Heydər Əliyev Fondunun "Şəkərli diabetli
uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində
sosial müdafiəyə ehtiyacı olan 30 nəfər 13-16
yaşlı şəkərli diabet xəstəliyindən əziyyət çəkən
uşaq üçün Gəncədə təşkil edilmiş ikihəftəlik yay
məktəbi uğurla başa çatmışdır.
Fonddan
AzərTAc-a bildirmişlər ki, yay məktəbinin əsas
məqsədi şəkərli diabet xəstəliyindən əziyyət
çəkən uşaqlara diabet haqqında ətraflı məlumat
vermək, özünənəzarət, özünəqulluq, özünütərbiyə,
özünəinam, özünütəsdiq üsullarını aşılamaq,
onların psixo-sosial reabilitasiyasını həyata
keçirməkdir. Yeniyetmələr yeməkdən əvvəl və
sonra şəkəri qaydada saxlamağı, insulin dozasını
arzu olunan yeməklərə, gözlənilən fiziki
aktivliyə uyğunlaşdırmağı, ilk yardım
göstərməyi, hiperqlikemiyanın əsas əlamətləri və
çörək vahidlərini hesablamağı öyrənmişlər.
Bu müddət ərzində uşaqlar qədim Gəncənin tarixi
yerlərini gəzmiş, şəhərdəki muzeylər və rəsm
qalereyası ilə tanış olmuşlar. Layihə
çərçivəsində onların Şəmkir, Daşkəsən, Göygöl
rayonlarına səfərləri də təşkil olunmuşdur.
Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərindən və
Ağdam, Laçın, Qubadlı, Şuşa, Biləsuvar, Şəmkir,
Daşkəsən, Kəlbəcər, Bərdə, Tovuz rayonlarından
sosial müdafiəyə ehtiyacı olan uşaqlar düşərgədə
aldıqları bilikləri yaşadıqları ərazidə öz
həmyaşıdlarına çatdırmağı öhdələrinə
götürmüşlər. |