Görkəmli yazıçı, tanınmış alim-ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor, ictimai
xadim və xalqın sevimlisi Əzizə Cəfərzadənin XX
əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri
vardır. O, Azərbaycan xalqının əsrlər boyu
təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin
qorunması, elimizin adət-ənənələrinin
yaşadılması naminə altmış ildən artıq bir dövr
ərzində yorulmadan yazıb-yaratmış, çoxsaylı
əsərləri ilə nəsrimizin inkişafına qiymətli
töhfələr vermişdir. Azərbaycan tarixinin
ayrı-ayrı dövrlərində baş vermiş hadisələr,
keçmişimizdə böyük iz qoymuş şəxsiyyətlərin
parlaq simaları Əzizə xanımın həmişə diqqət
mərkəzində dayanırdı.
Tariximizin
müxtəlif mərhələlərinin bədii mənzərələrini
yaradan bu əsərlərlə yanaşı, yazıçının müasır
gəncliyin həyatından bəhs edən roman, povest və
hekayələri də oxucular tərəfindən daim rəğbətlə
qaşılanmışdır.
Ə.Cəfərzadə ədəbi fəaliyyətə çox gənc ikən, 16
yaşından başlamış və "Əzrayıl" adlı ilk
hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində
çap etdirmişdir.
O, 1946-cı ildən Azərbycan Yazıçılar İttifaqının
üzvü idi. İlk "Hekayələr" adlı kitabı 1948-ci
ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı
ilə müəllif "Axmatovşinalıq"da günahlandırılaraq
kitab satışa çıxmamışdan əvvəl qadağan edilib
yandırılmışdır. Əzizə xanımın əsərləri əsasən
tarixi roman janrında yazılmışdır. O, müasir
Azərbaycan nəsri tarixində bu janrı yenidən
həyata gətirmişdir. Müəllifin "Natəvan haqqında
hekayələr" (1963), "Aləmdə səsim var mənim"
(1973-1978), "Vətənə qayıt" (1977),"Yad et məni"
(1980),"Bakı-1501" (1981), " Cəlaliyyə" (1983),
"Ağlar-güləyən Sabir" (1989), "Eldən elə"
(1992), "Bir səsin faciəsi" (1995),
"Zərrintac-Tahirə" (1996), "İşığa doğru" (1998),
"Bəla" (2001), "Rübabə-sultanım" (2001),
"Xəzərin göz yaşları" (2003), "Eşq sultanı"
(2003) kimi roman və povestləri əsl sənət
nümunələridir.
Yazıçının "Sahibsiz ev", "Əllərini mənə ver",
"Sənsən ümidim", "Xəyalım mənim" kimi bir sıra
povestlərinin mövzusu müasir həyatdan
götürülmüşdür.
Onun uşaqlar üçün yazdığı "Qızımın hekayələri",
"Anamın nağılları", "Çiçəklərim", "Pişik dili"
və s. hekayə və nağılları da oxucular tərəfindən
maraqla qarşılanmışdır.
Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı
alim kimi də Azərbaycan elmi qarşısında
təqdirəlayiq xidmətlər göstərmişdir. Onun elmi
tədqiqatları ədəbi yaradıcılığına da güclü təsir
göstərmiş və yazıçının əsərləri Azərbaycan
dilinin saflığı və təmizliyi uğrunda mübarizənin
bariz nümunəsinə çevrilmişdir. O, tədqiqatçı
kimi bir sıra aşıq və şairlərin əsərlərini
toplayıb çap etdirmişdir ki, bunlara "Fatma
xanım Kəminə", "Könül çırpıntıları", iki cilddən
ibarət "Azərbaycanın aşıq və şair qadınları",
"Şirvanın üç şairi", Abdulla Padarlının
"Seçilmiş əsərləri", "Hər budaqdan bir yarpaq"
daxildir. Onun toplayıb çap etdirdiyi bir çox
əsərlərin əsas hissəsini ana və qadın
yaradıcılığı təşkil edir ki, bunlar da Əzizə
xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu
əsərlərlə yanaşı, onun yüzlərlə oçerk,
elmi-tədqiqat və publisistik məqalələri dövri
mətbuatda çap edilmişdir. O, "Natəvan" adlı
kinossenari, çoxlu sayda radio-televiziya
pyeslərini, xatirat və saysız-hesabsız bayatı
yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu
idi. Təsadüfi deyildir ki, onun "Bayatı
düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa
Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə
bağlı yazıları, televiziya və radioda çıxışları
onu xalqın sevimlisi etmişdir.
