Müasir Azərbaycan dövlətinin qurucusu və memarı,
ümummilli lider Heydər Əliyev öz hakimiyyəti
dövründə təhsilin inkişafına xüsusi diqqət
yetirmiş, müəllimlik peşəsini ən şərəfli peşə
adlandırmış, təhsil alanlara və təhsil verənlərə
qayğı göstərmişdir.
Sevindirici haldır ki, ulu öndərin kursu
möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
tərəfindən bu gün uğurla və yaradıcılıqla davam
etdirilir. Məhz ölkə Prezidentinin diqqəti,
qayğısı və yaxından dəstəyi ilə 2003-cü ildən
bəri Azərbaycanın təhsil sistemində çox ciddi
islahatlar həyata keçirilmişdir. Bu müddətdə
cənab Prezidentin sərəncamlarına əsasən, təhsil
sahəsində 16 irimiqyaslı dövlət proqramı qəbul
olunmuş və icra edilmişdir. Məktəb
infrastrukturunun yeniləşdirilməsinə daha çox
diqqət yetirilmişdir.
Bu
sahədə Heydər Əliyev Fondunun və onun prezidenti
Mehriban xanım Əliyevanın müstəsna xidmətləri
olmuşdur. Məhz Fondun təşəbbüsü ilə
reallaşdırılan "Yeniləşən Azərbaycana yeni
məktəb" və "Uşaq evləri və internat məktəbləri"
proqramları çərçivəsində son illərdə 300-dən çox
yeni məktəb binası tikilmiş, 39 məktəb, 10 uşaq
bağçası təmir olunmuşdur.
Son illərdə Gəncə şəhərinin təhsil
müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində də xeyli iş
görülmüş, 21, 13 və 38 nömrəli məktəblər üçün
yeni binalar tikilmişdir.
Bu il həmçinin 9, 11 və 42 nömrəli məktəblərdə
əsaslı təmir işləri görülmüş, 30 və 43 nömrəli
məktəblərin dam örtükləri təmir edilmiş, digər
məktəblər isə kollektivlərin öz gücü ilə yeni
dərs ilinə hazırlanmışdır. Məktəblərə ötən
ildəkindən əlavə 15 fizika, 15 kimya
laboratoriya komplekti verilmişdir.
Gəncədə yeni dərs ilində 39 mindən çox şagird
təhsilə cəlb olunub, onların təlim-tərbiyəsi ilə
4500-ə yaxın müəllim məşğuldur.
Ötən dərs ili şəhərin təhsil müəssisələri üçün
uğurlu olmuşdur. Belə ki, M.C.Paşayev adına 39
nömrəli məktəb ölkə başçısının sərəncamına
əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olmuş və 10000 manat pul
mükafatı ilə mükafatlandırılmışdır. Şagirdlərin
əksəriyyəti dərs ilini müvəffəq qiymətlərlə başa
vuraraq yuxarı siniflərə keçirilmiş, XI sinif
şagirdlərinin 87,5 faizi, IX sinif şagirdlərinin
isə 90 faizi mərkəzləşdirilmiş qaydada test
imtahanlarını müvəffəqiyyətlə verərək tam orta
təhsil haqqında attestat və ümumi orta təhsil
haqqında şəhadətnamə almışlar.
Məzunların
ali məktəblərə qəbulu vəziyyəti də ürəkaçan
olmuşdur. Belə ki, builki məzunlardan attestat
almış 2386 nəfərdən 2068-i qəbul imtahanlarında
iştirak etmiş, onlardan 715-i tələbə adını
qazanmışdır ki, bu da abituriyentlərin 35,06
faizini təşkil edir və keçən ildəkindən 4 faiz
çoxdur. Yüksək bal toplayan abituriyentlərin
sayı da ötən ilə nisbətən xeyli artmışdır.
500-dən çox bal toplayan abituriyentlərin sayı
bu il 159 nəfər, 600-dən yüksək bal
toplayanların sayı isə 40 nəfər olmuşdur. 46
nömrəli məktəbin məzunu Qurbanova Aybəniz Elman
qızı şəhər üzrə ən yüksək - 680 bal toplayaraq
Azərbaycan Respublikası Prezidenti Yanında
Dövlət İdarəçilik Akademiyasına qəbul
olunmuşdur. Həmişə olduğu kimi, 2, 4, 11, 14,
17, 32, 39 və 46 nömrəli məktəblər bu il də öz
nailiyyətlərini qoruyub saxlaya bilmişlər.
Ötən dərs ili məktəblilər üçün olimpiadalar,
müsabiqələr və yarışlarda qazandıqları uğurlarla
da yaddaqalan olmuşdur.
Sevindirici haldır ki, ildən-ilə respublika və
beynəlxalq səviyyəli olimpiadalarda iştirak
edib, qalib olan şagirdlərin sayı artıb. 5 il
bundan əvvəlki statistikaya görə sözügedən
yarışlarda qaliblər olmadığı halda, bu il fənn
olimpiadalarının respublika mərhələsində 4 nəfər
Gəncə məktəblisi - 5, 21, 22, 39 nömrəli
məktəblərin şagirdləri Azərbaycan dili və
ədəbiyyat, Azərbaycan tarixi və riyaziyyat
fənləri üzrə qalib olmuşdur. 3 nəfər məktəbli -
19, 22, 29 nömrəli məktəblərin şagirdləri IV
İNEPO Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə
Olimpiadasına qatılaraq İnternet vasitəsilə
aparılan seçim turunu qalibiyyətlə keçmiş,
olimpiadanın yekun mərhələsində uğurla çıxış
etmişlər. Ümumdünya Poçt İttifaqının xətti ilə
keçirilən inşa müsabiqəsində 20 və 44 nömrəli
məktəblərin şagirdləri respublikada ən yüksək
nəticələrə nail olmuşlar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
87-ci ildönümü münasibətilə VII-XI sinif
şagirdləri arasında "Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin memarıdır" mövzusunda
keçirilən inşa-yazı müsabiqəsinin respublika
mərhələsinin Bakı şəhərindəki yekun turunda 5
nömrəli orta məktəbin X sinif şagirdi Ənvərzadə
Ənvər İlham oğlu iştirak edərək I yeri
tutmuşdur.
