Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov sentyabrın 23-də Gürcüstana səfər
etmişdir. M.Mərdanov əvvəlcə ulu öndər Heydər
Əliyevin Tbilisidəki büstünü ziyarət etmiş,
abidə önünə əklil qoymuşdur.
Sonra Misir Mərdanov Gürcüstanın təhsil və elm
naziri Dmitri Şaşkinlə görüşmüşdür. Nazirlər
Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir
olunmuş Tbilisidəki M.F.Axundov adına 73 nömrəli
azərbaycandilli məktəbə gəlmiş, təmir işləri ilə
tanış olmuş, kollektivlə görüşmüşlər. Məktəbin
direktoru Salman Pirməmmədov təhsil ocağının
durumu ilə bağlı qonaqlara ətraflı məlumat
vermiş, daimi qayğı və diqqətə görə Azərbaycan
rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevaya müəllim və şagirdlər
adından təşəkkür etmişdir.
Sonra nazirlər Fondun dəstəyi ilə əsaslı təmir
olunmuş Qardabani şəhərindəki 3 nömrəli
azərbaycandilli məktəbdə kollektivlə
görüşmüşlər. Məktəbin direktoru Firdovsi
İskəndərov məktəb binasının əsaslı təmirinə görə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya təşəkkürünü bildirmişdir. Nazirlər
həmin gün Fondun dəstəyi ilə Dmanisi rayonunun
mərkəzində əsaslı təmir olunmuş 2 nömrəli
məktəbə də baş çəkmişlər.
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov demişdir: "Bu gün biz Heydər Əliyev
Fondunun dəstəyi ilə qonşu Gürcüstanda əsaslı
təmir olunmuş üç məktəbə baş çəkdik, müəllim və
şagird kollektivləri ilə görüşdük. Onlar belə
gözəl şəraitə və daimi qayğıya görə Azərbaycan
Respublikası rəhbərliyinə, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya
minnətdarlıq etdilər. Gürcüstanlı
soydaşlarımızın müasir tipli məktəblərdə təhsil
almaları üçün Azərbaycan rəhbərliyinin, Heydər
Əliyev Fondunun qayğı və diqqəti əvəzsizdir.
Əminəm ki, yüksək keyfiyyətlə təmir olunmuş,
müasir avadanlıqla təchiz edilmiş məktəblərin
kollektivləri bu qayğıya təhsildə yüksək
uğurlarla cavab verəcəklər".
Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin
Heydər Əliyev Fondunun xətti ilə Gürcüstanın
azərbaycandilli məktəblərində həyata keçirilən
"Təhsilə dəstək" layihəsini alqışlamış və belə
xeyirxahlığa görə Fondun kollektivinə, onun
prezidentinə təşəkkür etmişdir. Fondun icraçı
direktoru Anar Ələkbərov məktəblərin
kollektivlərini yeni dərs ilinin başlanması
münasibətilə təbrik etmiş, Mehriban xanım
Əliyevanın xoş arzularını yetirmişdir. O
vurğulamışdır: "Bu gün baş çəkdiyimiz hər üç
məktəbin təmiri Fondun "Təhsilə dəstək"
layihəsinin həyata keçirildiyi ən böyük
tədbirlərdəndir. Soydaşlarımızın yığcam
məskunlaşdıqları bölgələrdə reallaşan bu
qəbildən olan layihələr Azərbaycana başucalığı
gətirir. Biz gələcəkdə də digər tədbirlərlə
yanaşı, bu cür layihələri davam etdirəcəyik".
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru
David Kirkitadze bölgədə belə bir xeyirxah
layihənin gerçəkləşməsindən məmnunluq duyduğunu
söyləmiş, Azərbaycanın birinci xanımına
təşəkkürünü bildirmişdir.
Səfərdə azərbaycanlı qonaqları Gürcüstan
Prezidentinin müşaviri Mübariz Qarayev,
Gürcüstan Parlamentinin deputatı Azər
Süleymanov, Kvemo Kartli-Borçalı bölgəsinin
qubernatoru David Kirkitadze müşayiət etmişlər.
AzərTAc |