Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin
missiya rəhbəri Simon Tonq və Böyük Britaniya
Şurasının Cənubi Qafqaz üzrə nümayəndəsi Paul
Doubleday Naxçıvan Dövlət Universitetində
olmuşlar.
NDU-nun rektoru, akademik İsa Həbibbəyli
qonaqlarla görüşərək ölkələrarası münasibətlərin
inkişafında elm, təhsil sahəsində əlaqələrin
böyük rol oynamasından danışmışdır.
Universitetin strukturu, müəllim və tələbə
kollektivi barədə ətraflı məlumat verən rektor
bu ali təhsil ocağının çoxşaxəli beynəlxalq
əlaqələrə malik olduğunu, o cümlədən tanınmış
Avropa universitetləri ilə əməkdaşlıq etdiyini
vurğulamışdır. Sonra Böyük Britaniya
səfirliyinin nümayəndələri universitetin
Beynəlxalq münasibətlər və xarici dillər
fakültəsində, İngilis dili kafedrasında olmuş,
xarici dillərin tədrisi səviyyəsindən razı
qalmışlar.
Universitetin müəllim və tələbələri ilə
keçirilən görüşdə ingilis dilinin mükəmməl
öyrənilməsi üçün birgə görüləcək tədbirlərdən
söz açılmışdır. Sonra fakültənin İnternet
mərkəzində ingilis dili ixtisası üzrə müəllim və
tələbələrin iştirakı ilə treninq keçirilmişdir.
Mehriban SULTAN |