"Gülüstan" sarayında Azərbaycan Dövlət İqtisad
Universitetinin təşkilatçılığı ilə İslam Dünyası
Universitetləri Federasiyasının (İDUF) V baş
konfransı keçirilir.
Müxtəlif ölkələrin (Azərbaycan, Türkiyə, İran,
Malayziya, Misir, Pakistan, Səudiyyə Ərəbistanı,
Küveyt və s.) universitetlərinin rektorlarının
iştirak etdikləri konfransda çıxış edən təhsil
naziri Misir Mərdanov müasir dünyada elmin,
təhsilin mühüm rolundan danışmışdır.
Konfransın əhəmiyyətini vurğulayan nazir islam
ölkələri universitetləri arasında əlaqələrin
daha da genişləndirilməsinin, birgə elmi
tədqiqatların vacibliyini diqqətə çatdırmış,
tədbirin təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirmiş, uğurlar arzulamışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru, Milli Məclisin elm və təhsil
komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış
edərək, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin elmin və təhsilin inkişafına daim
böyük önəm verdiyini vurğulamış, bu sahə ilə
bağlı Prezident sərəncamlarının əhəmiyyətindən
danışmışdır.
Azərbaycanın Avropa təhsil məkanına - Boloniya
prosesinə qoşulduğunu xatırladan Ş.Hacıyev
təhsilimizin dünya təhsil sisteminə uğurla
inteqrasiya olunduğunu söyləmişdir.
İSESKO Baş direktorunun müavini Hadi Azizzadeh,
Küveyt Universiteti rektorunun müavini Najem
Al-Najem və digər natiqlər İslam ölkələri
universitetlərində qazanılan təcrübə və
nailiyyətlərdən bəhs etmiş, müvafiq sahə ilə
bağlı fikir və mülahizələrini bildirmişlər.
Konfransda həmçinin son üç il ərzində İslam
Dünyası Universitetləri Federasiyasının təhsilin
inkişafı üzrə həyata keçirdiyi layihələr,
qarşıda duran vəzifələr barədə məlumat verilmiş,
İslam ölkələri universitetləri arasında
əlaqələrin daha da genişləndirilməsi ilə bağlı
müzakirələr aparılmışdır.
Konfrans mayın 14-də başa çatacaqdır.
AzərTAc
|