"Microsoft" korporasiyası tərəfindən dünyada
təbliğ edilən və müəllimlər üçün nəzərdə
tutulmuş "Həmkara dəstək" proqramı Azərbaycanda
tətbiq ediləcəkdir.
"Mədəd" təşkilatının icraçı direktoru Elbrus
Zərbəliyevin verdiyi məlumata görə, Azərbaycanın
bu proqramda iştirakı "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na
uyğun olaraq Azərbaycan Respublikası Təhsil
Nazirliyinin "Microsoft-Azərbaycan" ilə
imzalanmış "Təhsildə əməkdaşlıq" Anlaşma
memorandumu çərçivəsində həyata keçiriləcəkdir.
E.Zərbəliyev bildirdi ki, "Həmkara dəstək"
proqramı məktəblərdə fəal müəllimlərin təlimçi
rolunu yerinə yetirmələri və həmkarlarına dəstək
göstərmələri məqsədi ilə yeni bilik və
bacarıqlarının daha da təkmilləşdirilməsinə
yönəlmişdir.
Təlim prosesi Azərbaycanda "Həmkara dəstək"
proqramının reallaşması ilə məşğul olan
"Mədəd"in təşkilatçılığı ilə həyata
keçiriləcəkdir. "Həmkara dəstək" proqramı
çərçivəsində fəaliyyət göstərən təlimçi-müəllim
məktəblərdə çalışan digər müəllimlərə
informasiya texnologiyalarının tədrisdə
istifadəsi üzrə praktiki məsləhətlər verəcəkdir.
Bu zaman hər bir məktəbdə belə təlimçi-müəllimin
olması tədrisdə İKT-nin istifadəsini
asanlaşdıracaqdır. Proqramda iştirak etmək üçün
informasiya-kommunikasiya texnologiyalarını
tədrisdə daha effektiv və geniş tətbiq edən
metodist-müəllimlər və yaxud təcrübəli
müəllimlər cəlb olunacaqlar.
Eyni zamanda "Həmkara dəstək" proqramı
çərçivəsində təlimçi-müəllim kimi fəaliyyət
göstərəcək pedaqoji heyətin üzvləri üçün "Mədəd"
təşkilatı tərəfindən xüsusi treninqlərin təşkili
də planlaşdırılır.
Şakir CƏFƏROV |