Sentyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov
adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
kollektivləri şərqşünas alim, filologiya elmləri
doktoru, professor Aida İmanquliyevanın məzarını
ziyarət etmiş, xatirəsini ehtiramla anmışlar.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli
Məclisin deputatı, filologiya elmləri doktoru,
professor Gövhər Baxşəliyeva, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova və başqaları çıxış edərək 18 il
öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53
illik həyat yolunda həm alim kimi dünya
şərqşünaslıq elminə böyük töhfələr verdiyini,
həm də qadın, ana, həyat yoldaşı kimi Azərbaycan
qadınına örnək bir ömür yaşadığını qeyd
etmişlər.
Çıxışlarda Aida xanımın elmi kadrların
hazırlanmasında göstərdiyi xidmətlərdən söz
açılmış, Şərqşünaslıq İnstitutuna rəhbərlik
etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi
özünü göstərdiyi xatırladılmışdır. Aida
İmanquliyeva itkisinin tək şərqşünaslığın deyil,
bütövlükdə Azərbaycan elminin böyük itkisi
olduğu vurğulanmışdır.
Alimin məzarı önünə hər iki kollektiv adından
əklillər qoyulmuşdur.
AzərTAc |