Ə.Cəfərzadə bir sıra xarici müəlliflərin, o
cümlədən S.Şokumun "Bizim diyar", Ə.Kabaklının
"Əjdaha daşı", S.Smirnovun "Brest qalası",
Ş.Rəşidovun "Güclü dalğa", A.Lixanovun "Mənim
generalım" və s. əsərlərini Azərbaycan dilinə
tərcümə etmişdir. Onun əsərləri də bir sıra
xarici dillərə, o cümlədən rus, fars, tacik,
ərəb, qazax və s. tərcümə edilərək xaricdə nəşr
edilmişdir.
Əzizə xanım həm də şərəfli, qayğıkeş bir müəllim
ömrü yaşamışdır. 1942-1944-cü illərdə Ağsu
rayonundakı Çaparlı kəndində müəllim işləmişdir.
1974-cü ildən isə indiki Bakı Dövlət
Universitetinin professoru vəzifəsində
çalışmışdır. Burada filologiya elminin sirlərini
gənclərə həvəslə öyrətmişdir. O, XlX əsr
Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi
tanınırdı və bu sahədə 1950-ci ildə "XlX əsr
Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı
surətləri" mövzusunda namizədlik, 1970-ci ildə
"XlX əsr Azərbaycan poeziyasında xalq şeiri
üslubu" mövzusunda doktorluq dissertasiyalarını
müdafiə etmişdir.
O, fasiləsiz olaraq televiziyada "Klassik
irsimizdən", "Aşıq Pəri" və s. çoxsaylı
proqramların müəllifi və aparıcısı olmuşdur.
Bununla yanaşı, o, radioda Cənubu Azərbaycan
üçün verilən proqramların və "Ana" radio
jurnalının uzun illər iştirakçısı kimi bu
verilişlərdə ədəbi irsimizi təbliğ etmişdir.
Əzizə Cəfərzadə 1981-1989-cu illərdə Respublika
Qadınlar Şurasının sədrı vəzifəsində
çalışmışdır. Azərbaycan qadın və uşaqlarının
hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət
göstərmişdir. Eyni zamanda o, həyatı boyu
xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə
Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti
hesabına orta məktəb və klub binası
tikdirmişdir. Əzizə xanım Azərbaycanın
müstəqilliyinin qorunmasında və erməni
təcavüzünə qarşı hərəkatda daim öndə və fəal
iştirak edən bir vətəndaş olmuşdur. O, əsl
azərbaycanlı kimi həmişə xalqın xeyir və şərində
onunla birgə olmuşdur. Onu bütün xalq bir
Azərbaycan anası kimi sevir və hörmət edirdi. Bu
sevimli ana "Mənim partiyam - mənim millətimdir"
sözlərini tez-tez təkrarlayar və Azərbaycan
xalqını milli birliyə çağırardı.
Əzizə Cəfərzadənin Azərbaycan elmi və
ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər
yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri
fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil
Azərbaycanın ali mükafatı - "Şöhrət" ordeni ilə
təltif edilmişdir. Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü idi. Bütün
bunlarla bərabər Əzizə xanımın ən böyük mükafatı
xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu
sevginin məntiqi nəticəsi kimi, o, 2001-ci ildə
"Azərbaycan anası" və "Xalq yazıçısı" kimi
yüksək adlara layiq görülmüşdür. Elə bu
münasibətlə həmin il "Azərbaycan müəllimi"
qəzetinin şöbə müdiri, pedaqoji elmlər üzrə
fəlsəfə doktoru Şamxəlil Məmmədov "Aləmdə səsi
olan insan" adlı publisistik məqaləsində
yazmışdir: "...Şairdir ana, sözü-söhbəti ilə.
Nəgməkardır ana, dürlü-dürlü laylaları ilə.
Dünyanın ən böyük rəssamıdır ana, əllərinin
xalıda, xalçada açdığı naxışları ilə. Həyatda
ilk və əbədi humanist bir varlıqdır ana,
yuxusuz gecələri, qiyməti olmayan yaz ətirli
nəvazişi ilə... Belə qadınlardan biridir Əzizə
Cəfərzadə..."
Bəli, belə Azərbaycan anası idi Əzizə Cəfərzadə.
O, 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci
ilində haqqin dərgahına qovuşmuş və vəsiyyətinə
əsasən Tağılı kəndində valideynləri və qohumları
ilə bir məzarlıqda dəfn olunmuşdur.
Bu il dekabrın 29-da xalq yazıçısı, müəllim və
alim Əzizə Cəfərzadənin 90 illik yubileyi tamam
olur. Bu münasibətlə keçiriləcək silsilə
tədbirlərə hazırlıq görülür. Görkəmli yazıçı və
ədəbiyyatşünas, əsl vətəndaş və qayğıkeş insan
olan Əzizə xanımın işıqlı xatirəsi onu
sevənlərin qəlbində zaman-zaman yaşayacaqdır.
Zaur Fateh (İbrahimov),
Qobustan rayonu
Ərəbqədim kənd orta
məktəbinin direktor
müavini, yazıçı-publisist |