak edib.
Bu günlərdə rəqs qrupu Türkiyənin Fəthiyə
şəhərindən qayıdıb. Minlərlə tamaşaçının
toplaşdığı şəhər stadionunda "Qızıl günəş"
adı altında keçirilən rəqs yarışmasında 20
ölkənin uşaq rəqs kollektivi iştirak edib.
Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan,
İndoneziya, Rusiya, Gürcüstan, Litva və
başqa ölkələrdən gələn rəqs qrupları milli
geyimlərdə rəngarəng proqramla ən gözəl
rəqslərini nümayiş etdiriblər.
"Azəri inciləri"nin 3 rəqsi -" Nəlbəki", "Naz
eləmə", "Qaytağı"nı özündə birləşdirən
kompozisiya ilə çıxışı tamaşaçıların alqışları
ilə qarşılanıb. 20 kollektivin içərisindən
bizim rəqqaslar ilk üçlüyə daxil olaraq,
yüksək pillələrdən birini - III yeri qazanıb,
ödül və medallara sahib olublar.
Rəqs qrupumuz Fəthiyə şəhərində keçirilən böyük
qala konsertində də iştirak edib. Konsertin
əvvəlində mərkəzin dram dərnəyinin üzvü Elnur
Əliyev xalq şairi Bəxtiyar Vahabzadənin
"Azərbaycan-Türkiyə" şeirini söyləyib.
Tamaşaçılar Elnurun çıxışını sürəkli alqışlarla
qarşılayıblar. Sonra rəqs qrupu konserti öz
şux rəqsləri ilə açıb. Çıxışdan sonra şəhərin
bələdiyyə başqanı səhnəyə qalxaraq kollektivin
üzvlərinə ödül və medallar təqdim edib.
Beləliklə, "Azəri inciləri" Vətənə bu il də
qələbə ilə qayıdıb.
Sifai SƏFƏROVA
|