Son
illər təhsilimizdə baş verən yeniliklər, təlimin
təşkilinə innovativ yanaşmalar, onun forma və
üsullarının təkmilləşdirilməsi yönündə atılan
addımlar müəllimlərin fəallığını artırmış,
yaradıcı axtarışlarını gücləndirmişdir.
Hazırda təhsil müəssisələrimizdə daha çox tətbiq
olunan fəal təlim, müasir, interaktiv təlim
metod və üsulları, qeyri-ənənəvi dərslər və bir
çox digər innovasiya elementlərini məhz həmin
axtarışların nəticələri kimi qiymətləndirmək
olar. İndi dərslərini fəal təlimin prinsip və
tələbləri əsasında quran, təlimdə yeni
texnologiyalardan geniş istifadə edən, işinə
yaradıcı yanaşan müəllimlər çoxdur. Belə
müəllimlərdən biri də Bakı şəhərindəki 30
nömrəli orta məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi Şəhla Mirzəyevadır. Gənc
müəllim daim fəal təlim metodlarından tədris
prosesində istifadənin yollarının
axtarışındadır. Onlara yaradıcı yanaşır, hər
mövzuya uyğun metod və üsulların seçilməsində və
tətbiqində maraqlı təcrübəyə malikdir.
Ş.Mirzəyeva bu təcrübəsini "açıq dərs"
verməklə, pedaqoji mətbuat vasitəsi ilə digər
həmkarları ilə də tez-tez bölüşür. Onun iş
təcrübəsinə dair məqalələri, metodik tövsiyələri
vaxtaşırı olaraq "Azərbaycan müəllimi"
qəzetində, "Azərbaycan dili və ədəbiyyatı
tədrisi" jurnalında dərc edilir və həmkarları
tərəfindən rəğbətlə qarşılanır.
Yaradıcı müəllimin həmin materiallarının, əsasən
də metodik tövsiyələrinin toplandığı ilk kitabı
bu günlərdə işıq üzü görmüşdür. "Azərbaycan dili
və ədəbiyyatının tədrisində yeni təlim
texnologiyalarından istifadə" adlanan bu kitabda
(Adiloğlu, Bakı, 2010. Redaktoru Məhəmməd
Baharlı) Ş.Mirzəyevanın Azərbaycan dili və
ədəbiyyatdan müxtəlif mövzuların tədrisində yeni
təlim texnologiyalarının tətbiqi imkanlarını
açıb göstərən 5 metodik tövsiyəsi yer almışdır.
Kitabına yazdığı "giriş"də müəllif fəal dərsin
səmərəliliyini artırmağı təmin edən şərtlərdən,
dərsin quruluşundan söz açır, "fəal dərsin
induktiv və deduktiv tədqiqat" kimi 2 növünün
daha çox yayıldığını qeyd edir, oxuculara hər
iki dərs nümunələrinin təqdim olunduğunu
bildirir. Yazılarda maraqlı tövsiyələr irəli
sürülür ki, onlardan da hər bir müəllimin
faydalana biləcəyi şübhəsizdir.
Y.ƏLİYEV |