Bu
günlərdə A.S.Popov adına Odessa Milli Rabitə
Akademiyasının 90 illik yubileyinə həsr olunmuş
"İnfokommunikasiya: İnkişaf problemləri və
perspektivləri" mövzusunda Beynəlxalq
elmi-praktik konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə akademiyanın rektoru,
professor P.P.Vorobienko açmış və şad bir xəbəri
konfrans iştirakçılarının nəzərinə çatdırmışdır:
Azərbaycan Texniki Universitetinin rektoru,
texnika elmləri doktoru, professor Havar
Məmmədov A.S.Popov adına Odessa Milli Rabitə
Akademiyası Elmi Şurasının 30 aprel tarixli
qərarı ilə akademiyanın fəxri doktoru
seçilmişdir. O, "Fəxri doktor" diplomunu və
"A.S.Popov adına Odessa Milli Rabitə
Akademiyasının 90 illik yubiley medalı"nı
professor Havar Məmmədova təqdim etmiş, ona və
konfransın bütün iştirakçılarına uğurlar
arzulamışdır.
Üç gün davam etmiş konfransda iştirak edən
Beynəlxalq Elektrik Rabitə İttifaqının
prezidenti X.İ.Ture, Ukrayna nəqliyyat və rabitə
nazirinin müavini, Dövlət Rabitə
Administrasiyasının başçısı S.V.Krasnokutski,
Monqolustan Dövlət Elm və Texnologiya
Universitetinin rektoru, professor Bayanduren
Damdinsuren, M.Tınışpayev adına Qazaxıstan
Nəqliyyat və Kommunikasiya Akademiyasının
prezident-rektoru, professor A.K.Botabekov,
Moskva Rabitə və İnformatika Texniki
Universitetinin rektoru, professor A.S.Ajemov,
Beynəlxalq Elektrik Rabitə İttifaqının MDB
ölkələri şöbəsinin rəhbəri Orozobek Kayıkov və
başqaları professor Havar Məmmədovu təbrik etmiş
və ona yeni-yeni uğurlar arzulamışlar.
Müşfiq BORÇALI |