Salyan rayonunun Xurşud kəndində Yaponiya
hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi"
Qrant Yardımı Proqramı çərçivəsində 200 şagird
yerlik məktəb binası tikilib istifadəyə
verilmişdir.
Bu münasibətlə müəllim və şagirdləri təbrik edən
rayon icra hakimiyyətinin başçısı Əliağa
Hüseynov son 5 ildə rayonda 10 yeni məktəb
binasının, 8 məktəb üçün 37 əlavə sinif otağının
tikildiyini, 11 məktəb, 5 uşaq bağçasının əsaslı
təmir olunduğunu bildirmişdir. Yeni dərs ili
ərəfəsində məktəblərdə cari təmir işləri
aparılmış, yeni avadanlıq alınmışdır. Bütün
məktəblər dərsliklə təmin olunmuşdur.
Ali məktəblərə qəbulun nəticələrinə görə
Salyanın birincilər sırasında olduğunu qeyd edən
təhsil nazirinin müavini İsgəndər İsgəndərov
yeni dərs ilində müəllim və şagirdlərə uğurlar
arzulamışdır.
Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki "Ot
kökləri və insan təhlükəsizliyi" Qrant Yardımı
Proqramı çərçivəsində həyata keçirilən layihələr
barədə məlumat verərək, onların bir hissəsinin
təhsil sahəsi ilə bağlı olduğunu bildirmişdir.
Həmin gün Hacıqabulun Kürsülü kəndində Yaponiya
və Azərbaycan hökumətinin əməkdaşlığı
nəticəsində həyata keçirilən müvafiq layihə
çərçivəsində inşa edilmiş yeni məktəb binası
istifadəyə verilmişdir. |