Uşaq futbolunun inkişafı, istedadlı uşaqların
üzə çıxarılması, futbolun kütləviliyinin təmin
olunması məqsədilə AFFA tərəfindən ilk olaraq
Bakıda başlanan "Məktəbli kuboku" turniri
sentyabrın 25-də Qəbələdə start götürəcəkdir.
AFFA ilə "Qəbələ" klubunun birgə təşkilatçılığı
ilə keçiriləcək "Məktəbli kuboku"nda Qəbələdə
yerləşən 36 məktəbin 1998-1999-cu illər
təvəllüdlü şagirdlərindən ibarət komandalar
mübarizə aparacaqlar.
Əsasnaməyə görə, komandaların sifariş ərizəsinə
10 futbolçunun - onlardan 2-si qız olmalıdır -
adı daxil ediləcəkdir. Hər komandanın start
heyətində 1 qızın olması mütləqdir. Hər birində
6 komanda olmaqla futbolçular 6 qrupda mübarizə
aparacaqlar.
Oyunların keçiriləcəyi meydançalar,
məktəblilərin oyuna gətirilməsi "Qəbələ" klubu
tərəfindən təmin olunacaqdır.
Bütün komandalar oyunlara AFFA-nın təqdim etdiyi
formalarda çıxacaqlar. Qalib və mükafatçılara
AFFA-nın hədiyyələri - toplar, xatirə medalları
və kubok təqdim olunacaqdır. |