Bakı Dövlət Universitetində Özbəkistan
Respublikasının Prezidenti İslam Kərimovun
Azərbaycan dilində çapdan çıxan "Yüksək
mənəviyyat - yenilməz güc" adlı kitabının
təqdimat mərasimi keçirilib. Tədbiri açan
BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib
ki, kitabın Azərbaycanın geniş oxucu kütləsinə
çatdırılması heç də təsadüfi deyil. Özbək və
Azərbaycan xalqlarını yaxın adət və ənənələr,
ümumi dil qrupu, mədəniyyət və din
birləşdirir. Ən qədim dövrlərdən bu iki xalq
arasında etnik, mədəni, siyasi və iqtisadi
sahələrdə sıx əlaqələr mövcud olub, ən ağır
anlarda xalqlarımız bir-birinə arxa, kömək
durublar.
"Müasir
dövrdə Azərbaycan-Özbəkistan əlaqələrinin
inkişafında ulu öndər Heydər Əliyevin, onun
layiqli davamçısı, Prezident İlham Əliyevin və
Prezident İslam Kərimovun xüsusi rolu var", -
deyən rektor keçən əsrin sonlarından etibarən
yeni mərhələyə qədəm qoyan Azərbaycan-Özbəkistan
əlaqələrinin son illər ölkə prezidentlərinin
qarşılıqlı səfərləri, onların şəxsi dostluq
münasibətləri sayəsində daha yüksək səviyyəyə
qalxdığından bəhs edib. Bildirib ki,
Azərbaycanda özbək mədəniyyəti və ədəbiyyatına,
Özbəkistanda isə Azərbaycan mədəniyyəti və
ədəbiyyatına həmişə böyük maraq olub.
Özbəkistanda Nizami, Füzuli kimi dahi şairlərin,
Azərbaycanda isə Əlişir Nəvainin əsərləri
hamının dönə-dönə müraciət etdiyi, sevə-sevə
oxuduğu, bəhrələndiyi əsərlərdəndir.
Akademik Abel Məhərrəmov qeyd edib ki,
təqdimatına toplaşdığımız "Yüksək
mənəviyyat-yenilməz güc" adlı kitab bəşəri dəyər
olan milli mənəviyyatdan, onun məna və
məzmunundan bəhs edir. Əsərdə müəllif bu
anlayışın məna və məzmununu, onu formalaşdıran
əsas meyarları, maddi və mənəvi həyatın
uyğunluğunu, mənəviyyatın insanların və
cəmiyyətin həyatında tutduğu yeri və əhəmiyyəti
açıqlayıb, qloballaşan dünyada milli
mənəviyyatın qorunub saxlanması, inkişaf
etdirilməsi məsələsinə toxunub, bunun yollarını
göstərib.
Özbəkistanın ölkəmizdəki səfiri İsmətulla
İlqaşov kitabın təqdimatının yüksək səviyyədə
təşkil olunmasına görə rektor, akademik Abel
Məhərrəmova təşəkkür edib. Bildirib ki,
Prezident İslam Kərimovun "Yuksək mənəviyyat -
yenilməz güc" adlı kitabının Azərbaycan dilinə
tərcüməsi və təqdimatının təşkil edilməsi
ölkələrarası dostluq və əməkdaşlığın daha da
genişləndirilməsinə, münasibətlərdə yeni
səhifələr açılmasına təkan verəcək: "Özbəkistan
müstəqillik əldə etdikdən sonra milli kimlik,
mənəvi zənginlik dövlətin əsas
prioritetlərindəndir", - deyən səfir sadə
dildə yazılmış kitabın Prezident İslam
Kərimovun öz analizləri, tədqiqatları əsasında
qələmə alındığını vurğulayıb.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı
Allahşükür Paşazadə bu günü həyatında əlamətdar
hadisələrdən sayıb. İslam Kərimovla 20 illik
dostluq tellərindən danışan Şeyx kitab qələmə
alınmamış Özbəkistan Prezidenti ilə bu haqda
söhbətlərinin olduğunu diqqətə çatdırıb və
bütövlükdə kitabı təkcə özbək xalqının yox,
bütün bəşər cəmiyyətinin gələcək rifahına xidmət
edəcək əsər kimi səciyyələndirib. Özbək xalqının
hər zaman Azərbaycanın yanında olduğunu,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması istiqamətində
Azərbaycanın mövqeyini dəstəklədiyini deyib.
Milli Məclisin Aqrar Siyasət Daimi Komitəsinin
sədri Eldar İbrahimov isə əsəri bütün xalqlar
üçün əhəmiyyətli hesab edib. O, xüsusən
Özbəkistanın Ermənistanla heç bir diplomatik
əlaqə qurmadığını önə çəkib.
Milli Məclisin deputatı Nizami Cəfərov kitabın 4
əsas cəhəti haqqında danışıb. Qeyd edib ki, əsər
mənəviyyatın fəlsəfi şərhi, mənəviyyatda
müstəqillik, mənəviyyatın təhdidi və dövlətin,
cəmiyyətin yüksəlişinin sütunu olan mənəviyyat
məsələləri ilə xarakterikdir.
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin üzvü,
kitabın tərtibçisi və buraxılışa məsul Eldar
Məmmədov, əsəri Azərbaycan dilinə tərcümə edən
Yaşar Qasımbəyli də kitab haqqında fikir və
mülahizələrini bildiriblər.
Pərvanə İBRAHİMOVA,
BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri
|