Sentyabrın 14-də "Biliklər Mərkəzi Azərbaycan"
tərəfindən "START UP" layihəsi çərçivəsində
həyata keçirilən müsabiqənin qaliblərinə
təntənəli şəkildə mükafatlar təqdim olunub. Dörd
tələbə "Biliklər Mərkəzi Azərbaycan" bazası
əsasında CİSCO şirkətinin sertifikatlaşdırılmış
istiqamətlərindən biri üzrə təhsil almaq üçün
dəyəri 10000 ABŞ dollarına ekvivalent məbləğdə
qrant əldə edib.
"START
UP" layihəsinin qaliblərinin mükafatlandırma
mərasimində layihənin əsas tərəfdaşlarının -
Azercell, Caspel, Xalq Bank, R.I.S.K
şirkətlərinin, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin nümayəndələri,
həmçinin layihənin informasiya tərəfdaşları -
e-Azərbaycan, İnfo, İNFOCity, Compuser və IRES
iştirak ediblər.
Layihənin qalibləri "Biliklər Mərkəzi
Azərbaycan" bazası əsasında CİSCO şirkətinin
sertifikatlaşdırılmış istiqamətlərindən biri
üzrə bir il ərzində təhsil alacaqlar. Bundan
başqa, tələbələr Azərbaycanın aparıcı
şirkətlərində, layihənin baş tərəfdaşları olan
Azercell, Caspel, Xalq Bank, R.I.S.K
şirkətlərində təcrübə keçəcəklər, eyni zamanda,
beynəlxalq test mərkəzində müvafiq sertifikat
almaq üçün imtahan vermək imkanı əldə edəcəklər.
Bundan əlavə, "Biliklər Mərkəzi Azərbaycan"
müsabiqəsinin qalib olmayan yeddi finalçısına
CİSCO-nun istiqamətlərindən biri üzrə (CCNP,
CCVP, CCSP, CCIP) 50% endirimlə təlim keçmələri
üçün sertifikatlar təqdim edilib.
İxtisas yönümlü təhsilin hər bir yuxarı kurs
tələbəsi 2010-cu il iyunun 1-də başlamış
müsabiqənin seçim turunda iştirak etmək və
layihənin iştirakçısı olmaq imkanı əldə edib.
Bakının ali təhsil müəssisələrinin onlarla
tələbəsi bu imkandan istifadə edib. Anketlərini
göndərən iştirakçıların təxminən yarısı ikinci
mərhələdəki sınağı uğurla keçə biliblər. Son
mərhələdə finalçıları "Biliklər Mərkəzi"nin və
layihənin əsas tərəfdaşlarının nümayəndələri ilə
müsahibə gözləyib. Nəticədə, 4 qalib seçilib və
onların adları mətbuat konfransında açıqlanıb.
"START UP" layihəsinin qalibləri:
Teymur
Şamilov, Azərbaycan Dövlət Texniki
Universitetinin tələbəsi, CCNP (CİSCO Certified
Network Professional) istiqaməti üzrə təhsil
alacaq və "Azercell Telecom" şirkətində təcrübə
keçəcək.
Kamran Kəbərlinski, Moskva Dövlət
Universitetinin Bakı filialının tələbəsi, CCVP
(CİSCO Certified Voice Professional) istiqaməti
üzrə təhsil alacaq və Xalq Bank şirkətində
təcrübə keçəcək.
Emil Mirəliyev, Moskva Dövlət Universitetinin
Bakı filialının tələbəsi, CCSP (CİSCO Certified
Security Professional) istiqaməti üzrə təhsil
alacaq və "Xalq Bank" şirkətində təcrübə
keçəcək.
Şahin Süleymanov, Bakı Dövlət Universitetinin
tələbəsi, CCIP (CİSCO Certified Internetwork
Professional) istiqaməti üzrə təhsil alacaq və
"R.I.S.K" şirkətində təcrübə keçəcək.
Qaliblərin "Biliklər Mərkəzi Azərbaycan"
şirkətinin bazasının proqramları əsasında təlimi
sentyabrın 20-də başlayıb.
Xatırladaq ki, "START UP" layihəsi - Azərbaycan
tələbələri arasında "Biliklər Mərkəzi"
şirkətinin ixtisaslaşdırılmış peşəkar
təlimlərinə qrant alınması üzrə keçirilən ilk
müsabiqədir. Müsabiqə Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil
olunub. "START UP" layihəsinin əsas məqsədi
informasiya texnologiyaları sahəsində peşəkar
olmaq arzusunda olan gənc mütəxəssislərin
ixtisas səviyyəsinin artırılıması, istedadlı
tələbələrə Azərbaycanın aparıcı şirkətlərində
yaxşı iş yeri əldə etmək imkanının verilməsi və
informasiya texnologiyaları sahəsinin sürətlə
inkişaf etdiyi bir dövrdə ölkənin kadr
potensialının inkişaf etdirilməsindən ibarətdir.
"Biliklər Mərkəzi Azərbaycan" Avropanın ən iri
peşəkar İT-təlim mərkəzlərindən olan "Biliklər
Mərkəzi"nin filialıdır. Mərkəzin baş ofisi
Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşir.
Samirə KƏRİMOVA |