2009-cu
ilin "Uşaq ili" elan olunması ilə bağlı təhsil
müəssisələrində tamaşalar, konsertlər, uşaqların
əl işlərindən ibarət sərgilər keçirilmişdir.
Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan
uşaqların iştirakı ilə "Nağıl" müsabiqəsi
keçirilmiş və yekunlaşdırılmışdır.
Son illər idmanın müxtəlif növlərində də Gəncə
məktəbliləri diqqətçəkən müvəffəqiyyətlər
qazanmışlar.
Belə ki, ağır atletika üzrə 3 nəfər respublika
çempionu, kinq-boksinq üzrə 3 nəfər dünya, 7
nəfər respublika çempionu, sambo üzrə 3 nəfər,
sərbəst güləş üzrə 2 nəfər, cüdo üzrə 2 nəfər,
karate üzrə 5 nəfər, şahmat üzrə 4 nəfər, dama
üzrə 1 nəfər respublika çempionu, poverliftinq
üzrə 5 nəfər dünya çempionu adını qazanmışdır.
Onlardan bir çoxu Avropa və beynəlxalq turnirə
vəsiqə qazanmış və hazırda həmin məsul mərhələyə
hazırlaşırlar.
Müharibə şəraitində yaşayan ölkəmiz üçün bu gün
ən mühüm vəzifədən biri gənc nəslin sağlam və
gümrah böyüməsini təmin etməkdən, onların
hərbi-vətənpərvərlik tərbiyəsini yüksək
səviyyədə təşkil etməkdən, gənclərin
çağırışaqədərki hazırlığı fənninin tədrisi
vəziyyətini yüksəltməkdən və orduya xidmətə yola
salınan gənclərdə ilkin hərbi hazırlıq
vərdişləri aşılamaqdan ibarətdir. Son illərdə bu
vacib sahənin həm şəhər icra hakimiyyətinin, həm
də təhsil idarəsinin diqqət mərkəzində
saxlanması sayəsində müəyyən irəliləyiş əldə
edilmişdir. Hər dərs ilinin sonunda gənclər
öyrəndiklərini şəhər ictimaiyyətinin gözü önündə
nümayiş etdirir.
Təhsilin
ilk pilləsi olan məktəbəqədər təhsil
müəssisələrinin fəaliyyətində də ötən tədris
ilində müəyyən irəliləyiş əldə olunmuşdur.
Təhsil idarəsinin tabeliyində 42 məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin
müəssisələrdəki 229 qrupda 4350 uşağın
təlim-tərbiyəsi ilə 412 tərbiyəçi məşğul olur.
49 məktəbəhazırlıq qrupunda hazırlıq keçmiş
1100 uşaq bu il I sinfə qədəm qoyub. 2, 26,
34, 39, 46, 47, 53 nömrəli uşaq bağçalarında iş
daha yaxşı təşkil olunmuşdur. Təsadüfi deyil
ki, artıq ənənəyə çevrilmiş nağıl müsabiqəsində
bu il də məhz həmin müəssisələrin körpə
fidanları "Nağıl-2010"un qalibi kimi
tanınmışlar.
Şəhər təhsil idarəsinin tabeliyində 8
məktəbdənkənar müəssisə - 3 UGİM, uşaq
yaradıcılıq mərkəzi, şahmat məktəbi, ekologiya
mərkəzi, gənc texniklər stansiyası, gənc
turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət
göstərir. Bu müəssisələrdə təşkil olunmuş 718
qrupda 8402 şagird müxtəlif bölmələrdə məşğul
olur və 424 müəllim-məşqçi işləyir.
Təhsilin keyfiyyətinin yüksəldilməsində,
müəllimlərə lazımi elmi-metodiki köməklik
göstərilməsində, yeni fənn kurikulumlarının
tətbiqində şəhər təhsil idarəsi metodiki
mərkəzinin xidmətləri böyükdür. Etiraf etmək
lazımdır ki, son ildə metodiki mərkəzin
fəaliyyətində əsaslı canlanma başlanmış, bu
qurum müəllimlərin ən çox müraciət etdikləri bir
yerə çevrilmişdir. Xüsusilə yeni fənn
kurikulumlarının tətbiq olunduğu siniflərdə
işləyən müəllimlər metodiki mərkəzin xidmətindən
yararlana bilirlər. Son dövrlərdə burada
müxtəlif mövzularda monitorinqlər keçirilir,
"açıq dərs"lər təşkil olunur, dayaq
məntəqələrinin işi canlandırılır.
Sadalanan uğurlar, ilk növbədə ölkə başçısının
təhsilə isti münasibətindən, bu sahəni prioritet
elan etməsindən, gündəlik diqqət və qayğısından,
buna uyğun olaraq Təhsil Nazirliyinin öz
fəaliyyətini yeni tələblər əsasında qura
bilməsindən və şəhər rəhbərliyinin dəstəyindən
qaynaqlanır. İnanırıq ki, təhsilə bu cür
münasibət yeni dərs ilində Gəncənin təhsil
işçilərinin uğurlarını daha da artıracaq.
Ədalət DAŞDƏMİRLİ |