Azərbaycan Dillər Universitetində sentyabrın
23-də 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş
Ülvi Bünyadzadənin anadan olmasının 41 illiyi
münasibətilə anım mərasimi keçirildi. Mərasimdən
əvvəl universitetin müəllim-tələbə heyəti
Şəhidlər xiyabanını ziyarət edərək, şəhidin
məzarı önünə qərənfillər düzdülər. Tədbir ADU-da
şəhidin adını daşıyan muzey-lektoriyanın
qarşısında davam etdirildi. Öncə şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə ADU-nun elmi işlər üzrə prorektoru,
professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə
prorektor Ələddin Əliyev və Ülvinin atası Yusif
Bünyadzadə iştirak edirdilər. Tədbiri Tələbə
Gənclər Təşkilatı nəzdində " Ülvi" vətənpərvər
klubunun sədri, tərcümə fakültəsinin tələbəsi
Kamil Zeynalov açaraq Ülvinin şücaətindən
danışdı.
Mərasimdə çıxış edən ADU-nun elmi işlər üzrə
prorektoru, professor Dünyamin Yunusov
Azərbaycan xalqının azadlıq uğrunda apardığı
mübarizədə minlərlə oğul və qızımızın öz
canlarını fəda etmələrindən və onların şəhidlik
zirvəsinə ucaldıqlarından danışdı. Prorektor
bildirdi ki, Ülvi Bünyadzadənin əziz xatirəsi
daim xatirələrdə canlanacaq və qəhrəmanlığı
digərlərinə də nümunə olacaq.
Sonra çıxış edən fəlsəfə kafedrasının
professoru Məhəmməd Teymurlu Ülvi haqqında
xatirələrdən söhbət açdı. Şəhidin ADU-da
təhsil alan hər bir tələbənin cəsarət nümunəsinə
çevriləcəyindən danışan M.Teymurlu Ülvinin
qəlblərdə əbədi məşəl yandırdığını qeyd etdi.
Ülvinin qəhrəmanlığından, cəsarətindən
ADU-nun tələbələri də danışdılar. Filologiya
fakültəsinin 4-cü kurs tələbəsi Könül Yaqubova
Ülvinin onun üçün qürur mənbəyi olduğunu tədbir
iştirakçılarının diqqətinə çatdırdı: "Mən fəxr
edirəm ki, Ülvinin təhsil aldığı universitetdə
oxuyur, onun oturduğu auditoriyada dərs
keçirəm".
ADU-nun regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsinin 273-cü qrup tələbəsi
Əmir Hacılı və 359-cu qrup tələbəsi Aytən
Hüseynova Ülvinin əsgərlik xatirələrindəki
şeirlərini söylədilər.
Mərasimin sonunda Ülvinin atası Yusif
Bünyadzadə çıxış edərək oğlunun Vətənə olan
sevgisindən söz açdı. Azərbaycanın qəhrəman
oğullar yetişdirdiyinə toxunan Y.Bünyadzadə
Ülvinin göstərdiyi igidliyə görə fəxr etdiyini
dedi. O, universitetin rektoru, professor Səməd
Seyidova və tədbiri təşkil edənlərə öz
minnətdarlığını bildirdi.
Z.KAZIMOVA |